Yaşadığım gerçəklik... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1670 | 2023-11-02 14:44

Vərəqlənən yaddaşın MƏNZƏRƏSİ

Bir  anlıq  tariximizlə  yenidən üz-üzə, necə  deyərlər  baş-başa  dayanıram...Olmuşları  və  olanları  xatırlayır...gözdən . yadda.dan  keçirirəm...Və Q"ƏLƏBƏ,ZƏFƏR və ÖZÜNÜ  DÜNYAYA Bəyan etmək, tanıtmaq  nöqtəsinə  gəlib  çatıram... Və...

2020-ci ilin sentyabr ayının 27-nə qədər  keçdiyim 30 illik ömür yolu anbaan yaddaşımda təzələnməyə, gözlərimizin önündə canlanmağa başladı. Elə bil ki, o illərin, o günlərin hər biri canlı həmsöhbət oldu mənimlə. Üz-üzə, göz-gözə dayanıb həm mənimlə danışdı, həm də mənə göstərdi... Necə olub? Nələr olub? Və bir də bunlar mənim və çevrəmin həyatımda hansı izlər qoyub, keçib gedibdi.

Bəli, bu xatırlamalar təkcə təmasda olduğum adamların mənə söylədiklərinin işığında, eləcə də mətbuatdan, radio və televiziyanın ekranından, efirindən oxuduqlarımın, dinlədiklərimin təsiri ilə yenidən yaşananlardır. İnanın ki, bu söylədiklərim bir söz adamının xəyalının, arzularının, yuxularının səsindən daha çox reallığın özüdür. Və mən də həmin reallığın içərisində bir daha gördüm və inandım ki, insan yaddaşı yazılı bir kitabdır. Onu hər hansı bir təsirdən, hər hansı bir hadisədən, hətta sevinc və kədərdən də vərəqləmək, oxumaq mümkündür. Əgər vərəqləyib oxuyursansa, deməli, səndə bir azcıq duyğusallıq olarsa,mütləq xatırladığım məqamlara dönəcəksən, onları təkrar yaşayacaqsan.

Burda bir məqam da var. O da xatırladığını, təkrar yaşadığını qiymətləndirmək, saf-çürük etmək, doğrusunu, əyrisini anlayıb qiymətləndirməkdir. Bax, bu söylədiklərimin işığında mən 1988-ci ilin fevralından bu ilin noyabr ayının 10-a qədər yaşadığım ömrün qaranlıqlarına da baş vurmuşam, nurlu anlarına da. Onda görmüşəm ki, Xankəndində işləməyə göndərilmək üçün mənə xeyir-dua verən, mənə yol göstərən dəyərli ağsaqqalımız, həmin illərdə Füzuli rayonuna rəhbərlik edən Aslan Mehdiyev necə ümidli idi. Erməninin qarşısına əliyalın çıxır, sərhəd kəndlərində səhərlərini açır. Həmin məqamda düşmən mənim üçün heç kim idi. Sözün həqiqi mənasında müharibənin ilk illərində biz düşmənin qarşısına daşla, əl ağacıyla çıxırdıq, İnanmırdıq ki, sovet hökumətinin hansısa bir guşəsində ermənilər, ümumiyyətlə, kimsə bu cür qudurğanlıq edər. Üstəlik, Xankəndində baş verənlər, komendant saatının tətbiqi, sovet ordusunun bölgədə yerləşdirilməsi məndə belə bir ümid işığı yandırmışdı ki, qısa zamanda hər şey bitəcək, erməni terrorçuları, erməni saqqallıları, erməni şovinistləri qanun qarşısında cavab verəcəklər. Amma...

