05 Noyabr 2024 16:19
2164
ƏDƏBİYYAT

Yaz ovqatında payız essesi: İradə Tuncayın portreti

Dilarə ADİLGİL
 

...Yazıçı-publisist, "Ədalət" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti İradə Məmməd qızı İbrahimova (Tuncay) 9 noyabr 1959-cu ildə Bakıda anadan olub. ADU-nun jurnalistika fakültəsindən məzun olan İradə Tuncay 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının "Gənclik və ədəbi dram" baş redaksiyasında redaktor kimi işə başlayıb. 2002-ci ildən "Speys" televiziyasında şöbə müdiri kimi fəaliyyətini davam etdirərək, 6 sənədli filmin ssenari müəllifi və rejissoru olub. Mətbu orqanlarında yüzlərlə məqaləsi və müsahibəsi dərc edilib. "Media açarı", "Cəfər Cabbarlı" və başqa mükafatlar qazanıb. 2015-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb. Bütün bunları və daha nələri beləcə sadalamaq İradə Tuncay haqqında hələ tutarlı nəsə demək deyil. Çünki Aqil Abbasın deyimincə: "Onun dünyaya da, ədəbiyyata da, sənətə də, tarixi şəxsiyyətlərə də öz baxışı var..." Bəli, burada bir az dayanaq. Baxışdan əlavə, İradə xanımın yaradıcı potensialı, subyektə obyektiv münasibəti, istedadı, novatorluğu, estetik görüşləri oxucunu "satın alır". İradə Tuncayın bədii zövqü estetik zövqünün bir parçası olub, deyərdim, formalaşmış bir hadisədir. Uşaqlığını "divanın küncündə büzüşüb kitab oxumaqla" keçirən İradə sahib olduğu bədii zövqü "güclü mütaliəsi, unikal yaddaşı" hesabına əldə edib (Qiraət introvertlərin nəsibidir). Rus dilini mükəmməl bilməsi, "tarixçi beyni" də bu istiqamətdə əhəmiyyətli məqamlardandır.

"Bir içim insan" silsiləsindən dəyərli filmlər yaratmış İ.Tuncay 2006-cı ildən "Ədalət"çilərə başçılıq edir. Öz tribunasını, yerini burada təsdiqləyən yeni baş redaktor bu qəzeti daha da irəli aparıb, özünün idarəçilik qabiliyyətini də ortaya qoyub.

İradə xanım Xalq şairi Məmməd Arazın qızı, tanınmış yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır. Lakin soyadında heç biri görünmür. İradə kimi geniş yayılmış ada Tuncay kimi müasir təxəllüs əlavə edib İradələrin içindən və mediada seçilmək də onun önəmli orijinallığıdır. Belə bir fikir də var ki, yaradıcı şəxsin adı "qışqırmalıdır" ki, onu eşitsinlər. Yəqin bunu bilməmiş deyil İradə xanım... Odur ki: "Mən Aqil Abbas və Məmməd Araz suallarından bezmişəm. Zəhmət çəkin, mənim özümlə maraqlanın. Mənimlə söhbət etmək çətindir!"

Amma yetişdiyi mühitin həyatına vurduğu möhürü də danmır İradə xanım: "Kürəyində yüklə" doğulub. Atasının "qələmini götürüb" yoluna davam edir. "İradə Tuncay hikmətinin bir mənbəyi də Məmməd Araz fəlsəfi dünyasıdır" (M.Sərdarova). "Bunun qüruru ilə bərabər, sıxıntıları da" yaşayır. Müdriklər deyir ki, qadın üç məsələdə yarımalıdır: atasından, müəllimindən, həyat yoldaşından. Bu nəzəriyyənin şəxsən İradə xanımın timsalında kənardan necə göründüyünə baxmayaraq, əslində qlobal olan bu məsələlərə münasibət, cavab yazıçı xanımın yaradıcılığından dönə-dönə keçir. İradə xanım bütün parametrləri - seçdiyi mövzuları, tərzi, düşüncələri, zövqü ilə mənə məhrəm olan qələm adamıdır. "Bütün gəzdiyim yad şəhərlərdə üzüaşağı gedib də, dənizlə qarşılaşacağımı güman edirəm", - deyir o. Təsəvvür edirsiniz, məndə də belə olur. Onun yazdıqlarını oxuyanda bəzən şəkkə düşürəm ki, bəlkə, bunu mən yazmışam?! Yəni o qədər düşüncələrimlə üst-üstə düşür...

