08 Avqust 2024 12:47
447
ƏDƏBİYYAT

BƏS SƏN NƏ GÖZLƏYİRDİN? (hekayə)

“Parapet” deyilən meydançadan keçərkən gördüm onu.Tində dayanıb siqaret çəkirdi. Əynində köhnə dəbli “Yoluçnı parça”dan tikilən palto. Saçları səliqə ilə daranmış. Gözündə də çəhrayı şüşəli eynək (gün eynəyi deyildi amma). Onu haradasa görmüşdüm. Amma harada?- xatırlaya bilmədim. Aramızda 25-30 metrlik məsafə var idi...Baxışlarımı tutdu. O da özünü məni tanıyan kimi apardı.Yolun əks tərəfində idi. Görüşmək üçün ona tərəf addımladım. Yaxınlaşdıqca kimliyini xatırlamağa çalışırdım.Amma yenə xatırlaya bilmədim. Nəhayət gəlib ona çatdım.

 

-Salam- dedim.

 

Gülər üzlə -Salam- dedi.

 

-Necəsiniz? –Nə adını, nə də kimliyini heç cür xatırlaya bilmirdim.

 

-Sağ olun. Siz necəsiniz?

 

-Yaxşıyam- dedim.

 

-Neynirsiz? Buralarda xeyir ola? –Hiss etdim ki, o da məni əməlli tanımır.

 

-Xeyirdir- dedim –Bakıda işim var idi. İndi rayona qayıdacağam.

 

Rayon sözünü eşidib bir qədər canlanan kimi oldu. Diqqətlə gözlərimə baxdı. Nəyisə yadına salmaq istədi. Amma cəhdinin əbəs olduğunu hiss elədim.

 

-Oralarda nə var, nə yox?

 

-Hər şey qaydasındadir.

 

Siqaretini son dəfə sümürüb yerə atdı, kötüyünü çəkməsi ilə əzdi. -İndi nə işlə məşğulsuz? – yenə də diqqətlə üzümə baxıb soruşdu. -Müəllim işləyirəm- deyə cavab verdim.

 

Yenə də nəyisə xatırlamağa çalışdı.

 

-Bəs Siz nəylə məşğulsunuz?- Mən də onun kimi, deyəcəyi cavabdan onun kimliyini, onu haradan tanıdığımı öyrənmək istəyirdim.

 

-Bu yaşda neyləyəcəyəm?- gülümsədi- Təqaüddəyəm. Artıq neçə ildir...- Əlini cibinə salıb ucuz siqaret qutusunu çıxardı. Qutunun qapağını açıb mənə uzatdı.

 

Siqareti onun kimi yenicə çəkmişdim. Buna baxmayaraq onun mənə siqaret təklifindən imtina etmədim.

 

Siqaretin birini də özünə götürdü. Alışqanı ilə əvvəl mənim, sonra da öz siqaretini yandırdı.

 

Axı bu adam kim idi? Niyə yadıma sala bilmirdim? Mən onu tanıyırdım axı. Yaddaşımın qapısı kip ortülmüşdü. Köhnə olsa da səliqəli “yoluçnı palto”su, gözündəki çəhrayı şüşəli eynəyı, saçının düzümü...mənə o qədər tanış idi ki...

 

-Rayona nə vaxt yola düşəcəksiniz?

 

-Sizinlə görüşüb birbaşa Sədərəyə gedəçəm. Rayonumuza gedən miniavtobuslar Sədərəkdən yola düşür.

 

-Bəlkə gedək bir stəkan çay içək- Başının işarəsi ilə yaxınlıqdakı çayxananı göstərdi.

 

-Tələsməsəydim, məmnuniyyətlə gedərdim- Onun sözünü yerə salmağımdan sıxılan kimi oldum.

 

-Neçə ildir təqaüddəyəm...Heyf deyil iş... Evdə oturmaq olmur. Bu qutuların arasında- hündür mərtəbəli binanı göstərdi- adamı elə bil kəlbətinlə sıxırlar...Məcbur olursan küçəyə çıxırsan...Gözün bir dost-tanış axtarır...Dost-tanış da ki...

 

Sözünün ardını demədi.

 

-Elə hamı Sizin kimidir. –Elə bil təsəlli verirdim.

 

-Sən deyən dost-tanışım da yoxdur...Əvvəllər çox idi...Amma indi...Çoxları dönük çıxdı. Məni unutdular...İnsanlar çox vəfasız olub.

 

Susdu...Yenə diqqətlə mənə baxıb, zorakı gülümsədi: - Zəmanədi də...- dedi.

 

Mən də xala-xətrin qalmasın gülümsədim...

