20 Oktyabr 2025 12:25
71
ƏDƏBİYYAT

Ucalıq düsturu

yaxud yazıçı-publisist Şəmistan Nəzirlinin əziz xatirəsinə bir neçə söz

Mən tanınmış yazıçı-jurnalist Şəmistan Nəzirlini çoxdan tanıyırdım. Təbiidir ki, onun dəyərli araşdırmaları və maraqlı məqalələri ilə. Sonra iş elə gətirdi ki, Şəmistan müəllimlə rəhbəri olduğum “Zərdabi-Nəşr”də şəxsən tanış oldum. Qısa müddətdə bu tanışlıq dostluğa çevrildi. İlk söhbətdən onun gözəl tədqiqatçı, ensiklopedik biliyə malik bir ziyalı olduğunu hiss etdim. Hətta, Şəmistan müəllimin sonrakı kitabları bizim nəşriyyatda çap olundu. Şahid oldum ki, Şəmistan Nəzirlinin biri-birindən oxunaqlı araşdırmaları maraqla qarşılanırdı.

Azərbaycan ədəbiyyatı tarixininin zənginləşməsində   böyük xidmətləri olan Firudin bəy Köçərli və Mirzə Hüseyn Əfəndi Qayıbov  ilə bağlı apardığı tədqiqatlar, ərsəyə gətirdiyi kitablar qiymətli sənət əsərləridir. Eləcə də, onun görkəmli sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, Yadigarov qardaşları və digər şəxsiyyətlər haqqında yazdığı kitabların hər birisi qiymətli tarixi əsərlərdir. 
Cəfakeş tədqiqatçı Şəmistan Nəzirlinin tədqiqatlarına nəzər salanda heyrətlənməyə bilmirsən; İlahi,  başı yüz qovğalar çəkən bu xalqın nə qədər işıqlı insanları, qüdrətli sərkərdələri, sücaətli generalları olub?! Qəribə tale yaşayan bu generallarımızı arayıb-axçayıb üzə çıxarmaq isə əsl  qəhrəmanlıqdır, əsl qeyrət işidir. 

Hələ tələbəlik illərindən Şəmistan Nəzirlini müxtəlif tarixi kəsimlərdə hissə-hissə parçalanmış, aysberq kimi əriməyə məcbur edilmiş, zaman-zaman fəlakətlərlə üzləşmiş Azərbaycanın taleyi çox maraqlandırırdı. Belə bir sual onu çox narahat edirdi: ”Niyə bu işıqlı ziyalıların kimliyi, onların qaranlığa pünhan qalan işləri üzə çıxarılmayıb”?  Bu və ya digər sualların cavabını özü tapmağa çalışdı və qolunu çırmayıb  yola çıxdı. 

 Yazıçı-publisist Şəmistan Nəzirli saralmış, toz basmış arxiv sənədlərindən, Qori Müəllimlər Seminariyasının arxivindən və məzunlarının söhbətlərindən, eləcə də seminariyanın müəllim və seminaristlərin saxlançında olan sənədlərdən, onların xatirələrindən,  cünglərdən istifadə etməklə  Azərbaycan xalqının maarif tarixinin qaranlıq səhifələrini obyektiv şəkildə tədqiq etmişdir. 

 Şəmistan Nəzirli, əgər belə demək mümkünsə, əlinə dəmir əsa alıb, ayağına dəmirdən çarıq geyinərək Rusiya, Gürcüstan və Azərbaycan arxivlərində uzun illər tədqiqat aparmış  və onun gərgin əməyi sayəsində Azərbaycan mədəniyyəti və hərb sənəti tarixinin qaranlıq səhifələrinə ayna tutulmuşdur. Onun uzun müddətli araşdırmaları nəticəsində Azərbaycan mədəniyyəti və hərb sənəti tarixində  yeni səhifələr açılmışdır.

Təkcə onu deyə bilərik ki, görkəmli tədqiqatçı Şəmistan Nəzirli əsl Azərbaycan ziyalısı kimi bütöv həyatını  təmənnasız olaraq xalqına sərf etmişdir. Onun biri-birindən maraqlı  tədqiqat əsərləri  hər bir soydaşımızın stolüstü kitabıdır.  O, Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır. Hər iki sahədə o, silsilə əsərlər yazmışdır.

Şəmistan Nəzirlinin maraqlı, tarixi faktlarla zəngin olan əsərlərindən biri “Qoridən gələn qatar” povesti Qori və Qazax seminariyalarının fəaliyyətindən bəhs edir. Əsərdə 1918-ci ildə çox böyük əziyyətlər hesabına seminariyanın Qoridən Qazağa köçürülməsində müstəsna xidmətləri olan maarifçi-ziyalı Firudin bəy Köçərlinin fəaliyyəti ön plana çəkilir.