Mən, əsasən, həyatda olmayanlar haqqında yazıram. Ancaq "Ədəbiyyat tarixi"nin Vlll cildi üçün İradə Tuncaydan oçerk yazmaq təklifi alanda məmnuniyyətlə razılaşdım, hətta sevindim də. Necə deyərlər, qəlb öz oxşarına meyl edər. Bu meyl məsafədən də hiss olunduğuna görə İradə xanım haqqında yazmaq mənə həvalə olunmuşdu. Neçənci dəfədir müşahidə edirəm, kimin haqqında yazırsansa, yazı tərzin də ona bənzəyir. O qədər mətnin içinə girirsən, aludə olursan ki, istər-istəməz "yolun" da o tərəfə dönür.

Beləliklə, oçerkin rəsmi hissəsindən geridə qalanlar və ya özüm üçün yazdıqlarım...

Yazıçı-publisist İradə Tuncayın yaradıcılığı ilə yaxından tanış olanda çaşıb qaldım. Çətin olmayacağını, bu oçerkin çoxdan içimdə yazıldığını düşünmüşdüm. Amma təxminimin tamam əksi ilə qarşılaşdım. Hansısa bir yazının üstündə belə əziyyət çəkdiyim birinci dəfə idi. Hər cümlədə dayanırdım. Geri qayıdırdım, təkrar oxuyurdum. Ona görə yox ki, başa düşmürdüm... Ona görə ki, öyrənirdim, dərk etməyə çalışırdım, təəccüblənirdim, kəşf edirdim, təsir arealından çıxa bilmirdim...

Onun "Yol"u birinci cümləsindən final "akkorduna" qədər əsl qadın romanıdır. İradə xanım çox nəsnələrə kişi nəzəri ilə baxdığını, kişi təfəkkürünə sahib olduğunu iddia etsə də, mən onun yaradıcılığını sırf qadın fikrinin və qələminin məhsulu hesab edirəm.

 İ.Tuncay özünə istinadən "gecikmiş tale yaşayan", qismətə inanıb da, təsadüflərə inanmayan, praqmatik, tarixi gözəl bilən, heç bir halda özünü tapdalayıb keçə bilməyən, özünün senzurası olan, mistikaya meyilli, təqvimdəki yox, "könlündəki bayramı" qəbul edib ona sevinən çox maraqlı şəxsiyyətdir. Onun yaradıcılığı hazırlıqlı, erudisiyalı, intuisiyalı auditoriya üçündür.

İlk kitabı olan "Sarı odalar" modernizmin nümayəndəsi, feminizmin "anası" sayılan Virciniya Vulfu, onun "Onun özünə aid bir otaq" memuarını yada salır. V.Vulfun qadın yazar, esselər müəllifi kimi tanınması, jurnalistlik fəaliyyəti, lirik proza ustası kimi məşhurlaşması, bədii eksperimentə meyilliliyi, avtobioqrafik janrı, qadın və ədəbiyyatla bağlı mövzuları İ.Tuncayla bir bənzərlik yaradır. Əslində, qadın yazıçılar dünyanın harasından olmalarına baxmayaraq, oxşardırlar. Kitabın adının Sezen Aksunun məşhur "Sarı odalar" mahnısından su içdiyini güman etmək çətin deyil. Başqaları qınamasın deyə müəllif özü hamıdan qabaq deyir onun ermənipərəst olduğunu. Dinlədiyini də gizlətmir...

Kitabdakı "Ön söz"ün müəllifi Məzahir Əhmədoğlu İ.Tuncayın "publisistikanın ən cazibədar və modern sistemini yaradan və quran orijinal bir publisist" olduğunu vurğulayır. Tənqidçi V.Yusifli İ.Tuncayın yaradıcılığına yüksək qiymət verərək, onun "Sarı odalar"da hətta özünü də ötüb keçdiyini" önə çıxarır. Sarı olaraq kodlanan bu "odalar" roman adlansa da, ayrı-ayrı başlıqlar altında qruplaşdırılmış məqalələr məcmuəsidir ki, hər birinin də haqqında danışmağa, diqqət etməyə dəyər.

