18 Noyabr 2024 12:08
1832
ƏDƏBİYYAT

YALAN 

(HEKAYƏ)

Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın əziz xatirəsinə ithaf edirəm.

Cəsarət Tümenə əsgərlikdən sonra getmişdi. Əvvəl anası razı olmamış, gözlərini silərək – Qal burada, lap get Bakıda işlə - demişdi. Bacına, qardaşına da dayaq olarsan. Bu gün-sabah  məktəbi bitirəcəklər. Onlara da yol göstərən,  kömək edən lazımdır. Bir də ki qərib diyarda yaşamaq asandı? Sən hələ özün balaca uşaqsan.

-Ana! – Cəsarət gülərək – sənə söz verirəm, işləyəcəyəm, halal zəhmətimlə qazanacağam, sizə də gün ağlayacağam.

Ana sonda:

-İşin avand olsun, yolun açıq olsun, bala. Allah özü sənə getdiyin yerdən ruzi-bərəkət  qismət eləsin.

Balalarını yetimçiliklə böyüdən Fəridə xala neçə il idi ki, bir qarnı ac, bir qarnı tox yaşayırdı. Özü də dinclik bilmədən... Təki uşaqlarını bir yana çıxara bisin. Gah pambıq yığır, gah yun əyirib xalça-palaz toxuyub satır, tərəvəz əkir, toyuq-cücə bəsləyirdi. Sakit, həlim xasiyyətli, namuslu-ismətli qadın idi. Kənddə hamı onun xətir-hörmətini saxlayırdı.

Düz bir ildən sonra ana məzuniyyətdən qayıdan oğlunu qucaqlayanda özünü dünyanın xoşbəxti hesab etmişdi. Cəsarət həm anasına və həm də qardaş-bacısına qiymətli hədiyyələr, pal-paltar almışdı. Üstəlik anasına  bir qədər pul da vermişdi. Ana pulu alanda az qalmışdı özündən getsin. Bunu hiss edən Cəsarət:

-Ana, mən neft buruqlarında işləyirəm. Neft çıxarmaq üçün quyular qazırıq. Tümendə ən çox neftçilər qazanırlar. Gələn dəfə bundan da çox gətirəcəyəm. Orda qayda belədir, iş stajın, təcrübən artdıqca maaşın da yüksəlir.

- Oğul, Allah səni bizə çox görməsin, Allah ruzini başından töksün -  desə də kövrəldiyini gizlədə bilməmişdi.

Cəsarət bir müddət kənddə qalmış, qohum-qonşularla, dostlarla görüşmüşdü. Hər gün ya sinif yoldaşı Nurullagilə gedər, ya da Nurulla onlara gələrdi. Cavanlar bir-birinə elə isinişmişdilər ki...

Cəsarət Tümenə getməyə iki gün qalmış axşam darvazanın ağzında Nurullanın səsi eşidildi, atası ilə gəlmişdi. Qonaqlara çay süfrəsi açıldı. Onlar xeyli söhbət etdilər. Nəhayət, Nurullanın atası Sədulla mətləb üstünə gəldi:

-Cəsarət, oğlum, göz dəyməsin, Nurulla ilə qardaş kimisən. Yad eldə, özgə millətlərin arasında  tək yaşamaq yəqin ki, elə də asan deyil. Bəlkə, qardaşını da – Nurullanı da özünlə apararsan. Bir-birinizə dayaq olarsınız, kömək olarsınız. Anana da de, icazə versə...

Cəsarətin üzünün ifadəsindən onun sevindiyi hiss olunurdu:

-Anama deyərəm, icazə də verər. Amma niyə Nurulla mənə özü deməyib? Axı biz dostuq.

Sədulla:

-Siz dost deyil, lap qardaşsınız. Amma belə işlərə gərək böyüklər xeyir-dua versin. Cəsarət anasını çağırıb Nurullanın onunla Tümenə işləməyə getmək istədiyini bildirdi.

- Bıy başınıza dönüm, nə gözəl. Allah sizi bir-birinizdən ayırmasın. Ruziniz bol olsun. Sağ-salamat gedin, işləyin, çörəyinizi qazanın.

Sədulla kişi də ayağa qalxıb Cəsarəti qucaqladı.

Cəsarət həmin axşam çox xoşbəxt idi. Sinif yoldaşı, uşaqlıq dostu ilə birlikdə Tümenə getmək, bir yerdə yaşamaq, işləmək onun xəyallarını qanadlandırırdı. Artıq iki gün sonra dostlar bir yerdə Tümenə uçub, oradan da neft şəhəri Nijnevartovsk şəhərinə getdilər. Cəsarət Nurullanı işlədiyi neft idarəsində qazma briqadasına işə düzəltdi, onu yaşadığı yataqxanaya, özü də öz otağına yerləşdirdi.