Bu əsəri oxuyana kimi hələ heç kəs bilmirdi ki, (elə indi də bəziləri bilmirlər) Zaqfqaziya Müəllimlər Seminariyasında oxuyan azərbaycanlı uşaqlar tez-tez maneələrlə qarşılaşırdılar. Belə ki, orda çalışan erməni əsilli müəllimlər azərbaycanlı  uşaqlara qarşı amansız münasibətdə olur, onlara qarşı qeyri-etik hərəkətlər edirdilər. Xalq yazıçısı İsmayıl Şıxlı  (O da seminarist idi) sözügedən kitabda yazır ki,  1902-ci ildə  İrəvanda işləyən qatı irticaçı, şovinist Miropoyev Qori Seminariyasına direktor təyin olunmuşdur. O, seminaristlər qarşısında çıxış edərkən deyirdi ki, mən sizə sülh və məhəbbət gətirmişəm. məni sevməyinizi xahiş edirəm.

Arxiv sənədləri, ayrı-ayrı seminaristlərin xatirələri göstərir ki, Miropoyev sülh və məhəbbət yox, seminariyaya çaxnaşma gətirib. Əvvəlki illərdə seminariyada müəllim və tələbələrin fikri-zikri yaxşı təhsil almaq olubsa, Miropyev dövründə araqarışdırma, milli ayrı-seçkilik-adamgüdmə kimi pedaqoqa yaraşmayan mənfi keyfiyyətlər güclənib. Direktor Miropyev seminaristləri polis nəzarətində, kazarma rejimində saxlamağı daha çox üstün tutmuşdur. Xüsusilə, bizim Azərbaycan şöbəsinin üstündə polis nəzarəti güclü olmuşdur. 

Şəmistan müəllim İsmayıl Şıxlı ilə söhbətinin bu yerində deyib ki, mən seminariyanın arxivində işləyəndə  belə bir fakta rast gəldim; 1912-ci ildə müəllim Salomon Davıdoviç Ter-Arutyunovu Azərbaycan şöbəsinin bir seminaristi boğub öldürü. Nə qədər axtardımsa da, səbəbini öyrənə bilmədim.
İsmayıl Şıxlı həmin hadisəni belə izah edib: 

-Müəllimə yaraşmayan pis və nalayiq sifətlərin hamısı Ter-Arutyunovda varmış. Öcəşkən, acıdil və hətta Miropoyevdən də qatı millətçi, şovinist Salomon Ter-Arutyunov  bizim Azərbaycan şöbəsinin uşaqlarını qarabaqara izləyirmiş. O, hər addımbaşı uşaqları “tatar”, “vəhşi asiyalı” sözləri ilə təhqir edrmiş. Ter-Arutyunovu Borçalı mahalından Mustafa adlı bir seminarist öldürüb. Səhv etmirəmsə  o, Sadaxlı kəndindən olub. 
Bir gün səhər ibadətinə getməyən Mustafanı o,  bərk hədələyib. Mustafa kilsə ibadətinə getmək əvəzinə qaçıb ayaqyoluna girir. Ordan çıxan seminaristi Ter-Arutyunov qovmağa başlayır. Mustafa üzüaşağı seminariyanın bağına tərəf qaçır, o da dalınca qovur, tutub döymək istəyir. Mustafa bağın alt yanındakı dərəyə enir, gözü qızmış Ter-Arutyunov da dalınca gəlir. Dərəyə enən seminarist görür ki, buralar sakitlikdir, nə gələn var, nə də gedən. Ter-Arutyunovla əlbəyaxa olur. Cana doyan Mustafa onu boğub öldürür...

Bu cür hadisələr Şəmistan Nəzirlinin zəhməti hesabına üzə çıxarılb ictimaiyyətə çatdırılmışdır. Ona deyək ki, hörmətli tədqiqatçının nəzərə çatdırdığı bu olay  intiqam üçün deyil, yaddaş üçündür.

Şəmistan Nəzirli həm də güclü ensiklopedik biliyə malik idi. O, Azərbaycan tarixii, ədəbiyatını, coğrafiyasını çox gözəl bilirdi. 
Bir neçə gün bundan əvvəl son mənzilə yola saldlğlmlz  hörmətli Şəmistan müəllimi düşünəkən şairlərimizdən birinin aşağıdakı misraları yadıma düşdü:

Ölərkən dünyada bir iz qoyana, 
Ellər yaxşı deyir: ölüm-itim yox
O zaman nə yas tut, nə də ağla çox...

Yazıçı-publisist Şəmistan Nəzirlinin ağır zəhməti hesabına arxiv materialları əsasında yazdığı əsərlər ona xalq məhəbbəti qazandırmışdır.
 

Elman Qasımov
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü
Zərdabi Nəşr MMC-nin direktoru