"Portret" silsiləsinə daxil etdiyi, "Seçilmiş" adlanan ilk ithaf Ümummilli liderimiz Heydər Əliyevə həsr olunub: "Hökmdarlar da dövlətin rəmzidir. Bizim heç zaman Atilla, Çingiz xan, Sultan Süleymanımız olmayıb... Xalq içində qalan hissləri yönəldəcək şəxs axtarışındaydı və tapdı - Heydər Əliyev!"

"Sarı odalar"ın portretlər qalereyasında Mustafa Kamalı, İndira Qandini, Con Kennedini, Elçibəyi... də görürük. Müəllifin təbirincə, bu kitabdakıları "İradə Tuncayın ruhu bir araya gətirir".

Öz yaradıcılığında müəyyən bir mərhələyə keçid hesab etdiyi "Yol romanı" İ.Tuncayın təlatümlü iç dünyasının təzahürüdür; dərin, zəngin, dolğun, poetik. Əgər "Sarı odalar" publisistika ilə bədiiyyat arasında gedib-gəlirdisə, "Yol romanı" xalis bədii əsərdir. Müəllif əsərini sadəcə "Yol" da adlandıra bilərdi. Lakin roman adı verməklə janrını müəyyən edib mübahisə üçün yer qoymur. "Yol romanı" bir səyahətnamədir. Yazıçı bundan əvvəl də, "Sarı odalar"da bir səyyah təsiri oyada bilmişdi. "Yol" bir müəllif monoloqudur, onun özüylə danışmasıdır. Düşüncələrin səsi, monoloqu... Bir də... romandırsa, bütün kanonlar gözlənilməlidir. Proloqu, süjeti, fabulası, kuliminasiya, final...

Ondan başlayaq ki, səyahətnamə çox qədim ədəbi janr olub hər cür improvizəyə tabedir. Janrın sərbəstliyi, imkanlarının genişliyi, məzmunun hüdudsuzluğu onu oxucu üçün cazibəli və maraqlı edir. Hələ orta məktəb kitablarımızdan tanıdığımız Radişşevin dünyaca məşhur "Peterburqdan Moskvaya səyahət" povesti, Puşkinin "Ərzuruma səyahət"i, İlf və Petrovun "Birmərtəbəli Amerika" yol qeydləri, özümüzdən İsmayıl bəy Qutqaşınlının Məkkə səfərinə həsr etdiyi "Səfərnamə"si, Mehdi Hüseynin "Bir ay və bir gün" - Türkiyə xatirələri, Mir Cəlalın "Parisdə görüş", İmran Qasımovun "Fransız qobeleni", "İtalyan mozaikası", Həsən Seyidbəylinin "20 gün Amerikada", "15 gün Yaponiyada" əsərləri xatirə ədəbiyyatının gözəl nümunələridir. Səyahətnamə və ya səfərnamə "dar və ya geniş coğrafiyada səyyahın gəzib gördüyü yerlər haqqındakı müşahidələrini qələmə aldığı" epik janrdır. "Yol romanı"na dörd yazı daxildir. Yazıçı kitaba dördüncünün adını verib. Vurğun Əyyuba həsr etdiyi hissənin. Romanın qəhrəmanı odur. Amma yol hamısından keçir.

İradə xanım bir nağılçıdır: qəhrəmanlar az gedirlər, üz gedirlər, dərə-təpə düz gedirlər, Tiflisdən vurub Kıprısdan çıxırlar, qədim Kolxida sayılan Batumda Qara dənizi bir həftə "xoşbəxt edirlər". Dörd ölkənin sərhədindən keçən qəhrəmanlarımız İrandan Naxçıvana, oradan da təhkiyəçinin çox vaxt elə "Nobel ödülçüsü" deyib adını çəkmədiyi Orxan Pamukun "mistik çalarlarla" təsvir etdiyi Şəhri-Qarsa transfer edirlər. Elə bil Qars yazıçı üçün O.Pamukla assosiasiya olunur. "Yol" boyu xatırlayır... "Hüznlü şəhərdi Qars. Zatən Nobel ödülçüsünün təsvirində də belədi".