Günlər həftələri, həftələr ayları əvəz edirdi. Dostlar işə can yandırır, yaxşı qazanır, həm özlərinin maddi ehtiyaclarını ödəyir, həm də müəyyən qədər evlərinə göndərirdilər. Hər şey çox yaxşı idi. Boş vaxtlarında istirahət edir, uşaqlıq xatirələrindən danışır, şirin-şirin xəyallar qururdular. Xain, nankor qonşularımızın torpaq iddiası, ölkədə hərc-mərclik, Sovet imperiyasının ikiüzlü siyasəti çox xəyalları, arzuları, ümidləri puç elədi.

Əbədi-əzəli müqəddəs torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin, kökü-soyu bilinməyən  erməni faşistləri  tərəfindən, onların ağalarının dəstəyi ilə, işğal olunmasına, Azərbaycan vətəndaşları ilə birlikdə vətəndən kənarda yaşayan qeyrətli soydaşlarımız da heç cürə barışa bilmirdilər.

Dostlar hər gün Azərbaycanla əlaqə saxlayır, mərkəzi mətbuatın, televiziyanın xəbərlərini həyəcanla izləyirdilər. İlk vaxtlar onlar Moskvanın ədalətli qərar verəcəyinə inansalar da Sovet imperiyasının Bakıda törətdiyi Qanlı Yanvar faciəsi bu inamı məhv etdi. Xaos, qarmaqarışıqlıq, günahsız insanların qanının tökülməsi, yurddaşlarımızın hər gün neçə-neçə şəhid verməsi, düşmənin gündən-günə azğınlaşması Cəsarəti hövsələdən çıxarır, onu darıxdırırdı.  Azərbaycandan kənarda olduğuna görə için-için göynəyirdi.

Bir gün Cəsarət Nurullaya dedi:

-Daha bəsdir, qardaş. Mən qayıdıram Azərbaycana. Yeni yaradılan ordumuzun güclənməsi üçün kadrlar lazımdır. Avtomatdan, pulemyotdan sərrast atəş açmağı bacarıram. Vətənimizin dar günüdür, onun bizə, ananın balaya ehtiyacı olduğu kimi, ehtiyacı var.

-Nə danışırsan, işimizi-gücümüzü ataq, hər şeyə son qoyaq? Bir də ki dava bizdən nə qədər uzaqda gedir.

Bizdən deyəndə, nə başa düşək.

-Kəndimizdən deyirəm.

Cəsarət özünü saxlaya bilmədi:

-Ayıb olsun. Səndən bu cavabı gözləməzdim. Məgər işğal olunan hər el-oba, hər kənd, hər qəsəbə, dağ-dərə bizim deyilmi? Şəhid olanlar bizim qardaşımız, bacımız deyilmi? Özün bilərsən, işin avand olsun. Mən sabah uçuram.

Cəsarətin qəfil, xəbərsiz gəlişi Fəridə xalanı çaşdırmışdı. O, əvvəlcə gözlərinə inamadı, özünə gəlib oğlunu qucaqladı:

-Boyuna qurban olum, nə yaxşı gəldin... Bəs niyə xəbər eləməmisən?

Cəsarət susdu, üzünü yana çevirib cavab vermədi.

Yeməkdən sonra Cəsarət özünü toplayıb gəlişinin məqsədini bildirdi.

Ana  gözlərinin yaşını silərək:

-Mənim ağıllı balam, qeyrətinə qurban olum. Bilirəm, atanın oğlusan. O da sənin kimi el qeyrəti çəkən idi. Desəm, getmə, müharibədi, ölüm-itimdi, min yolla məni dilə tutub yola gətirəcəksən. Bir halda getmək istəyirsən, Allah səni qorusun. Tezliklə kafirləri yurdumuzdan qovub qələbə ilə qayıdarsınız. Allah düşmənin qolunu-qanadını qırsın, arzuları ürəklərində qalsın.

Cəsarətin yurdumuzun dar günündə qayıtması, Nurullanın isə Tümendə qalması kənddə yeni bir söz-söhbətin mövzusu oldu. Hamı Cəsarəti tərifləyir, atası Səxavətə rəhmət diləyirdi. Nurulla haqqında isə bir nəfər də olsun xoş söz demirdi.