Zaman göstərdi ki, mən xeyli yanılmışam. Sovet hökumətinə ümid olub Qarabağı, ata yurdumu, doğulduğum ocağı itirmişəm. 1993-cü ildə Füzulinin işğalına sayılı günlər qaldığı bir zamanda rayona rəhbərlik Nəbi Muxtarova tapşırıldı. Məhz həmin andan sonra rusların köməyi ilə Füzulini işğal edən ermənilərin hücumlarının sayı daha da artdı. Füzulilər məcbur olub Araz çayına üz tutdular. Beləcə, başladı füzulilərin köçkün həyatı. Biz hamımız o dövrün sıxıntılarını təkcə yurdsuz adamlar kimi yox, həm də çiynində ləkə olan Allah bəndələri kimi yaşadıq. Əslində bu yaşamaq deyildi. O yaşantı neçə-neçə soydaşımızı vaxtsız-vədəsiz əlimzidən aldı. Onların arasında könül dostum Vahid Əlifoğlu da vardı. O Vahid ki, hər dəfə görüşəndə özünün məşhur şeirlərindən birində dediyi misranı təkrarlayırdım:

Qaldı Məlikməmməd, qaldı quyuda...

Hə, biz quyuda qalsaq da, xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi altında həyatımız yenidən qurulmağa başladı. Yavaş-yavaş çadır qəsəblərədən fin evlərinə köç yolu salındı. Bax, həmin zamanda Füzuliyə rəhbərlik edən Nəbi Muxtarov da öz həmyerlilərinə çörək vermək üçün Füzulinin işğaldan azad olunmuş ərazilərində, eləcə də Haramı düzündə taxıl əkininə başladı. Evlərimizdən, ailələrimizdən çörək növbəsində durmaq kimi sıxıntılı anlar ayağını çəkdi. Ümumiyyətlə, Nəbi müəllimin işlədiyi 17 il ərzində yeni qəsəbələr, şəhərciklər salındı. 70 min nəfərdən artıq  füzulili öz torpağına qayıtdı, əkin-biçinlə məşğul oldu, təsərrüfat qurdu...

Hamıya məlum olan bu gerçəkliyi mənə yenidən yaşadan, yenidən xatırladan Nəbi müəllimin telekanallardakı çıxışı oldu. Onun məntiqli şəkildə sualları cavablandırması, hər kəsin halal haqqını xatırlatması, eyni zamanda, bizi Füzulimizə, bütövlükdə Qarabağımıza qovuşduran, ərazi bütövlüyümüzü bərpa edən Ali Baş Komandanımızın rəşadətinə, cəsarətinə layiqli qiymət vermək fikrini səsləndirməsi şəxsən məndə bir fəxarət hissi yaratdı. Çünki arxada qalan illərin hardan başlayıb harda qurtarması bu Qələbəyə gələn yol idi. Həmin yolu da bizdən öndə gedən Azərbaycan prezidenti cənab İlham Əliyev olmuşdu. Deməli, bizi zəfərə aparan Komandanımız bizim hər birimizdən daha çox Qarabağ üçün, Azərbaycan üçün çalışıb, gecəsini gündüzünə qatıb və bu Qələbəni təmin edibdi. Qələbənin müəllifi olan Ali Baş Komandanımıza Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təkilifini dilə gətirən, onu həm mətbuatda, həm efirdə söyləyən Nəbi müəllim bizim hər birimizin daxilində olan istəyi həm açıq şəkildə, həm də məntiqli şəkildə bütün xalqımıza çatdırdı. Düşünürəm ki, onun çağırışı mütləq eşidiləcəkdir, onun müraciəti dəyərləndiriləcəkdir!

... Bəli, mən Qarabağ savaşının, köçkünlüyün nə olduğunu çox gözəl bilirəm. Çünki bütün bunlar

ömrümün 30 ilidir. Əslində dəqiq ifadə etsəm, 32 ildir bu! Bu illərimin sonunu sevincə qovuşduran, içimdə öləziyən ümid işığını yenidən alovlandıran Ali Baş Komandanımıza layiq olduğu ən yüksək adların verilməsini təklif edən ağsaqqal dostlarıma, Nəbi müəllimə, həmçinin digər ziyalılarımıza mən də qoşuluram. Sadəcə, bir vətəndaş kimi mən də səsvermə olarsa, hər iki əlimi qaldırmağa hazıram!..

TƏQVİM / ARXİV