"Yol" - yol haqqında romandır. Yol haqqında çox yazılıb. İstər dünya ədəbiyyatında, elə özümüzdə də "Yol" adında neçə roman var. Amma yollar bənzəməz bir-birinə. Biz İ.Tuncayın "Yol"unu tutub gedirik. Gəlin "sizi aparım" deyir. "Öz yolumla". Gedirik... Karsın "Kar"lı yollarından keçib Çıldıra çatırıq. Sonra... "Gürcüstan sərhəddinə, ordan da yaşıl çay vadiləri ilə Tiflisə". Yol boyu da oxucu ilə dərdləşir, məsləhətləşir, hesablaşır: "Bax, belə olsunmu?"

"Anasını ağladan" "Yol"dan yorulan müəllif "görən, mən niyə şeir yaza bilmirəm? Şeir bəzən böyük bir romanın ağırlığını daşıyır", - deyə təəssüflənir də. "Roman ağır janrdı"... (Razıyam, çox ağır). Amma şeir də asan deyil. Hər ikisini yazdıran şəraitdi. "İstanbul şeir yazdırır, Ankara isə roman" deyirlər. İradə xanım da bunu bilir. Həm də ciddi demir ki - yorğunluqdan deyir. Əslində isə "millətin 99 faizinin şeir yazdığı bir dövrdə bir misra da yazmağa cəhd etmədim"də onun sözləridir. "Qadınlardan böyük şair ola bilməz" subyektiv fikri də elə bizim romançı xanıma məxsusdur (Deyəsən, poeziya yaralı yeridi qəhrəmanımızın). Eyni zamanda publisistika onda "şeir kimi yaranır, yazılır"da. Bu da artıq gendən gələn bir məsələdir. "Roman" sözünün özü də çoxmənalıdı. Məsələn, roman dilləri... Ağır romanlar da olur, baş tutmayan, heç vaxt baş tutmayacaq "romanlar" da. "Yol" həm də səyahətnamədir, türklər demiş, "gezi yazısı". Gezi yazısı "yazıldıqları dönəmi əks etdirən aynadır", - deyirlər. İ.Tuncay yazır: "Şərti olaraq yol qeydlərim olan bu kitabda düşüncələrim yer alıb: İran-Naxçıvan-Türkiyə-Gürcüstan səfərinin yol qeydləri". Yazıçının kitabına verdiyi annotasiya belədir. Bu yerlərin özəllikləri, tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, arxitekturası, təbiəti, iqlimi, həyat tərzi müəllifin səsli düşüncələrində əsl traveloq kimi detallı təsvirlərlə oxucuya çatdırılır. Necə deyərlər, yolçuluq ilə ədəbiyyat bir-birinə sarılır. Bu cür əsərlər "şeir dadında gəzi yazısı", ahəngdar poetik əsər adlanır ("Onun məqalələri də elə əslində, şeir kimidi" -A.Abbas). Müəllif gəzməklə kifayətlənmir, gördüyünü araşdırır da. Bu, həm də İradə xanımın həyatının romanıdır, "içinə gedən yoldur". "Yollar bir yumaqdır, uzun, dolaşıq". 2012-ci ildə İ.Tuncay ömür baqajını yığıb "uzun, incə" bir "Yol"a çıxır. Yükü də sözdür. "İnsan varsa yol da var"... Heç fikir verməmişdim "yol"un bu qədər məna daşımağına, çaları olduğuna. "Yola düşürük, yola gedirik, yol tapırıq, yoldan çıxırıq, yola veririk"... Yol uzanır, qısalır, kəsişir, çətinləşir. "Yol romanı" bir növ hesabatdır. Müəllifin özünə, ətrafına, cəmiyyətə hesabatı. Yaşadıqları, xatirələri... İradə xatirələrinin qədrini bilir, onları harda gəldi unutmur, səliqə ilə bir yerə toplayır və savadını, bir ömür qazandığı biliklərini də üstünə qoyub "ürəyinin romanını yazır" və oxucunun ixtiyarına verir. Yazmaq da dua etmək kimidir. Ya, dua etmək yazmaq kimi? İkisi də ilhamladır.

