Su çərşənbəsini geridə qoyduq. Qarşıdan növbəti çərşənbələr gəlir. Bu gün içimə ilıq bir ümid dolduğunu hiss elədim. Canımdakı ağrıların üzümüzə gələn yazda tamamilə sovuşacağına və hər şeyin yaxşı olacağına inanmaq istədim, inandım. İçimə qəribə bir yüngüllük doldu, bütün arzuları, xəyalları gələcəklə bağlı olan məsud, xoşbəxt bir uşaq kimi hiss elədim özümü. Bu gündən qopub uşaqlığıma qayıtdım.
Anam birinci çərşənbədən evdə, həyət-bacada səliqə-sahman yaratmağa başlayardı. Atam neftçi idi, gününün çoxu dənizdə keçirdi, ev, həyət işləri anamın üzərinə düşürdü. Balaca həyətimizdə çoxlu toyuq-cücə saxlayırdı, toyuqların yumurtasını qohum-qonşuya satıb ailə büdcəsinə öz töhfəsini verirdi mənim zəhmətkeş anam. Səhərlər nə qədər tez oyansam da anamı yerində görməzdim, sübhün alatoranından oyanıb çaydanı qazın üstünə qoyar, hinə keçib toyuqları yemləyər, evi, həyəti süpürəndən sonra gəlib məni dümsükləyərdi ki, ay tənbəl, ay tənbəl, böyüyəndə də belə yatağan olsan, çörək atlı olacaq, sən piyada. Mən böyüyən vaxtlarda yatıb yuxuya qalanda həmişə deyərdi ki, ay bala, yatan öküzə yem yoxdur, dur get işinin dalınca. Onu heç vaxt xəstələnən, canından şikayətlənən görmədim. Çox vaxt kişi işlərində də atama kömək edərdi. Polad kimi möhkəm qadın idi. Atamın ölümündən sonra bir gün başımı qaldırıb anamın üzünə baxdım və diksindim: anam qocalmışdı. Atamdan sonra buz baltası kimi sağlam anam qəfil yatağa düşdü. Səkkiz ay yataq xəstəsi oldu. Və bir yaz günü də məni bu zalım dünyada təmtək qoyub atamın yanına getdi…
Atamdan sonra anamın varlığından güc alırdım. O dünyasını dəyişən gün elə bil bütün göylər üstümə uçdu. Bir kimsəm yox idi ki, başımı çiyninə qoyub ağlayım. Yaxşı ki, qələm vardı, bütün ağrı-acımı vərəqlərə tökürdüm, anama deyə bilmədiklərimi dilsiz kağıza pıçıldayırdım:
Gəldim, başdaşına qonan göyərçin
daşda itiləyib öz dimdiyini,
ruh mirzəsi təki qeydə alırdı
anayla balanın bu söhbətini.
Yuvası olanlar gözünü dikib
yuvasız ömrümün xarabasına.
Fələkdən başıma ağır daş düşüb,
hələ söz basıram daş yarasına.
Mənə bəxtəvərlik oxuyur dostlar,
onlar ki, kədəri, qəmi tanımır.
Mən öz qismətimlə barışdım artıq,
bəxtimsə hələ də məni tanımır.
Səssizcə soyuyur doğmalar məndən,
elə bil bu adda adam olmayıb.
Görənlər deyir ki, bu hələ sağdı?
Deyəsən, hələ də adam olmayıb...
Anamın səsini eşidirdim:
-Bu qədər zəiflik göstərmə, oğul,
həyat zəiflərin meydanı deyil.
Özün öz içindən yenidən doğul,
sənə bu zəiflik yaraşmayır, bil.
-Gecələr sönəndə evin çırağı,
mən öz ürəyimi asdım tavandan.
Çağırdım köməyə qələm-varağı,
Təklik qoy əl çəksin dedim, yaxamdan.
-Daha tək deyilsən, gileylənmə çox,
özünə heç nədən qəm yaratma sən.
evdə də yolunu gözləyənin var,
niyə şadlığına şitlik edirsən?
Payız havasıdır, soyuqlayarsan,
canın da bərk deyil, get evə, bala.
Nəbadə, bu gecə kənddə qalasan,
bu kəndin nəfsi də quduzdu, bala.
-Qoy bu siqareti çəkib qurtarım,
-bilmirsən siqaret sənə ziyandır?
-arabir çəkirəm, fikirm dağılır,
-canına qəsd etmə, oğul, amandır!
Şəhərə dönürəm, o, kənddə qalır,
məni xımır-xımır yeyir bu şəhər,
sonra birdəfəlik kəndə qaytarır,
anan tək qalmasın,-deyir bu şəhər...
Beləcə, anayla oğulun söhbəti davam edirdi.
Yenə yaz gəlir və mən anamı xatırlayıram. Su çərşənbəsindən biş-düş hazırlıqları başlayırdı. Bayram günlərinə lap az qalmış evimiz qız-gəlinlə dolub-daşırdı. Xalalarım, xalam qızları, gəlinlər bizə yığışardı, hərəsi bir işdə anama kömək edərdilər: biri yuxa yayırdı, biri şəkərbura bükürdü, biri naxış vururdu, biri paxlava hazırlayırdı. Arada mənə də sataşırdılar ki, bir az böyü, səni evləndirək, bizim də işimiz yüngülləşsin, ananın da. Deyirdim xeyir ola, gəlini tək işlədəcəksiniz? Bəlkə heç şəkərbura, paxlava bişirə bilmədi. Deyirdilər eləsini alarsan ki, iş bacaran olsun. Hər yaz gələndə o səsli-küylü, şux zarafatlarla dolu günləri, evimizdəki bayram ovqatını, otaqların hamısında yanan gur lampaları, anamın cücərtdiyi yaşıl səmənini xatırlayıram və darıxıram o məsud, bəxtiyar günlər üçün. Bu darıxmaq hissini heç nəylə ovutmaq mümkün deyil. Dünya o qədər gözəl idi ki, İlahi!
Gənc idim, içim dumduru idi, həyat eşqiylə dolu idim, atam-anam sağ idi. Qarşıda məni gözləyən ağrılarla-acılarla, itkilərlə, məhrumiyyətlərlə dolu illərdən xəbərsiz idim... Ömrün də yaz çağı idi. Bu gündən baxanda həmin günləri ömrün ən xoşbəxt günləri hesab edirəm. Amma çox təəssüf, insan həmin anlarda öz xoşbəxtliyindən xəbərsiz olur. Əli Kərimin məşhur misraları bu həqiqətin ən mükəmməl ifadəsidir:
Nə xoşbəxt imişəm bir zaman, Allah,
xəbərim olmayıb bu səadətdən...
Yenə yaz gəlir. Və mən xoşbəxt olmaq istəyirəm...


Bakı -°C
