Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
Rusiya Federasiyasının ən böyük inzibati vahidi olan Saxa (Yakutiya) Respublikası Avrasiyanın şimal-şərqində, insan dözümünü sınağa çəkən sərt iqlimin və ucsuz-bucaqsız tayqaların qəlbində yerləşir. Sahəsi 3,1 milyon kvadrat kilometr olan bu ərazi, təkcə Rusiyanın beşdə bir hissəsini deyil, həm də bəşəriyyətin ən qədim türk köklərindən birini bağrında yaşadır. Bu rəqəmi daha anlaşıqlı etmək üçün deyə bilərik ki, Saxa təkbaşına Hindistan boyda bir ərazini əhatə edir. Bu ərazidə 700 mindən çox çay və çaylaq, 800 mindən çox irili-xırdalı göl var.
Yakutiya coğrafi baxımdan nəhəngdir. Şimal buzlu okeanının sahillərindən cənubdakı dağ silsilələrinə qədər uzanan bu torpaqların 40 faizi şimal qütb dairəsinin daxilindədir. Bu regionu unikal edən əsas cəhət onun tamamilə əbədi donmuş zonada yerləşməsidir. Bəzi yerlərdə torpağın donmuş təbəqəsinin dərinliyi 300-400 metrə çatır.
Burada iqlim kəskin kontinentaldır. Qışda termometrlər bəzi rayonlarda mənfi 70 dərəcəni göstərdiyi halda, yayda müsbət 35 dərəcə isti müşahidə olunur. Bu, yer üzündə temperatur fərqinin ən kəskin olduğu bölgələrdən biridir. Lena, Vilyuy və Aldan kimi nəhəng çaylar bu torpaqlara can verir, lakin infrastrukturun çətinliyi səbəbindən ərazinin 85 faizinə çıxış yalnız mövsümi nəqliyyatla mümkündür.
Saxa xalqı türk mənşəlidir. Onların mədəniyyəti köçəri türk sivilizasiyası ilə qütb sivilizasiyasının nadir bir sintezidir. Yazılı tarix 1632-ci ildə Lena çayı sahilində Yakutsk qalasının təməlinin qoyulması ilə yeni bir mərhələyə qədəm qoyub. Bu il eyni zamanda Yakutiyanın Rusiya dövlətinin tərkibinə daxil olması ili kimi qəbul edilir.
Sovet dövrü, xüsusilə 1922-ci ildə muxtar respublikanın yaradılması, regionun sənaye inkişafının əsasını qoydu. 1920-ci illərdə qızıl, 1950-ci illərdə isə almaz yataqlarının kəşfi Yakutiyanı dünyanın ən mühüm mineral-xammal bazalarından birinə çevirdi.
Hazırda Saxa Respublikası Rusiya iqtisadiyyatının sütunlarından biridir. Statistik göstəricilər heyrətamizdir:
Rusiya almazlarının 95 faizi, dünya almaz hasilatının isə 25 faizi məhz buradan əldə edilir.
Region qızıl hasilatına görə Rusiyada 3-cü yerdədir.
Kömür, təbii qaz, neft və gümüş yataqları regionu nəhəng bir enerji mərkəzinə çevirib. "Sibirin Gücü" qaz kəməri və digər magistral xətlər bu zənginliyi dünya bazarlarına daşıyır.
İqtisadi artım əhalinin rifahına da təsir edir. 2023-cü ildə respublikada milyonuncu sakinin doğulması rəsmən qeyd olundu. Bu, sərt şimal şəraitində demoqrafik inkişafın mühüm göstəricisidir.
Yakutların dini inanc sistemi olduqca rəngarəngdir. İqtisadi uğurlara rəğmən, saxa türkləri öz milli kimliklərini itirməyiblər. Onların mənəvi dünyasının əsasını "Alqıs" (xeyir-dua) ayini, "Toyluk" mahnıları və məşhur "Oxuoxay" dairəvi yallı rəqsi təşkil edir. Rəsmi olaraq əhalinin böyük hissəsi Ortodoks xristian hesab olunsa da, xalqın ruhunda qədim şamanizm və "Ayıı" inancı hələ də çox güclüdür. Onlar təbiətin ruhlarla dolu olduğuna, hər dağın, çayın və ağacın bir sahibi olduğuna inanırlar. Xüsusilə yay gündönümündə qeyd olunan "Isıax" (İşıq, İstilik) bayramı saxa türklərinin milli ruhunun, günəşə və təbiətə olan ehtiramının ən bariz nümunəsidi. Bu bayramda şaman ritualları, milli rəqslər və qımız içmə ənənəsi yaşamaqdadı.
Yakutların qəhrəmanlıq eposu olan "Olonxo", 2005-ci ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edilib. Milli musiqi aləti olan xomus (qopuz) isə saxa ruhunun səsidir. Hər il yay gündönümündə keçirilən "Isıax" (İşıx) bayramı xalqın günəşə və təbiətə olan ehtiramını nümayiş etdirən, Rusiyanın ən möhtəşəm milli festivallarından biridir.
Saxa Respublikası bu gün həm də elm mərkəzidir. Dünyada yeganə olan Merzlotovedeniye (Əbədi Donuşluq üzrə Elm) İnstitutu burada yerləşir. Regionun rəhbərliyi, xüsusilə Başçı Aysen Nikolayevin rəhbərliyi ilə Yakutiya fəal beynəlxalq fəaliyyət yürüdür. Çin, Qazaxıstan, Türkiyə, BƏƏ və digər ölkələrlə qurulan iqtisadi-ticari əlaqələr regionun ixrac potensialını artırır.
Turizm sahəsində isə "Lena Sütunları" (UNESCO irsi), "Brilyant turları" və "Qış Yakutiyadan başlayır" festivalı bu soyuq diyarı dünyanın hər yerindən gələn səyyahlar üçün cəlbedici edir.
Yakutların bu günkü həyatı həm də keçmişlə qurulan körpünü xatırladır. Sərt iqlim, uzun qış gecələri və təbiətin çətin şərtləri onların xarakterində səbir, dözüm və birliyə xüsusi önəm vermə kimi keyfiyyətlər formalaşdırıb. Yakutiya, türk dünyasının uzaq bir guşəsində yerləşsə də, tarixi kökləri, dili və mədəniyyəti ilə bu böyük ailənin ayrılmaz bir parçası olaraq varlığını davam etdirir.
Murad Köhnəqala
Digər Xəbərlər
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