Cəsarətin könüllü olaraq orduya yazılması, birbaşa döyüş bölgəsinə getməsi xəbərini eşidən Sədulla kişi narahat idi. O, ürəyində oğluna haqq qazandırsa da el qınağından çəkinirdi. Buna görə də Nurulla ilə danışanda yarıkönül:

-Gərək sən də qayıdaydın... Bir halda ki bir yerdə getmişdiniz, bir yerdə də dönəydiniz. Utandığımdan camaat  arasına da çıxa bilmirəm.

Sədulla atasına and içdi ki soyuqlayıb, həkim ciyərində ciddi problem olduğunu bildirib, gərək ən azı iki il özünü gözləyəsən, deyib.

Ata oğlun sözünün yalanmı, doğrumu olduğunu dəqiq ayırd edə bilməsə də ona inanmaq istədi.

Cəsarət qısa müddətdə əsgər dostlarının hörmətini qazandı. O, boylu-buxunlu, düz qamətli, çevik olmaqla yanaşı, həm də dürüstlüyü, mehribanlığı ilə seçilirdi. Onda hər şey təbii idi. Bir də silahların dilini yaxşı bilirdi, lazım gəldikdə dostlarının suallarına cavab  verir, onları başa salırdı.

Cəsarətgilin hərbi hissəsi bir sıra döyüşlərdə düşmənə öz sözünü demiş, onlara qan uddurmuş, bir neçə yaşayış məntəqəmizi azad etmişdilər. Hətta o dövrün qəzetlərində də bu haqda məqalələr dərc edilmişdi. Ana xəbərləri eşidir, oğluyla fəxr edir, gecə-gündüz Allaha dua edirdi ki, müharibə tez qurtarsın, Cəsarət geri qayıtsın.

O balasından vaxtaşırı məlumat alır, bununla təsəlli tapırdı. Amma bir müddətdən sonra Cəsarətdən doğru-dürüst xəbər gəlmədi. Ana bərk darıxır, ağlına min fikir gəlir, yerə-göyə sığmırdı. Gündə uydurma bir xəbər gəlirdi. Gah deyirdilər, döyüş tapşırığını yerinə yetirəndə altı əsgər yoldaşı ilə birlikdə həlak olub, düşmənlər meyitlərini götürüblər, kimsə də xəbər çıxarmışdı ki, ermənilər onları mühasirəyə salıb, tutub aparıblar, sonra da daxili orqanlarını çıxarıb satıblar. Ana qəm-kədər içərisində eşitdiyi xəbərlərə dözür, amma ümidini bircə an da olsa da itirmirdi.

Artıq bir neçə ay idi ki, Cəsarətdən heç bir xəbər yox idi. Bunu Nurulla da bilir, nəsə xəyalən məkrli planlar qururdu.

Bir gün o atası ilə telefonla danışanda:

-Ata, sənə bir söz deyəcəyəm. Amma bunu heç kimə demə, aramızda sirr olaraq qalsın. Necə olsa da yoldaş olmuşuq, çörək kəsmişik. Srağagün Cəsarət gəlmişdi. Əşyalarını götürüb getdi. Dedi ki, Nurulla, bezmişdim, qaçdım, canımı qurtardım. Amma mənim bura gəldiyimi heç kim bilməsin.

-Başın xarab olub, ağzının dediyini qulaqların eşidir?

-Mənə inanmırsan, özün bilərsən. Amma yenə deyirəm,  bu xəbəri heç kim bilməsin.

Sədulla kişi oğlu ilə danışandan sonra fikirli-fikirli düşünməyə başladı. Amma heç iki saat keçməmiş “sirr”i arvadı Gülnisəyə açdı və tapşırdı ki bu xəbəri heç kim bilməməlidir.

Üç gün keçməmiş, əvvəl arvadların pıçapıçları, sonra da kişilərin çayxana söhbətləri  fəxr etdikləri  könüllü İgid Cəsarətin fərari Qorxaq Cəsarət olduğunu “təsdiq”lədi.

Xəbər Fəridə xalaya çatanda özünü saxlaya bilmədi:

-Əgər Cəsarət Səxavətin oğludursa, mənim döşümdən süd əmibsə heç vaxt fərari ola bilməz. Bu xəbəri çıxaranları isə Allaha tapşırıram.