 

Məni şübhəsiz ki, tanımırdı. Amma özünü tanıyan bir adam kimi aparırdı. Hər ikimiz sanki rol oynayırdiq...Artıq oynadıgımız rol bitmək üzrə idi.

 

-Bəlkə evə gedək, bir stəkan çay içək.

 

Bu təklif tam rəsmiyyət xatirinə deyilmiş söz idi.

 

Mən də rəsmiyyət xatirinə:

 

-Təşəkkür edirəm- dedim- Atalar demiş, yolçu yolda gərək.

 

-Məndən hər kəsə salam deyin.

 

Kimlərə salam dediyini bilməsəm də -Oldu- dedim.

 

-Görüşməyimizə çox şad oldum- yenə də gülümsədi.

 

-Mən də.

 

-Sizə yaxşı yol.

 

-Sağ olun- deyib əlimi ona uzatdım.Və əl tutub ayrıldıq.

 

Sədərəyə çatana qədər elə hey bu adamı harada gördüyümü, onu haradan tanıdığımı yadıma salmağa çalışırdım..Elə bil gecə yarısı yuxudan oyanıb, yuxuda gördüyüm, fəqət yuxudan oyanmagımla unutduğum yuxumu yadıma salmağa çalışırdım.

 

Rayonumuza gedəcək miniavtobusda əyləşmişdim. Məndən və qarşı oturacaqda əyləşmiş iki qadından başqa miniavtobusda heç kəs yox idi. Fikirləşməkdən başım ağrıyırdı. Ciddi-cəhdlə gördüyüm o adamı yadıma salmağa çalışırdım. Xasiyyətimə bələd idim. Onun kim olduğunu yadıma salmayana qədər aram olmayacaqdım. Bir qədər də fikirləş...Yadına sal...

 

Və birdən-birə elə bil yaddaşımın qapıları taybatay açıldı. Ay...Ay...Ay... “Yoldaş katib”. Əlbəttə tanıdım. Mən onu axırıncı dəfə 35 il bundan əvvəl görmüşdüm.1987-ci ildə. Paltosu da o vaxt geydiyi palto idi. Axı o vaxt həmin “yoluçnı parça”dan tikilmiş paltolar dəbdəydi. Eynəyi də həmin eynəkdi. Saç düzümü də həmin sac düzümü. Sadəcə olaraq azca seyrəlmiş və ağarmış. Düzdü, illər öz işini ğörmüşdü: amma onun alnındakı dərinləşmiş qırışları, dərisi sallanan buxağı, gicgahlarında sonradan əmələ gəlmiş xırda, qara-sarı ləkələr mənim onu xatırlamağıma mane ola bilmədi...O vaxt, yəni 1986-cı ildə həmin bu “yoldaş katib”, qonşu rayonda raykomun I katibi işləyirdi. Mən də institutu yenicə bitirmişdim.Təyinatla məni həmin rayondakı məktəblərin birinə müəllim göndərmişdilər.

 

Bayaq o məni tanımadı. Şübhəsiz ki, tanıya da bilməzdi. Mənimlə bir dəfə də olsa üz-üzə gəlməmişdi, mənimlə bir dəfə də olsun kəlmə kəsməmişdi. Amma o vaxt raykomun I katibləri çox adamla qarşılaşırdılar axı. Çox adamlarla görüşürdülər. Bayaq məni görəndə də mənimlə haçansa görüşdüyünü, məni nə münasibətləsə tanıdıgını zənn etmişdi...

 

Mən həmin rayonda cəmi yeddi ay işləmişdim. İlk dəfə onu müəllimlərin avqust konfransında görmüşdüm.1986-cı ilin avqustunda. Həmin katib də rayona I katıb kimi yeni gəlmişdi (deyirdilər ki, hansı rayondasa aqrar idarənin rəisi imiş). Rəyasət heyətində, ortada, heykəl kimi əyləşmişdi. Bir nəfər təxminən 10-15 saniyə iclasa gecikmişdi (heç buna gecikmək də demək olmazdı, çünki salonda hələ də yerində əyləşməyən bir neçə adam var idi).Dediyim “yoldaş katib” (hamı ona belə xitab edirdi) iclası açıq elan etmək istəyən maarif müdirinin sözünü ağzında qoydu. Sərt səslə salona daxil olmuş adama:

 

-İclasa niyə gecikirsən?- deyə sərtləndi.

 

Həmin adam (sonradan bildim ki, ticarət şöbəsinin müdiri imiş) böyük bir günah üstündə yaxalanıbmış kimi müti səslə:

 

-Bağışlayın yoldaş...