Adətən, insanlar keçmişin həsrəti, gələcəyin nagahanlığı ilə yaşayıb bu günü qaçırırlar. Amma İradə Tuncay xaric... İradə xanım bu gününün dadını çıxarır, keçmişi unutmur, gələcəyi görməzdən gəlmir, amma indisini doya-doya yaşayır. "Həyat necə də gözəl kədərlidi"... kimi. Bugünündən xoşu gəlir, razıdır. İndi istədiyi, arzuladığı adamdır, özünü görmək istədiyi yerdədir. Yəni... Aşağı-yuxarı. Nəhayət, özü öz dostu ola bilib. "Özümdən-özümə yol... Bir ömür xərclədim bunun üçün... Bir gün həyatım dəyişdi bütün mənalarda. Düzənim, günümün axarı dəyişdi. Boş şeymiş deyəndə ki, bəlli bir yaşdan sonra insan heç nəyi dəyişə bilməz. Əksinə, insan hər zaman dəyişimlər özləmi ilə yaşayır".

Birinci yazı "Woman in love" adlanır. Mən "Qadın və Kişi" qoyardım. Əsas qəhrəmanlar onlardır. "Ağ saçlı sürücü və sarısaçlı qadın"... "Verib baş-başa görüşdü yollar, gəlib üz-üzə görüşdü onlar"... Sonra gəlir ikinci dərəcəli rollar, epizodlar. Dialoqlar mahnı ilə müşayiət olunur. İradə xanımın tərcihi: "Aşiq olmuş qadın" (İnsan öz tərcihlərindən ibarətdir). "Dünyada dialoqdan gözəl heç nə yoxdu". Dialoqlar fikri qüvvətləndirmək, mənanı açmaq üçündür. Dialoq lirikadır. O deyir, bu deyir... Sakit, emosiyasız. Astagəl, uzun pauzalı klassik fransız filmləri yada düşür (İradə xanımın xoşuna gəlməlidi bu bənzəyiş. O, daha çox "Oralar"a aiddir). Mən İradə xanımı bir "baxışdan" anlayıram, bir sözdən, atmacadan. Tapmacalarını da tapıram. "Öldüyü bir il deyil, büstü qoyulan" aktrisa - Sofiko Çiaurelidi. "Və arada Vurğun Əyyubun Baş konsuldan hansı ildə oxuduğunu sorması nəzərimdən qaçmır. Kimsə də fərqində olmur amma. Sualın niyə verildiyini anlayıram, əlbət". Bəli, İradə xanım, testin tətbiqini deyirsiniz yəqin. "Elvin" adının haradan gəldiyini də tapdım. Əsər tam yadımdadı, adından başqa. İki qardaş olurlar, birini almanlar öz tərəflərinə çəkir, o biri Sovetdə qalır. Əsərdə bir qəhvəyi rəng xətti də keçir... "Dağ çəkən təpə" Lələtəpədir, məncə, aprel də 2016-nın apreli. 4 gündən 44 günə gedən yol. İradə xanım parolla yazmağı, oxucunu düşündürməyi sevir. Bu nə isə yeni priyomdur. Növbəti tapmacanız, madam?

Səyahət kəşfdir... Həm də özünükəşf! İnsan var olduqca kəşf edir, ən birinci elə özünü. O da belə deyir: "Kəşf elədim özümü - hər dəliliyi, çılğınlığı edə bilərəmmiş" (Nahaqdan ekssentrik demirəm ki). "Səyahət üçün etdiyin yatırım, özün üçün etdiyin ən yaxşı yatırımdır", - deyirlər.

Yol Tiflisdən başlayır. Maraqlı məqam... Oteldə televizoru açan müsafirlər "Kral Lir" filminə rast olurlar. "Maraqla izləyirəm. Dublyaj variantını xatırladım -Səməndərin möhtəşəm ifasında. 30 il əvvəl eşitdiyim səs yadımdadı". Bilirsən, mənim də. Eşidirəm də: "Ah, Kordeliya, mənim sevincim..." Doğrudan da, insanlar daha çox zəmanələrinə oxşayırlarmış...

