Yazıçı: “Mən bu əsəri yazanda çox tərəddüd etdim” - MÜSAHİBƏ
Bir çox insanların daxilində tərk etmək adlı qərib bir hiss var. Kimisi iş yerini, kimisi evini, kimisi vətəni kimisi də özünü tərk edir… Bu gün həmsöhbət olduğum yazıçı Əzimə Ağalar da bir zamanlar vətəni tərk etdi. Amma içindəki sevgini tərk etdimi? Ya bunu istəsə də bacardımı?- Çox çətin.Əzimə xanım “Gecələrdə gizli qaldım”, “ Bakıdan Qahirəyə və Stokholuma uzanan yol” və “Təyyarə qanadında uçan ruh” v.s kimi bir sıra bədii əsərlərin müəllifidir.
Bütün əsərlərində qürbətin acısı, sızıltısı, soyuqluğu və eyni zamanda insanın içini ovudan istiliyi öz bədii əksini tapıb. Qürbətdə yaşayan doğma qəlbli Əzimə xanımla həmsöhbət olduq.
-Qürbətdə yaşamaq sizə qərb ədəbiyyatını necə tanıdıb?
- Mən qərb ədəbiyyatı ilə 50 il əvvəl tanışam. Daha doğrusu 7 yaşımdan qərb ədəbiyyatını oxuyuram. Daha sonra isə Azərbaycan Dillər Universitetində təhsil alanda bizə qərb ədəbiyyatını tədris edirdilər. Yəni sözümün əsası odur ki, mən vətəndə yaşayarkən qərb ədəbiyyatı vasitəsi ilə qürbəti tanımışam. 1993-cü ildən isə bir zamanlar kitablardan oxuduğum qərb həyatına öyrəşməli oldum. 1993- cü ildə Arvopaya getdim və orda yaşadım. Hal-hazırda da elə orda yaşayıram.
-Sizcə realda Lalənin taleyini yaşayanlar azdır?
-Bilirsiniz, mən bu əsəri yazanda çox tərəddüd etdim. Düşündüm ki, bizim mentalitetə zidd olan əsərdir. Həmişə deyirdim ki, məhz bu səbəbdən məni mütləq tənqid edəcəklər. Amma səmimi söyləyim ki, bu əsəi nəşr olunub oxucuların hüzuruna veriləndən sonra bir çox insanlar, sanki bizim taleyimizi yazmısan,-dedilər. Əzimə xanım, bizim taleyimizin güzgüsüdür bu əsərlər, deyirdilər. Məhz bu səbəbdən düşünürəm ki, hələ də Lalənin taleyin yaşayanlar bizim cəmiyyətdə var. Məncə kifayət qədərdi.
-Lalə və Bahar- bu iki ədəbi qəhrəmanlardan hansı sizi daha çox “ağladıb”?
-Hər ikisi məni çox ağladıb. Həm də elə çox ağladıb ki… Gecələr səhər açılana kimi ağlayırdım. Ümumiyyətlə mən əsər yazanda onunla yaşayıram. Özümü həmin qəhrəmanlar kimi görürəm. Yəqin ki ona görə təsirli alinir. Əsərlərimi oxuyan hər kəs ağladığını və duyğulandığını söyləyir. Oxuculardan elə biri siz.
-Qərbdə yaşamağınızın “Lalənin yaranmağına” nə kimi təsiri olub?
-Mən bunu bir dəfə də demişdim indi də deyirəm. Bəlkə də mən qürbətdə yaşamasaydım belə əsərlər yaza bilməzdim. Almaniyada yaşamağım məni bunları yazmağa yaxşı mənada məcbur etdi.
-Azərbaycan ədəbi mühiti ilə tanışlıq sizə nə verdi?
-Azərbaycan ədəbi mühiti ilə tanışlıq sadəcə bir neçə yaradıcı insanları tanımağıma imkan verdi. Başqa heç bir şey. Hətta sosial şəbəkələrdə dost olduğum elə yazıçı və şairlər var ki ,bu günə qədər bir dəfə də olsun sevincimə şərik olmadılar, Yazdığım heç bir şeyi və mənim haqda yazılan heç bir şeyi bəyənmədilər. Olsun, önəmi yoxdur.
-Əsərlərinizdə mövzu məsələsinə gələk. Mövzuları seçib yazırsınız, yoxsa ilham pərilərinizə baş əyirsiniz?
-Mən əsər yazarkən heç vaxt əvvəldən düşünmürəm. Bunu əvvəldə qeyd etmişdim. Əlimə gələn kağız götürürəm və ilk ağlıma gələni yazıram. Bir neçə səhifə yazdıqdan sonra keçirəm kompüterə. Bəzən bir gündə 5-6 saat yazıram, bəzən bir həftə belə yaxın gedə bilmirəm. Bir də indi sağ olsun Araz , nə vaxt icazə versə o vaxt yazıram .
-Sizin üçün sevgilər şəhəri haradır?
-Mənim üçün sevgilər şəhəri qəlbimin bir köşəsində xatirələrinə büküb saxladığım şəhərdir.
-Niyə məhz elə?
- Çünki mən də hər kəs kimi gənc olmuşam və sevib- sevilmişəm.
-Sərdar haqlı idi yoxsa Henri?
-Bir bilsəm, mən də rahat olardım. Nə etsəm də bu əsərdə günahkarı tapa bilmirəm. Çarəsiz qalıb zamana olan nifrətimi hayqırıram.
-Sizcə Lalənin həyatına Henri daxil olmasaydı nə baş verərdi?
-Lalənin həyatına Henri daxil olmasaydı, qorxduğum şey baş verərdi. Yazıq Lalə, kim bilir ki, Azərbaycanda qalsaydı, necə insanların əlinə düşərdi. Yaxud da onu bizim cəmiyyətdə necə həyat gözləyərdi. Bunları düşünmək belə dəhşətdi. Henrinin və onun timsalında bütün Avropa kişilərinin anlayışına heyranam .
-Bahar Adilin sevgisini dəfn etdi?
-Adilin sevgisi Baharla bir yerdə öldü. Bahar qızından icazə alıb Adilin yataq otağına gəlir və o gecəni orada keçirir. Səhərin sübh çağı da Adilin yastığını qucaqlayıb dünyasını dəyişir. O gecə o qızına bir məktub yazır:-“ Qızım, bu gecə mən onunla bərabər öldüm”- deyir. Bahar Adili yuxularında belə qucaqlayırdı.
-Əsərlərinizdə baş verən hadisələr reallıqdan qaynaqlanır, yoxsa bədii təxəyyülün məhsuludur?
-Əlbəttə, əsərlərim təxəyyülümün məhsuludur. Hər hansı birinin həyatından yazsam, hesab edirəm həmin əsər mənim əsərim yox, həyatından yazdığım adamın əsəri olar. Axı idea həmin adam və onun həyatı olar. O zaman isə mənim üçün yazmağın o qədər də marağı qalmaz.
Əntiqə Kərimzadə