 

“Yoldaş katib” onun sözünü bitirməyə heç imkan vermədi. Qəzəblə:

 

-Sən kimsən ki, iclas salonuna raykomun birinci katibindən sonra daxil olursan? Sən özünü nə hesab edirsən?

 

-Bağışlayın yoldaş katib. Bir də belə səhvə yol ver...

 

Katib ona yenə də danışmağa imkan vermədi:

 

-Utanmırsan?- Katib səsini qaldırdı və həmin əda ilə qarısında lal-dinməz dayanıb başını aşağı salmış ticarət şöbəsinin müdirinə- Tərbiyəsiz!!! –deyərək onu təhqir elədi. Sonra da stolun üstündəki qalın dəftəri hirslə kənara itələyib- sən öz vəzifənə layiq deyilsən- dedi (amma həmin ticarət şöbəsinin müdiri mən həmin rayondan gedənə qədər öz vəzifəsində işlədi)...

 

...Ömrümdə ilk dəfə idi ki, belə iyrənc səhnə ilə qarşılaşırdım...Bu dəqiqə bu salonda tək bir utanmaz, tərbiyəsiz adam var idisə, o da bu ədabaz katib idi. Bu qədər insanın içərisində başqa birisini təhqir edirdi. Bu hadisə mənə ağır təsir etmişdi (ruhunda sərbəstlik, hürriyyət olan hər kəs üşün katibin bu hərəkəti barbarlıq idi)...Düzdü, hər hansı bir tədbirə, iclasa gecikmək yaxşı hal deyil. Amma 10-15 saniyə gecikməyə görə (bəlkə üzürlü səbəbdən gecikmişdi) insanı belə təhqir edərlər? Bu insanlıqdan kənar hadisədir axı. Bu haqqı o katibə kim verib görəsən?

 

Həmin iclasdan 10-15 gün sonra rayonda pambıq mövsümü başladı.Məktəbliləri də pambıq yığımına cəlb etdilər. Hər gün mən də başqa müəllimlərlə birlikdə məktəblilərə nəzarətçi kimi pambığa gedirdim. Həmin günlərdən biri idi.Yandırıcı istidən nəfəs almaq olmurdu. Naharımızı edib sahənin kənarındakı söyüdlərin kölgəsində dincəlirdik. Bu vaxt torpaq yolda briqadirin sarı rəngli, ardıyca toz dumanı qaldıran “Jiquli”sinin sürətlə bizə tərəf gəldiyini gördük. Jiquli”nin bizə çatıb dayanması ilə, yekəpər briqadirin maşından özünü yerə atması bir oldu. Qan-tər içində olan briqadir həyəcanla, fövqaladə bir hadisə baş veribmiş kimi:

 

-Tez olun, qalxın, qalxın deyirəm sızə. Nə oturmusunuz?Kurorta gəlmisiniz?Tez olun, hamı sahələrə- deyərək qeyri-normal hərəkətlərlə o baş, bu başa qaçmağa başladı.

 

Heç nə başa düşmədən, az qala çıldırmış bu adama baxırdıq.

 

-Nə gözləyirsiniz? Nə baxırsınız?..Yoldaş katib kolxozumuza gəlməlidi...Bizim briqadaya da gələ bilər...Əgər sizi belə görsə...

 

Ötkəm təbiətli, dik danışan, cəsarətinə görə böyük hörmət etdiyim Əli müəllim:

 

-Katib bizi belə görsə bizə neyləyəcək ki?- dedi.

 

Əli müəllimin briqaqdirlə zarafatı da var idi, amma bu sözü tam ciddi şəkildə,özü də həm katibə, həm də briqadirə meydan oxuyurmuş kimi dedi.

 

-Sizə...Sizə heç nə. Müəllim adamsınız. Amma mənim başıma elə oyun açar ki, adım da yadımdan çıxar.

 

Məktəblilər könülsüz-könülsüz sahələrə keçdilər.

 

Həyəcandan yanaqları pörtmüş, toz qonmuş sir sifəti tər içərisində olan briqadir “Jiquli”sinə tərəf getdi. Maşına minməmişdən əvvəl Əli müəllimə:

 

-Əli müəllim, sən Allah,xahiş edirəm səndən, uşaqları sahədən çıxmağa qoyma...Tərs kimi mədəniyyət şöbəsinin işçiləri də mənim briqadama düşüblər. Onların da pambıq yığmaqla heç araları yox. İndi ora gedirəm- Səsini bir qədər azaldıb- Vallah, pambıq yığımında həm o mədəniyyət işçilərinin, həm də məktəblilərin xeyirlərindən çox zərərləri var. Əşi, tar kaman çalandan pambıq yığan olar? Ya bu uşaqlar olsun. Bunların kitab oxuyan, top qovan vaxtlarıdır- Nəsə naqolay danışdığının sanki indi fərqində oldu- Başqa mənada demirəm.Vallah, iki kolxozçu qadın bir gündə bu qədər uşağın yığdığından çox pambıq yığir. Kolda bir pambıq qılçası da qalmır. Baxın bu sahəyə-Briqadir uşaqların pambıq yığdığı sahəni göstərdi- Görün nə qədər quşbaşı qalıb? O quşbaşıların hamısı məhsulun itkisi deməkdir...