Sonra Qadın və Kişi "şəhəri öpüb" keçirlər Kiprə - Kıprısa, Sevgi adasına. Yol boyu da "Nobel ödülçüsü" ilə Sezen Aksu "növbələşir", biri düşüncədə, biri qulaqcıqda... Belə-belə gəlib çatırlar 9 ayı qış, 3 ayı sərin olan şəhri - Qarsa...

Hər şey detallarda... Yeri düşdükcə, gəldikcə... Cavanşir Quliyev "bizi inandıra bilmişdi ki, bəstəkarlar Azərbaycan dilində də danışa bilirlər, fikirlərini izhar edə bilirlər..." Özü də şirin Şəki ləhcəsi ilə. Hamının bildiyi. Bilib də, dilə gətirmədiyi təəssüf... Bəstəkardısa, musiqi də keçir mətnin içindən. Qürbətə bürünmüş. "Arzuda inam, inamda şübhə qorxusu, ümiddə səadət, səadətdə onu itirmək qorxusu..."Akif İslamzadə romanı kəsib muğam üstə canlı oxuyur. Bir də başqa təəssüfü, daha ağrılı, dərdlərimizin səbəbi, bəlalarımızın kökü... "Zatən kişilərimizin erməni qadınları ilə dostluğu dastan olub". Daha olmasın. Məncə, olmayacağına inanmırsınız... Olmayacaq deyək, olmasın, İradə xanım!

"Yol"da əsəbilik də, pərtlik də var, hamısı "qarışıb bir-birinə. Gözümdən yaş sel kimi axır". Bu, artıq bir qadın "məktubu"dur... Müəllif düşüncələrini keçmişə umu-küsü, qınaq da adlandırmaq olar. "Yol"u oxuduqca İradənin iri qumral gözlərini görürsən. Yol çəkə-çəkə danışır. Lakin hər şeyi danışmır... Qəlbinin gördüyünü saxlayır, üstündən keçir. İntuisiya nə qədər qoyur, o qədər danışır. Biz də nə qədər icazə verir, ona o qədər yaxınlaşırıq. Hərdən də, "gizli yerdən" elə şeyləri paylaşır ki, bu tərəfdən cəsarətli olan mənim belə ona hünərim çatmazdı. İstəyərdim, amma ürək eləməzdim. Birini deyim: "... Qalır qadınlarımızın dastan yaratmağı. Problem deyil..."

Mən İradə xanımın keçmişə ciddi münasibətini xüsusi qeyd etmək istəyirəm. Özünün də içində olduğu olub bitənlərə, gəlib keçənlərə. Bu gündən baxışını, analizini. Xatırlamaq çətindir, ağrılıdır, amma bütün bunlara baxmayaraq, yada salır, dönür, qayıdır. Çox şey incitsə də... Yaşadıqlarını daşıyır, zamansızlaşdırır.

İ.Tuncayın ən gözəl əsərlərindən olan "Müşfiq insanlar ölkəsi" Müşfiq Cəfərovun xatirəsinə həsr edilib və özünün həssaslığı, dərin kədəri, hüznü ilə təsirlidir. İradə xanım publisistikanın "doğma qızı" olsa da, onun ən kiçik yazısı belə süjetlidir. Erkən və gec zənglərin fobiyası var. Burada olan kimi. Səhər açılır və telefon acıdan acı xəbəri verir. Yazını oxuduqca müəllifin sarsıntısını hiss edirsən, qəm-qüssəsini özününkü bilib təskinlik vermək istəyirsən.

"A.A. - Ağ Adam, Ağrılar Adamı..." İradə xanımın əbədi qəhrəmanı Aqil Abbasa həsr edilib. Yenə Yol gedirlər. Yenə Kişi ilə Qadın. Söhbətin mövzusu da Ağdamdı - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev...

"Ağdamda yayın istisində sərin olurdu hava"...

"Can, Ağdam, bizim küçələr necə enli, geniş idi"...

"Can, Ağdam, kasıb adam yox idi"...

Sonrası "Qafqazın Xirosiması, ruhlar şəhəri"... Gələcəyin ən gözəl şəhərlərindən biri!

