Yaşamağa və ölməyə VƏTƏN yaxşı - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
118 | 2024-11-28 14:52

 İndi  heç kimi təəccübləndirmək mümkün deyil..Ona  görə ki, hər  gün yollardayıq...Bütöv  Vətənin yollarında.... Ağdama, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Zəngilana, Qubadlıya, Laçına Ağdərəyə, Kəlbəcərə, Xocalıya, Şuşaya, Xankəndinə  getdiyimiz  yoldu bu yol! Və biz bu yolu artıq qalib kimi gedirik... torpağın sahibi kimi gedirik. Və hələ neçə illər bundan öncə xalq şairi böyük Bəxtiyar Vahabzadə ilə söhbətlərimin birində mənə dediyi kimi, “Bu, böyük Qayıdışın yoludu”. Bəxtiyar müəllim mənə ürək-dirək verirmiş kimi onu da dedi ki, “Darıxma, Türkün özünə dönüşü var. Bizim də böyük dönüşümüz olacaq. Bu, böyük Qayıdış kimi düşəcək tariximizə”.

Xalq şairimizin bu fəhmi indi çin olur, indi gerçəkləşir. Və mən bu gerçəkləşən qayıdışın bir sıra nəfəri kimi özümü xoşbəxtlərin sırasında görürəm. Çünki “ölməyə vətən yaxşı” deyənlər elə-belə adamlar olmayıb. Onların istəyinin mahiyyəti indi bəlli olur mənə. Yadıma dünyasını dəyişmək ərəfəsində atamın dediyi söz də düşür. “Allah möhlət verə, gedib kəndimdə öləm!”. Mən bu arzunun fərqinə indi daha çox varıram. İndi anlayıram ki, atam Allahdan elə-belə ömür istəmirmiş, kəndini görmək üçün möhlət istəyirmiş. Təəəssüf ki, bu günü görmək, qələbə xəbərlərini eşitmək dünyasını dəyişən insanlarımıza nəsib olmadı. Amma ruh ki, yaşayır. İnanıram ki, indi o ruhlar Qarabağdadı, səngərləri keçib gediblər. Orda qarşılayırlar əsgərlərimizi... orda qarşılayırlar igidlərimizi.

Bəli, bu gün  daha "DQMV"  yoxdu! Gedib cəhənnəmin dibinə!!! Oradan isə  dönüş  mümkünsüzdü! Bu gün AZAD  QARABAĞ  VAR!!! Bu  gün XANKƏNDİNDƏ  dalğalanan AZƏRBAYCAN BAYRAĞI  VAR!!! o bayrağı qaldıran DƏMİR  YUMRUQ  VAR!!!

...Hə, şükür ki, yolum Tuğadı... Şükür ki, içimdə sıralanan ümidlər əsgərlərimizə qoşulub məndən öndə idilər.. Və bir də mən artıq dəfələrlə yazıb təkrarladığım bir nisgili indi içimdən qovmaq gücündəyəm. Çünki   “Ehtiyacım  elçi daşı” kitabımda yazmışdım ki:

 

Ana qucağından

isti yer

körpə qığıltısından

həzin musiqi

varmı dünyada ?!.

 

Ana – ana torpaq

övlad əsgər.

Başını söykədiyin

sinəyə

sevgini göstər...

 

Ağrısını

süd kimi əm

Və  Allahın eşidə biləcəyi

səslə içində  pıçılda -

 

Qəmin kəm, Ana,

Qəmin kəm

torpaq,

qəmin kəm...

 

İndi  torpağımız da, analarımız da, övladlarımız da, özümüz də qəmdən qurtulmuşuq. Bu gün bir-birimizə gözaydınlığı veririk. Və bu gün biz həm də darıxdığımız torpağı çiynimizə qaldırmışıq. Çünki onun 30 il yad tapdağında qalmasına dözmüşük... Və  qisasımızı  qanımızla alıb onu çiynimizə qaldırmışıq ki, bir daha yad ayaq dəyməsin, yad nəfəs toxunmasın. İnşallah, belə də olacaq! Və biz bir-birimizə bundan sonra bir andla müraciət edəcəyik. Yəni sözümüzü, fikrimizi isbat üçün “TORPAQ HAQQI!” – deyib and içəcəyik.. Çünki bundan gözəl and yoxdu dünyada. Mən də o andla sizə deyirəm:

- Torpaq haqqı, sizi Tuğda gözləyəcəm!

TƏQVİM / ARXİV