Briqadirə sakitcə qulaq asan Əli müəllim:

 

-Bunları mənə yox , o katibə deyinən-dedi.

 

-Kimə?-Briqadir təəccüb və qorxu ilə dilləndi- Katibə deyim? Deyirsən katib atamı yandırsın?...Nəsə...Mən mədəniyyət işçilərinə də dəyim, vəziyyəti onlara da başa salım. Sonra yenə bura qayıdacağam- deyib “Jiquli”sinə əyləşdi.Bir azdan qalın toz dumanın içərisində “Jiquli” gözdən itdi.

 

Həmin gün briqadir bir neçə dəfə bizim olduğumuz sahəyə gəldi. Şagirdləri axşam saat yeddiyə qədər sahədən çıxmağa qoymadı. Bir gözü də yolda. Amma həmin gün katıb biz olan sahəyə gəlmədi...Səhərisi briqadirdən öyrəndik ki, ümumiyyətlə, o gün katib heç kolxoza gəlməyib...

 

...Artıq miniavtobus Sədərəkdən yola düşmüşdü. Maşının salonunda tam sakitlikdi. Mən isə yenə də “yoldaş katıb”lə bağlı xatirələrə dalmışdım.

 

...Artıq pambıq mövsümü bitmişdi. İşlədiyim internat məktəbin yaxınlığındakı boş sahədə,1941-45 ci illər Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə böyük bir xatirə ansamblı inşa edirdilər. Məktəbin direktoru xəbər verdi ki, “yoldaş katib” tikintiyə baş çəkməyə gəlib, müəllimlər diqqətli olsun. Xüsusilə dərs arası zəng vaxtı. Çünki uşaqlar dərs arası fasilə zamanı tikinti obyektinə gedə bilərlər...Bu da “yoldaş katib”in qəzəbinə səbəb ola bilər. İkinci növbə idi. İkinci dərsdən sonra bir saat boş vaxtım var idi. Mən dəhlizin sonunda olan boş bir sinif otağına gəldim. Sinifin pəncərələrindən pərdələr asılmışdı. Pərdələrdən birini aralayıb tikinti meydançasına baxdım. “Yoldaş katib” bir kresloda əyləşmişdi. Əynində də həmin “yoluçnı palto”. Qarşısında da bir miz. Tikintiyə nəzarət edirdi guya. Ara vermədən siqaret şəkirdi.Fəhlələr də öz işində.Rayonun əksər idarə-müəssisə rəhbərləri bir qədər kənarda sıralanıb dayanmışdılar. “Yoldaş katib”dən 3-4 addım aralıda isə raykomun II katibi dayanmışdı. Bütün diqqəti də “yoldaş katib”dədir. Arada “yoldaş katib” əlinin işarəsi ilə onu yanına çağırır. Uzun boylu II katib də başındakı şlyapasını çıxarıb qaçaraq addımlarla ona yaxınlaşır, başını “yoldaş katib”ə sarı əyir. “Yoldaş katib” düz irəli baxa-baxa yarı əyilmiş II katibə nə isə göstəriş verir. Tapşırığını alan II katib cəld dikəlib əlindəki şlyapasnı başına qoyur və yenə də qaçaraq addımlarla bir qədər kənarda dayanmış idarə-müəssisə rəhbərlərinə tərəf qaçır, orada olanlardan birinə (yaxud bir neçəsinə) şəhadət barmağını tərpədə-tərpədə, hökmlə nəsə deyir. Və bu vəziyyət bir-neçə dəfə təkrar olunur...

 

Fikirləşirdim: Məgər “yoldaş katib” bu tapşırıqları əlaqədar adamlara özü deyə bilməz ki? Burada nə çətinlik var ki? İki addımlığında dayanıblar, çağır sözünü de, tapşırığını ver. Bu nə ədabazlıqdır axı?

 

Bəs bu II katibə nə olub?Adam başındakı şlyapasını neşə dəfə çıxarıb, təzədən başına qoyar? Bu nə mütilikdir belə?