İndi azaddır, amma işğalda olanda məsafə Ağ Adam üçün "Qarabağ vahidi" ilə hesablanırdı. "Ağdamdan Tərtərə", "Ağdamdan Yevlaxa", "Ağdamdan Şuşaya" qədər...

İrihəcmli əsərlərdən başqa, İradə xanım çoxlu sayda məqalələrin müəllifidir. "Bəşərin qardaşıdı müharibə. Lap əkiz qardaşı. Birlikdə doğulub-böyüyüblər", - ürək ağrısı ilə deyir İradə. "Qarabağ təkcə torpaq deyil ki... İdeyadır həm də..." Bunu da İ.Tuncay yazır. "Torpağın da öz qarğışı olur... Tutacaq sizi, xaraba bayquşları..." İradə xanımın necə bir portret ustası olduğu hələ "Sarı odalar"dan məlumdur. Doğma "525"in baş redaktoru Rəşad Məcidin yubileyinə yazdığı "Beş" yazısı özünün tarixi, süjeti ilə maraqlı bir nastoljidir. Uzaq 198...ci ildə Dəmiryol vağzalında Kişi və Qadın günümüzün tanınmış şairi Rəşad Məcidlə qarşılaşır və yol yoldaşı olurlar (Yenə də yol...). Qatar... Yol... Qəhrəmanlarımız gəncdir. Dünya da asudə. Romantika... "Bu qədər aydın xatirələrin 25 yaşı'' varmış...

"Ən dərin bir çay var..." yazısı Söhrab Tahirə həsr edilib. Şairi şəxsən tanıdığımdan onun obrazının belə əhatəli və tam verilməsinə mat qalıram. "Yaraşıqlı, qədd-qamətli" (bəli), "yaşından cavan görünən" (elədir ki, var)... Dərdli, "qərib adam"... Bəli, o, lap çox vardı... Söz-söhbətli idi Söhrab müəllim. Söhbəti də ancaq o taydan olardı. Anasının illər sonra Bakıya gəlişi... Necə özündən eşitmişdim, elə də oxudum. Xatirənin müqəddəsliyi ondadır ki, ora gərək xaric "not" qarışmaya...

İradə xanımın ədəbiyyatda öz yolu var. Heç kimə bənzəməyən, janrı belə mübahisəli, tərzi, üslubu, yazı manerası... Özü kimi feminen, stereotiplərdən uzaq yaradıcılığı ilə tam bir ədəbiyyat faktıdı. Heç vaxt tərk eləməyəcəyinə inandığı, xəyanət etməyəcəyindən əmin olduğu həmin o Ədəbiyyat adamı! "Sənə qalan sevdiyin əsərlərdir, qəhrəmanlardır" - deyir, o ədəbiyyat Faktı. "Kokoş", epataj personası da əsərinə canlı illüstrasiyadır. "Hər kəsin yaradıcılığı özünün ruh halının ifadəsidi". Bunu da İ.Tuncay deyir... Elədir. İradə xanımda dəqiq elədir. İradə xanım ovqat adamıdır. Sonra gördüm özü də etiraf edir, "hava da mənə oxşayır..." Bu, ətraf üçün qorxulu deyil. O heç kimi yükləmir, özünü də zora salmır, halını da "korreksiya" etmir. İçinə çəkilir, əhvalı stabilləşənə qədər susur. Yazılarında söz oyunu var... "Səhərimi, şəhərimi?!", "Ha Romaya, ha romana"... İradə xanımın məntiqi güclü, dili canlı, obrazlı, naxışlıdır. Onun üslubunu, xüsusən "Yol"u türk "ladına" aid edirlər. Elə qızılı blondunu da...

İradə xanımın "Yol"unda bir nisgil də var, həzin kədər də, peşmanlıq da. Özünə ürəyi də yanır. Tərəf-müqabilindən soruşur da ki, şən vaxtlarımı çox görmüsən? Emosiya bir qayda olaraq müddətini yaşayıb keçir, izləri isə... qalır.

