Yaddaşların 33 illik "Bala Tiflis" yarası, Quşçular qətliamı...
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/Fotoramio (9)jpg-1739172427.jpg)
“Qarabağı yaxşı tanıyan təcrübəli hərbçilər yaxşı bilir ki, o bölgədə 3 kənd olub və heç bir çıxılmaz vəziyyəti olmayıb. Yəni bu kəndlərə bütün giriş-çıxış yolları Xankəndinin və Əsgəranın içindən keçib gedirdi. Onların birincisi Malıbəyli kəndi idi, Xankəndinin 2 kilometrliyində yerləşirdi. Xocavənddən Xankəndinə getmək üçün bizim kəndin içindən keçməli getməli idin. Eyni zamanda, biz Xankəndidən Şuşaya, Ağdama getmək üçün mütləq Xankəndinin içərisindən geçməli idik. Bu üç kənddə müharibə 1990-cı ildə deyil, 1987-88-ci illərdən başlanmışdı. 90-cı illərdə camaat inanmırdı ki, vəziyyət bu həddə çata bilər. Camaat yığışıb tələb etdi ki, mən peşəkar hərbçi kimi öz kəndimdə qalıb, buranın müdafiəsini təşkil etməliyəm. Məcbur olub qaldım. Kəndin ətrafında səngər qazdırdım.
Postlar təşkil etdim. 10 gün sonra Tacəddin Mehdiyev Malıbəyliyə Şıxov batalyonunun 70 döyüşçüsünü göndərdi. Onları məktəbdə yerləşdirib, hər cür şərait yaratdıq. Amma təxminən 1992-ci il yanvarın ortalarında Mehdiyev əmr verdi ki, həmin döyüşçülər Şuşaya göndərilsin. Özü də o boyda nazir bunu mənə açıq mətnlə radiostansiya ilə məlumat vermişdi və təbii ki, bunu ermənilər də eşitmişdi. Etiraz etdim ki, bəs 3 kəndin əhalisi müdafiəsiz qalır, faydası olmadı. Məcbur olub bir dana kəsdirib məktəb binasında həmin 70 nəfərə yaxşı qonaqlıq verdim.
Sonra da dedim ki, inciməyin, silahlarınızı qoyun, sonra gedin, əks halda sizinlə atışmağa məcbur olacağıq. Onlardan bəziləri etiraz etsə də, ağsaqqalların da iştirakıyla 4 saatlıq danışıqdan sonra silahlarını qoyub getdilər. Bu minvalla fevralın 8-dək 7 erməni kəndinin mühasirəsində kəndlərimizi böyük çətinliklə qoruduq. 1992-ci il fevralın 8-dən 12-dək olan döyüşlərdə isə bizə heç bir kömək gəlmədi.”
.
İllər əvvəl Malıbəyli və Quşçular kəndlərinin necə və niyə işğal edildiyini, bunun baş verməmə variantı ola biləcəyi ilə bağlı sualıma polkovnik Azay Kərimova verdiyi cavabıdır.
11 fevral 1992-ci il… Bu tarix qarabağlıların faciə yaşadıqları və heç vaxt unutmayacaqları bir zaman kəsiyi, Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalı günüdür.
O tarixdən 33 il keçməsinə baxmayaraq həmin gün yaddaşlardan silinməyib. Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşən o cənnət məkan erməni və rus birləşmələri tərəfindən işğala məruz qalır, 30-dan çox azərbaycanlı öldürülür, 100-dən çoxu yaralanır və ya əsir götürülür. Polkovnikin dediyinə görə 6500-dən çox soydaşımız həmin gün yurdundan didərgin güşür.
Əlbəttə ermənidə bu qədər böyük cəsarət yox idi. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı olmasaydı....Malıbəyli Qarabağda ən qədim , eyni zamanda da ən inkişaf etmiş bir kənd olub. Araşdırmaçı və tarixçilər deyir ki, 1918-1920-ci illərdə Xankəndində 18 ev olanda Malıbəyli kəndində 350 ev var idi, ona “bala Tiflis” deyilərdi... Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində - 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırmış, kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisi də var idi.
Quşçular kəndi isə Şuşa rayonundan 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Quşçular çayı sahilində yerləşir. Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Xocalıya gedən yolda ermənilər üçün keçilməz bir sədd idi. Odur ki, erməni terrorçuları Xocalını işğal etmək üçün, ilk növbədə, Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər.
.
Hazırda Malıbəyli də , Quşçular da (Aşağı Quşçular və Yuxarı Quşçular ) kəndləri düşməndən 2023-cü ilin sentyabrında tamamilə azad edilib. Amma o işğal, o faciə, o soyqırım aktı nə adıgedən kəndlərin sakinlərinin, nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Çünki bu qətliamdan 13 gün əvvəl azğın düşmən Şuşa səmasında 44 soydaşımızın külünü göyə sovurdu. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı qətliamı, Ağdaban qətliamı və əsrin ən böyük faciələrindən biri Xocalı soyqırımı baş verdi.
Unutmadıq! Unutmayacağıq!
Əntiqə Rəşid