 

“Yoldaş katib”in qarşısında yumağa dönürsən, nəfəsini belə çəkə bilmirsən, yaltaqlığın bütün növünü nümayiş etdirirsən, amma bir qədər aralıda dayanmış idarə, müəssisə rəhbərlərinin qarşısında şirə, pələngə dönürsən, barmağını silkələyə-silkələyə əmrlər, göstərişlər verirsən...

 

...”Yoldaş katib” yenə də barmağının işarəsi ilə II katibi yanına çağırır. Başının işarəsi ilə stolun üstündəki siqaret qutusunu ona göstərir, məlum olur ki, siqateti qurtarıb. II katib əlində tutduğu şlyapasını başına keçirib bu dəfə yüyürək addımlarla özünü “yoldaş katib”in maşınının yanına atır (“yoldaş katib”in xidməti avomobili mən olduğum sinif otağının lap yaxınlığında dayanmışdı) “QAZ-24”ün arxa qapısını açib, bədənini yarıya qədər maşının salonuna dürtür, oradan bir qutu “Malbro” siqareti gütürüb (demək “yoldaş katib”in bayaqdan ara vermədən çəkdiyi “Malbro” siqareti imiş. Malbro”da od qiymətinə) yenə də qaçaraq addımlarla “yoldaş katib”in yanına qayıdır, şlyapasını çıxarıb “Malbro”nu “yoldaş katib”in qarsısında olan mizin üstünə qoyur...

 

Zəng vurulur. Zəngin vurulmasıyla mənim üçün bu iyrənc tamaşa da bitir. Sinif otağından çıxıb müəllimlər otagına gəlirəm.

Əyləşdiyim mikroavtobusda yenə sakitlikdir. Sürücü yəqin ki, bu sakitlikdən darıxıb maqnitafonu yandırır.Türk musiqisi səslənir.

 

Mən yenə də “yoldaş katib”lə bağlı “xatirələrimə” dalıram. Daha doğrusu, onu axırıncı dəfə gördüyüm günü xatırlayıram. Bayaq xatırlatdım; mən rayona təyinatla gəlmişdim. Barak evlərin birində kirayədə qalırdım. Ev sahibi qoca bir qarı idi. Heç kəsi yox idi. 1941-ci ildə, təzə ailə qurduğu əri müharibəyə gedib döyüşlərdə həlak olmüşdu, heç qəbri də məlum deyildi. Barak evdə bir-neçə ailə yaşayırdı.Və bu barak binada qaz yox idi. Sakinlər qışda otaqlarını elektrik peçi, yaxud da odunla qızdırırdılar. Amma yaxınlıqdan qaz xəttı keçirdi. O qaz xəttini bir ildi çəkmişdilər. Sakinlər bu bir ildə müraciət etmədikləri idarə qalmamışdı. Amma bütün şikayətlər nəticəsiz qalmışdı. Mən də rayon qaz idarəsinə müraciət etdim. Amma dəqiq bir cavab ala bilmədim. Məcbur olub rayon partiya komitəsinə məktub yazdım. Şəxsən “yoldaş katib”in adına. 20 gündən sonra, elə “yoldaş katib”in imzası ilə mənə cavab gəldi ki, məktubunuzu almışıq. Nə bilim, yaxınlıqdan keçən qaz xətti başqa məqsədlərlə çəkilib, o xətdən sizin yaşadığınız binaya qaz çəkə bilmərik. Amma sizin məktubunuzu da nəzarətdə saxlayırıq və yaxın günlərdə müvafiq tədbirlər görəcəyik...Mən bu cavabı oxuyandan sonra bildim ki, bu məktubda yazılanlar quru sözdən başqa bir şey deyil. Çünki barak evdə yaşayan sakinlərdə bu məzmunda yazılmış, imzalı-möhürlu onlarla cavab məktubları görmüşdüm...Qərara gəldim ki, barak sakinlərinə bacardığım köməyi edim. O vaxt Bakıda çap olunan nüfuzlu qəzetlərdən birinə məktub yazdım. Barak evdə yaşayan sakinlərin qaz olmadığına görə neçə illər əziyyət çəkdiklərini ifadə elədim. Məktubu həm özüm, həm də sakinlərə imzalatdırdım. Sifarişli poçtla Bakıya- redaksiyaya göndərdim. Məktubu göndərdiyimdən bir-neçə gün keçərdi. Qış idi. İnternatda dərsdə idim.Direktor qapını açıb içəri girdi:

 

-Neyləmisən? –müəmmalı şəkildə məndən soruşdu.

 

Heç nə başa düşmədən mat-mat onun üzünə baxdım.

 

-Sabah saat 10 üçün yoldaş katib səni qəbuluna çağırıb. Nə məsələdi?