Bəzən qaçıb elə o sarı odaların birində gizlənir, oraları ən güvənli bilir. "Mənim qaçdığım yer elə oradı. Xilas yolu olmayanda qaçıb yazılarımda gizlənmişəm", - deyir özü də. Şıltaqlıq da var. Qadın olsun, şıltaqlıq olmasın? "Mənə təxminən millət vəkilinin aksessuarı kimi baxırlar". Xoşum gəldi bu sözdən. İradə xanımda belə sözlər çoxdur, yoox, elə hər kəlməsi belə maraqlıdır. Hər sözə reaksiya vermək, münasibət bildirmək istəyirsən. Yerinə düşən söz tapmayanda çox dramatikləşdirmir, özünü yormur, "e, hər nə isə odu..." deyib qısa kəsir. Mübahisə eləmir, "sən deyəndi" deyib keçir. "Heç həvəsim də olmur ki, izah edəm ki, yox, vallah, belə deyil". Millət vəkilinin obrazı da maraqlıdır, həm də Qadının xarakterini açır: "Görürəm, sayın millət vəkili narahatdı, üzümə baxır, gözlərimlə "hər şey yaxşıdı" - deyirəm". "Onlar mənzili vurmaqçün başa, Ayrı gəldilər, getdilər qoşa". "Romandan çıxan əsas nəticələrdən biri də budur ki, istənilən uzaqlıqlar öz yaxınlarına qayıtmaqdan ötrüdür" (M.Sərdarova). Millət vəkili və eyni zamanda sürücü obrazı (ikisi birində) daim və hər yerdə İradə xanımı müşayiət edir. Bu obraz oxucuda simpatiya ilə bərabər, təbəssüm də doğurur: - Ankarada havalar necədi? Ankara yerindəmi? Millət vəkilinin uçuş fobiyası var və bu fobiyadan qurtulmağın da öz xilas yolları. Bəzən deyinməyi... İradə xanım əsərində nəyinsə çatmadığını, məhəbbət süjeti olmayan romanların oxunmadığı təəssüfündə bulunsa da, mən əsərdə baş qəhrəmanlar arasında "fizika-kimya"nın qədərində olduğunu düşünürəm. Naz, ərk, pərəstiş, qayğı qarışıq məhəbbətli baxışlar. "Xəbərin var, necə qəşəngləşmisən, cavanlaşmısan?" Bir də... kimsə deyib ki, romanları yaşamaq lazımdı, yazmaq yox. Roman da olmasa, bədbaşına povest də yarayar... (Xatırlaya bilmirəm, birdən İradə xanım deyər a?) Müəllif yaratdığı obrazı oxucuya sevdirə bilib. Millət vəkilindən etdiyi "şikayətlər" də obrazın xeyrinə işləyib. O da qələm adamı olduğundan bərabər yol sərgüzəştlərini bir də "kəndisindən" eşitmək maraqlı olardı.

Səyahət həm də görüşdür. Müəllifin "Yol"da rastlaşdığı iki əsas obraz da var. Tənha adamlar silsiləsindən, "yalnızlar treninin yolçuları"... Kiprdə görüşdüyü bəstəkar Cavanşir Quliyev, Qarsda onlarla 3-4 gün vaxt keçirən universitet müəllimi Vurğun Əyyub. Bu iki canlı obrazı qəribçilik, üzə vurmasalar da, Vətən həsrəti, qürbətdə bir ayrı cür yaşlanmaq, "tənhalıq yağan baxışlar", "qadın mehrinə ehtiyac" birləşdirir. "Və həm də düşünürəm ki, igid adamlardı, tab gətirə bilirlər". Bu gün nə qədər dünyaya səpələnsək də, torpağa bağlılıq bizim xalqın bel sütunudur. Hələ "Füyuzat" yazırdı: "Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir"...

İradə xanımın xoşbəxtlik "indeks"i də fərqlidir. "Bədbəxtlər içərisində xoşbəxt olmaq mümkün deyil" - deyir... "Mutsuzluqdan bir şey yapamaz olunca mutluluğu düşünməyə" başlayır. Göydə süzən paraşütçüyə bəxtəvərlik verir... Təəssüflərə "belə olmalıymış", - deyə özünə təsəlli edir... "Tale məni bu şəkildə qoruyub", - deyir.

Deyir və dəftəri qapayır. Ən böyük yol olan həyat isə davam edir. Bundan sonrakı yolun açıq, ürəyincə olsun, İradə xanım!

/525.az