İllər keçdi. Beynənxalq təşkilatların, BMT-nin, ATƏT-in qətnamələri, Qərbin aparıcı dövlətlərinin yalançı vədləri Qarabağ məsələsinin ədalətli həllində heç bir irəliləyişə kömək etmədi.  Atəşkəs elan olunsa da qarşı tərəf vaxtaşırı sabitliyi pozur, məsələnin öz xeyirlərinə sənədləşdirmək üçün məqam axtarırdılar.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qətiyyətli hücumu nəticəsində möhtəşəm qələbə qazandı, düşmən məğlub oldu. Torpaqlarımız işğaldan azad olundu, Şuşamız, Laçınımız, Kəlbəcərimiz və neçə-neçə  başqa şəhərlərimiz, kəndlərimiz əzəli əbədi sahiblərinə qayıtdı.

Xalqımız fərəh içərisində idi. Fəridə xala da sevinirdi, böyük zəfərdən  sonra Cəsarət haqqında dəqiq məlumatın olacağına inanırdı. Ananın ən böyük arzusu oğlu haqqında,  xəbərin necə olmasından asılı olmayaraq, dəqiq xəbəri bilmək idi. Düzdür bir müddət əvvəl anadan DNT testi götürülmüşdü, lakin heç bir yenilik yox idi.

Bir gün sübh tezdən o darvazanın döyüldüyünü:

-Fəridə xala, ay Fəridə xala! - səsini eşitdi.

Gələnlər,  hərbi geimli 2 nəfər və kəndin icra nümayəndəsi Taleh müəllim idi.

-Xala, özünüzü toxtaq tutun. Bir azdan Cəsarəti gətirəcəklər. Torpaqlarımızın müdafiəsi zamanı qəhrəmanlıqla həlak olmuş şəhidimizin nəşinin qalıqları əsasında kimliyi müəyyən edilib. Onu kənd qəbiristanlığında dəfn edəcəyik. Fəridə xala ikinci oğlu Məharətin körpəsini bərk-bərk qucaqlayaraq:

-Mən həmişə özümü toxtaq tutmuşam -Göz yaşları sel kimi axdı- bu günü də çox gözləmişəm. Fəxr edirəm ki, oğlum qəhrəmandır, şəhid olub, fərari deyil. Vətən üçün canından keçən oğluma qurban olum.

Şəhid Cəsarətin möhtəşəm dəfn mərasimi keçirildi. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon rəhbərləri, kənd sakinləri iştirak edirdilər. Çıxış edənlər Vətənin çətin günündə öz işini-gücünü, rahatlığını atıb döyüşə yollanan, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Cəsarət kimi oğulların ölmədiklərini, qəlblərə köçərək əbədiyaşar olduqlarını bildirdilər.

Tabut üzərindəki Üçrəngli Azərbaycan Bayrağı Fəridə xalaya təqdim olundu. Ana bayrağı  böyük məhəbbətlə öpdü, üzünə, gözlərinə sürtdü. Sanki oğlunun nəfəsini, qoxusunu duyurdu. Fəxrlə, qürurla camaata baxdı, amma heç nə demədi. Onun baxışlarından, susmağından nələr oxunmurdu...

Həmin gün elə bil kənd daha da işıqlı oldu, gümrahlaşdı, sanki camaat daha da mehriban oldu. Cəsarət şəhidliyi ilə doğulduğu kəndin əzəmətini daha da yüksəltdi. Adamlar Fəridə xalaya ehtiramlarını bildirmək üçün can atır, hətta bəziləri Cəsarət haqqında yayılmış yalan məlumata inadıqlarına görə xəcalət hissi keçirirdilər.

Ertəsi gün səhər açılar-açılmaz kəndə qıy düşdü:

-Sədulla kişi qəbiristanlıqda Cəsarətin məzarının yaxınlıqda yıxılaraq ölüb...

 Kənd bir-birinə dəydi. Həkimin rəyi isə belə oldu;

 -  Bərk qorxu-həyəcan hissi keçirib, infarktdan vəfat edib.

Natiq Tümendəki böyük qardaşı Nurullayla danışıb atalarının ölməsi xəbərini ona çatdırdı.

Kənd camaatı Sədulla kişini günortaya yaxın dəfn etdilər. Dəfndən sonra Natiq qohum-qonşu ilə birlikdə adətə uyğun mərhumun üç mərasiminə hazırlaşmağa başladılar.

Axşam saat 5 radələrində Natiqə zəng gəldi. Telefonda Nurullanın arvadının qəhərli səsi eşidildi:

-Qardaşşş, başımıza daş düşdü, evimiz yıxıldı. Nurullanın ürəyi partladı. Evdən çıxanda, elə qapının ağzındaca özündən getdi. Həkim gəldi, müayinə edib dedi ki, keçinib...

Telefondan gələn ağlaşma səsi daha da güclənirdi.

Coşqun  XƏLİLOĞLU  AYB-nin üzvü

01-08.11.2024.