 

Nəsə səbəbini demədim.

 

Direktor da dərinə getmədi:

 

-Səhər üzünü tər-təmiz vur. Saçını da səliqəyə sal. Kostyum, qalustukunda ki, öz yerində. Səhər saat onun yarısında rayon partiya komitəsinin I katibinin qəbul otağında idim. Soyuqdan gəlmişdim deyə, içəridəki istilik ruhumu oxşayırdı. Qəbul otağında orta boylu şişman bir kişi var idi. Stolun üstünü qaydaya salır (onsuz da hər şey qaydasında idi), hərdənbir divara vurulmuş güzgünün qarşısına keçir, özünə nəzər salır, tez-tez pəncərədən bayıra boylanırdı. Mən paltomu aşağıda soyunmuşdum. İndi də qəbul otağında, şişman, orta boylu kişinin (sonra bildim ki,”yoldaş katib”in köməkçisidir) göstərdiyi stulların birində sakitcə əyləşmişdim. Köməkçi növbəti dəfə pəncərədən baxanda, hiss elədim ki, həyətdə, nəsə onu həyəcanlandıran bir hadisə baş verib. Qeyri-şüuri olaraq stolun üstündən bir dəst qəzeti götürüb (bir qədər əvvəl poçtolyon gətirmişdi) yenidən yerinə qoydu, pencəyinin ətəyini aşağı çəkdi, divardakı güzgünün önünə keçərək saçının qarşısına sığal çəkdi, qalstukunu sağa-sola dartdı. Sonra mənə baxdı. Elə bil mənim burda olduğumu indi gördü. Tələsik səslə:

 

-Yoldaş katıb gəlir...Sən ora keç, o otaqda gözlə- deyib, qarşı tərəfdəki yarıaçıq qapını göstərdi.

 

-Bəs məni qəbul etməyəcək? –Mənim bu sualım deyəsən köməkçini əsəbiləşdirdi. Üzü narazı, bir qədər də hirsli ifadə aldı. Hirslə:

 

-Yoldaş katibin min cür işi var, sənin kimi yüzlərlə adamın problemini həll edir...Sən...Nə isə...Çıx bayıra. O otaqda gözlə- deyib kürəyimdən məni bayıra itələdi. Özü də ardımca çıxaraq, qarşı tərəfdəki tam örtülməmiş qapını açıb, içəridəki sarışın, orta yaşlı qadına:

 

-Toma, qoy bu yoldaş hələlik sənin yanında qalsın- dedi. Mən Toma deylən qadının otağına keçdim. Köməkçi qapını kip bağlasa da, qapı yenidən cırıltılı səslə açılaraq əvvəlki yarıaçıq vəziyyətində qaldı. Mən qapını örtmək istəyəndə,Toma:

 

-Lazım deyil, onsuz da kip örtülməyəcək- dedi və bir az hündür səslə, qapının o biri tərəfində olan köməkçiyə- Todat müəllüm (nə qəribə adı var idi), qapı üçün usta nə vaxt gələcək- deyə səsləndi.

 

Amma qapının o biri tərəfindən cavab gəlmədi.Və mən bu vaxt, zal boyu döşənmiş daroşkanın üstü ilə yürüyən adamın boğuq addım səslərini eşitdim. Sonra köməkçinin həlim səsi gəldi:

 

-Salam, sabahınız xeyir, yoldaş katib.

 

Salamın cavabı olmadı.

 

Və bu vaxt mən, qapının nazik, açıq zolağından bir anlıq yoluçni palto geyinmiş, gözünə çəhrayı şüşəli eynək taxmış, saçı səliqə ilə daranmış “yoldaş katib”i gördüm (O, təbii ki, məni görmürdü).Katib irəli bir addım da atdı və görünməz oldu...Sonra hansısa qapının açılan səsi, sonra örtülməsi (heç şübhəsiz ki, bu “yoldaş katib”in kabinetinə açılan qapının səsi idi), sonra da tam sakitlik.

 

Mən yalnız indi Toma deyilən qadının otağına nəzər saldım. Mizin üstündə bir yazı makinası var idi. Makinanın sağ tərəfində üst-üstə yığılmış yazılı makina kağızları, kitab dolabında Leninin, Brejnevin rus və azərbaycan dilində olan kitabları. Divarda Qorbaçovun portreti...Digər, nisbətən kiçik mizin üstündə bir podnos, podnosun içərisində xrustal armudu stəkan, nəlbəki, içərisində novbənöv konfetlər, qənd olan iki qab, digər kiçik bir qabda limon dilimləri və bir çay qaşığı...Bu kiçik mizin yaxınlığında iri elektrik peçinin üstündə dəmdə olan bir çaynik və ahənğdar bir səslə cızıldayan qəfhədan...

