adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Dekabr 2022 11:31
563
ƏDƏBİYYAT

Yazmaq və xilas olmaq... - Cəlil Cavanşir yazır

Uşaqlığım sovet nəşrlərini oxumaqla keçdi. Məlum, nə internet, nə başqa əyləncə vardı. Bəzən günlərlə elektrik olmazdı, qaz yerli-dibli yox idi. Hansısa bir filmin, cizgi filminin ortasında işıq sönür, sonra günlərlə mən o filmərin sonunu xəyal edir, özümdən sonluqlar uydururdum. Məlum, müstəqilliyin ilk illəri, imperiyadan qopmuş, Qarabağ daxil bütün problemlərdə dünyada təklənmişdik. Hələ Sovet mirası bölünməmişdi, dünya bazarına neft-qaz çıxarmırdıq. Ölkəyə turist nədir, heç qonaq da gəlmirdi. Afrikanın müstəmləkələrindən bir fərqimiz yoxdu. Amma ümidimiz vardı. O ehtiyacın, o yoxluğun içində atamın göy gözləri daim parıldayırdı. Nənəm, anam daim əndişə içində olsa da, atam durmadan hərəkətdə və ümidli idi...

Sovet nəşri olan təbliğat kitablarını, jurnaldakı məqalələri oxuyurdum. Kapitalizmə nifrət aşılayan o kitablar, yazılarla ilk dəfə tanış olanda dünyanın heç də gözəl bir yer, kapitalizmin də ədalətli bir sistem olmadığını anladım.

Məktəbdə isə bizə nimdaş geyimli, ayaqqabıları yamaqlı, maaşını aylarla ala bilməyən, dərsilik olmadığı üçün əlinə nə keçsə ordan bizə dərs yazdıran müəllimlərimiz azadlıqdan, demokratiyadan, müstəqillikdən danışırdı.

Ayaz Mütəllibov devriləndə, Surət qiyamında, Elçibəy Kələkiyə gedəndə, Heydər Əliyev Bakıya gələndə, Rövşən Cavadov qiyam qaldıranda, torpaqlarımız işğal ediləndə, Əsrin müqaviləsi bağlananda uşaqdım.

Atamın əlimdəki kitabı odun peçinə atdığı da olub, ev işlərini görməyib kitab oxuduğum üçün cəzalandırdığı da...

Sürətlə baş verən dəyişikliklər, bəzilərinin sürətlə varlanıb, bəzilərinin dilənçi kökündə yaşaması, sosial bərabərsizlik və ədalətsizlikləri görə-görə böyüdüm...

Gəncliyim ölkəyə neft pullarının axdığı, oliqarxiyanın, rüşvətxorluğun, məmur özbaşnalığının tüğyan etdiyi dövrə düşdü.

Oxuduqlarım, gördüklərim zehnimi tətiklədi. Bəlkə bir az da istedadım vardı, bilmirəm. O vaxtdan yoluxdum yazmağa. Həm də əyilib-bükülmədən, doğru bildiklərimi yazmağa.

...Tələbəydim. İndi ciddi biznesmen və iş adamı olan bir tələbə yoldaşımla bir evdə qalırdıq. Məlum, mən qələm adamlarına, şairlərə, jurnalistlərə, yazıçılara qoşulmuşdum. Özüm kimi idealistlərlə oturub- dururdum. İlk dəfə ev yoldaşım məni "danladı". İlk dəfə "ədəbiyyatdan, yazıdan bir şey çıxmaz, pul qazanmaq üçün biznes qurmalısan, başqa işlər görməlisən" dedi.

Bir ara cəhd etdim. İnternet klub işlətdim, hazırlıq kursu açdım, jurnal-qəzet nəşriylə məşğul oldum. Ancaq olmadı. Hər şeyi atıb Bakıya gəldim. O zaman da atam "danladı". "Başqa bir iş tap, sonra yenə yazarsan" dedi. Amma mən dəfələrlə eşitdiyim bu sözü həzm edə bilmirdim. Bildiyim yolla gedirdim. Həyatımda olan bütün yaxşı şeylərə görə ədəbiyyata, kitablara borcluyam.

İllərlə dözdüyüm məhrumiyyətlərin, yaşadığım sıxıntıların, ehtiyacların bir dəyəri olduğunu düşünürdüm. Çünki mənim oxuduğum kitablar mənə bunu öyrətmişdi. Tapmasan belə ömür boyu ədaləti axtarmalı və mübarizə aparmalısan...

Bir az romantik, bir az idealist, bir az ümidli adamam. Məndən biznesmen, iş adamı, şirkət rəhbəri, məmur, bənna, dülgər, suvaqçı, usta olmaz. Yarıtmaram, yetərli ola bilmərəm bu işlərdə. Oxuduqlarımın, öyrəndiklərimin içində rahatam. Faydalı və dəyərli işlərin altında imzam var, bu mənə yetər. Valideynlərim, övladlarım, qohum-qardaşım, dostlarım zatən məndən heç nə gözləmir. Bir faydam olmayıb, olmayacaq. Varlığımla kifayətlənirlər.

Son vaxtlar hər şey üst-üstə gəlir, problemlər, sıxıntılar və s. Zərrəcə umrumda deyil. Özüm üçün, gələcək üçün bəzi qənaətlərim, düşündüyüm bir gedişat var. Heç nəyə mane olmaq istəmirəm, heç nəyi dəyişmək istəmirəm. Zatən istəsəm də, mümkün deyil. Axarına buraxmışam həyatı...

Son vaxtlar dəlicəsinə yazmaq istəyirəm...

Yazmaq və xilas olmaq.

Hə...mən sovet nəşrlərindən kapitalist ölkələrdə istismar olunan insanların acınacaqlı halına üzülən, kapitalist ölkələrdə ac, oyuncaqsız, ehtiyac içində və səfil böyüyən uşaqlara ağlayan, sovet dövründə doğulmuş kapitalist sistemdə böyüyən bir uşaqdım... və yeganə məşğuliyyətim oxumaqdı.