 

Və bu vaxt Tomanın otağının yarıaçıq qapısı tam açıldı. Köməkçi idi. -Hazırdı?- Tomadan soruşdi.

 

Toma da:

 

-Kak vseqda- deyərək podnosa tərəf getdi.

 

-Hələ dayan- köməkçi bunu deyib podnos qoyulan mizə tərəf gəldi. Armudu stəkanı götürüb işığa tutdu, başını bulayıb narazı-narazı Tomaya baxaraq- çay dəsmalını bəri ver görüm- dedi.

 

-Təmizdi axı...

Köməkçi dolabı açıb oradan dörd qatlanmış çay dəsmalını götürdü, dəsmalı açıb armudu stəkanın içərisinə saldı və stəkanı çiddi-cəhdlə, həm də var gücü ilə elə silməyə başladı ki, dedim indicə stəkan yarı bölünəcək...İşini görüb yenidən stəkanı işığa tutdu və öz işindən razı qalan adamlar kimi Tomaya:

 

-Hə, indi çayı süzə bilərsən- dedi.

 

Toma (Tomanın əsl adı nə idi görəsən?) çayı süzdü. Köməkçi podnosu götürüb bayıra çıxmaq istəyəndə:

 

-Mən sizin otaqda gözləyə bilərəm?- dedim.

 

Köməkçi yenə də tərs-tərs mənə baxdı:

 

-Sən nə hövsələsiz adamsan?...-Nəsə yenə sərt söz demək istəsə də, fikrindən daşındı- Yaxşı, gəl qəbul otağında gözlə- dedi.

 

Onun ardınca Tomanın otağından çıxdım.

 

Köməkçi podnosu bir əlində tutub, o biri əli ilə katibin kabinetinin qapısını açdı.Birinci qapıdan təxminən 40 sm. aralı digər bir qapı da var idi. O ikinci qapı “yoldaş katib”in kabinetinə açılırdı.

Köməkçi ikinci qapını açmamışdan əvvəl birinci qapını bağladı.

 

Mən bayaqkı yerimdə əyləşdim.

 

Köməkçi iki dəqiqədən sonra bayıra çıxdı.

 

Mən elə fikirləşirdim ki, “yoldaş katib” içəri keçən kimi məni çağıracaq. Qəzetdən gələn məktubla bağlı mənə bir neçə sual verəcək, sonra da məsələnin həll olunması üçün lazımi yerlərə göstəriş verəcək. Amma hələ ki, gözlədiklərimin heç biri baş verməmişdi. Köməkçi də dinib danışmırdı...Telefon zənglərinə cavab verirdi. Cavabı da belə olurdu:

 

-Yoldaş katıb indi məşguldur... Yaxud:

 

-Yoldaş katib iclas keçirir... Yaxud da:

 

-Yoldaş katibin indi çox vacib işi var...

 

Mənə isə heç əhəmiyyət vermirdi...Nəhayət dilləndim:

 

-Məni nə vaxt qəbul edəcək?

 

Başını qarşısındakı qəzetdən qaldırıb:

 

-Kim?- dedi.

 

-Katib məni nə vaxt qəbul edəcək?

 

-Katib yox, yoldaş katib- Qeyzlə dilləndi.

 

Özümü ələ alıb (başqa çarəmmi var idi?) :

 

-Yoldaş katib məni nə vaxt qəbul edəcək- dedim.

 

Həmin qeyzli ifadə ilə:

 

-Mən bir söz deyə bilmərəm- dedi.

 

Bu da mənim cavabım.

 

Get-gedə hövsələm daralırdı. Axı “yoldaş katib” içəridə görəsən nə ilə məşğuldur? Bəlkə doğrudan içəridə vacib işi var? Bəlkə mən bilmirəm, görməmişəm, əvvəldən içəridə adamlar var imiş, indi “yoldaş katib” onlarla həqiqətən iclas keçirir?

 

Köməkçinin stolunun üstündə ağ və qara rəngli iki telefon var idi. Köməkçi bayaqdan qara rəngli telefonla danışırdı. Bu dəfə ağ rəngli telefondan iki qısa zəng səsi gəldi. Ağ telefonun səslənməsi ilə, köməkçinin quş kimi sıçrayıb ayağa qalxması bir oldu.Telefonu qulağına aparıb – Bəli-dedi. Bir an sonra mənə məlum oldu ki, bu daxili telefondur və köməkçi “yoldaş katib”lə danışır. Yoldaş katib”in bir kəlməlik sözündən sonra köməkçi –Baş üstə- deyərək telefonun dəstəyini ehmalca yerinə qoydu və bir quş cəldliyi ilə stolun arxasından çıxıb (o boyda bədən sahibinin belə “quş cəldliyi” mənə maraqlı və qeyri-adi gəlirdi), tələsik güzgünün qarşısına keçib saçına əl gəzdirdi, sonra həmin tələskənliklə pencəyinin ətəyini aşağı çəkib özlüyündə içəri keçməyinə tam əmin olandan sonra əvvəlcə “yoldaş katib”in kabinetinin birinci qapısını açdı, sonra da qapını bağladı və özü də görünməz oldu. Mən bir qədər rahatladım, çünki elə zənn elədim ki, “yoldaş katib” köməkçisini mənə görə çağırıb. Və köməkçi bir azdan içəridən çıxıb məni onun otağına dəvət edəcək. Daha bir an keçdi, qapı açıldı və...köməkçinin əlində, podnosda boş stəkan nəlbəkini görəndə sevinməyimin əbəs olduğunu bildim...Köməkçi yenə də həmin quş cəldliyi ilə (sanki ayağı yerə dəymirdi, havada uçurdu) Tomanın otağına getdi. Az keçməmiş pürrəngi çayla geri qayıtdı,”yoldaş katib”in kabinetinin birinci qapısını açdı, amma həmin birinci qapını bağlamaq istəyərkən, tələsdiyindənmi, həyəcandanmı (bəlkə də sevindiyindən) əlindəki podnos titrədi, çay dolu stəkan bir az yana sürüşdü və stəkandakı çayı dağıtmamaq üçün köməkçinin özü də müvazinətini itirdi, müvazinətini saxlamaq üçün qeyri-ixtiyari olaraq “yoldaş katib”in kabinetinə açılan ikinci qapının dəstəyindən yapışdı və birinci qapını bağlamamış ikinci qapı açıldı.Və mən bu zaman “yoldaş katib”i gördüm. Kreslosunda yanpörtü əyləşib siqaret çəkə-çəkə (stolun üstündəki siqaret qutusundan bildim ki, Malbro” çəkir) televizora baxırdı. Bu bir anlıq oldu. Köməkçi podnosdakı çay dolu stəkanın da, özünün də müvazinətini düzəltdi, sonra da birinci qapını ardıyca çəkib bağladı...Mənim “yoldaş katib”i görməyimi nə köməkçi, nə də “yoldaş katib” görmədilər. Heç köməkçinin müvazinətini itirməsini “yoldaş katib” də hiss etmədi.

 

Köməkçi otaqdan çıxıb yenə də öz stolunun arxasında əyləşdi.

 

...Təxminən yarım saata qədər keçdi. Son dərəcə darıxdırıcı yarım saat.

 

-Məni nə vaxt qəbul edəcək?- Özümü güclə ələ alaraq sakit səslə soruşdum.

 

-Kim?

 

-Yoldaş katib məni nə vaxt qəbul edəcək? –Səsimdəki qəzəbdən nə qədər əsəbləşdiyimi bilmirəm hiss etdi, ya yox, amma çox sakit tərzdə:

 

-Mən bir söz deyə bilmərəm- dedi.

 

...Divardakı saata baxdım. Düz 12 tamam idi.

 

...Köməkçi növbəti dəfə əlindəki podnosda boş stəkanla “yoldaş katib”in kabinetindən çıxarkən, mənə müraciətlə:

 

-Yoldaş katib bu gün çox yorulub. Ona görə də sizinlə görüşə bilməyəcək...Siz narahat olmayın...Münasib vaxt olanda sizi dəvət edəcəyik. İndi isə gedə bilərsiniz- dedi. Təyinatla bu rayona gəldiyimdən 7 ay sonra məni hərbi xidmətə çağırdılar. Hərbi xidmətimdən sonra öz rayonumuza qayıtdım və öz rayonumuzdakı məktəblərin birində müəllim kimi işə düzəldim.

 

...Düz 35 ildir ki, həmin “yoldaş katib”i görmürdüm. Demək olar ki, yadımdan çıxmışdı.35 ildən sonra, yəni bu gün, tamam təsadüf nəticəsində onunla görüşdüm. Qısa söhbət elədik. “İnsanlar mənə dönük çıxdı” deyir. Deyir ki, “insanlar çox vəfasız olub”. Sonra da unudulduğundan şikayətlənir...İndi yanımda olsaydı, keçmiş “yoldaş katib”dən bir söz soruşardım:

-Bəs sən nə gözləyirdin?

 

ETİBAR ƏBİLOV. NEFTÇALA.

22 oktyabr 2023-cü il