adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 13:52
67
MARAQLI
A- A+

“Yox” deməyin incəsənəti: Başqalarını xoşbəxt etmək üçün özümüzü necə qurban veririk?

Müasir insanın ən böyük problemlərindən biri heç də zaman çatışmazlığı, maddi sıxıntı və ya texnologiyadan asılılıq deyil. Bəzən insanın öz həyatını çətinləşdirən ən ciddi problem sadəcə iki hərfdən ibarət olan bir sözü deyə bilməməsidir: “Yox”.

Bir çoxumuz kimisə incitməkdən, münasibətləri korlamaqdan, xoş təsir bağışlamamaqdan və ya eqoist görünməkdən qorxduğumuz üçün istəmədiyimiz işlərə razılıq veririk. Dostun xahişi, qohumun tələbi, iş yerində əlavə tapşırıqlar, sosial öhdəliklər – bütün bunlar zaman keçdikcə insanın öz həyatını ikinci plana atmasına səbəb olur. Nəticədə başqalarının xoşbəxtliyi naminə öz ehtiyaclarını, arzularını və hətta sağlamlığını qurban verən insanlar meydana çıxır. Psixoloqlar hesab edirlər ki, “yox” deməyi bacarmamaq təkcə ünsiyyət problemi deyil, həm də insanın özünə münasibətinin göstəricisidir. Bu problem görünəndən daha dərin köklərə malikdir və çox zaman uşaqlıqdan başlayaraq formalaşır.

Cəmiyyətimizdə insanın mehriban, qayğıkeş və köməksevər olması müsbət keyfiyyət kimi qiymətləndirilir. Bu, şübhəsiz ki, vacib xüsusiyyətdir. Lakin bəzən bu keyfiyyətlər həddindən artıq olduqda insanın özünə qarşı haqsızlıq etməsinə gətirib çıxarır. Bir çox insanlar başqalarının gözündə yaxşı görünmək üçün öz maraqlarından imtina edirlər. Onlar yorğun olduqları halda əlavə iş götürür, istirahət etmək istədikləri vaxt qonaqlığa gedir, öz büdcələri imkan vermədiyi halda borc verir və ya istəmədikləri qərarları qəbul edirlər. Əslində isə hamını razı salmaq mümkün deyil. İnsan nə qədər çalışsa da, hər kəsin gözləntilərini qarşılaya bilməz. Birinə yaxşı görünmək üçün verilən güzəşt başqa birinin narazılığına səbəb ola bilər.

Bu səbəbdən daim başqalarının məmnunluğunu qazanmağa çalışan insanlar çox vaxt daxili gərginlik və narahatlıq yaşayırlar. Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti bir neçə əsas səbəbə görə “yox” deməkdən çəkinir. Ən geniş yayılmış səbəb rədd edilmək qorxusudur. İnsan düşünür ki, əgər qarşı tərəfin istəyini qəbul etməsə, münasibətlər pozulacaq və ya insanlar onu sevməyəcəklər. Digər səbəb günahkarlıq hissidir. Bir çox insanlar öz ehtiyaclarını ön plana çıxardıqda vicdan əzabı çəkirlər. Onlara elə gəlir ki, başqasına kömək etməmək mənfi xüsusiyyətdir. Bəzi hallarda isə problem uşaqlıqdan gəlir. Valideynlərin və ya müəllimlərin daim itaət tələb etdiyi mühitdə böyüyən uşaqlar sonradan öz sərhədlərini qorumaqda çətinlik çəkirlər. Onlar başqalarının istəklərini öz istəklərindən üstün tutmağa öyrəşirlər. Bundan əlavə, sosial şəbəkələrin yaratdığı “ideal insan” obrazı da insanlara təsir göstərir. Hər kəsə kömək edən, hər vəziyyətdə müsbət olan və heç vaxt etiraz etməyən insanlar sanki nümunə kimi təqdim olunur. Halbuki real həyatda belə yaşamaq mümkün deyil. İlk baxışdan başqalarına kömək etmək və onların istəklərini yerinə yetirmək müsbət davranış kimi görünür. Lakin bu proses davamlı xarakter aldıqda ciddi problemlər yarana bilər. Daim başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutan insanlar zamanla emosional tükənmə yaşayırlar. Onlar yorulur, əsəbiləşir və həyatlarından narazı qalırlar. Psixoloqlar qeyd edirlər ki, həddindən artıq fədakarlıq depressiya, stress və narahatlıq hallarının artmasına səbəb ola bilər. İnsan uzun müddət öz istəklərini boğduqda daxilində narazılıq yığılır və bu hiss bir müddət sonra partlayış nöqtəsinə çatır.

Maraqlıdır ki, daim “hə” deyən insanlar ətrafdakılar tərəfindən daha çox istifadə olunmağa başlayırlar. Çünki insanlar zaman keçdikcə onların sərhədlərinin olmadığını hiss edir və hər yeni xahişlə yenidən müraciət edirlər. Beləliklə, başqalarını xoşbəxt etmək üçün edilən həddindən artıq güzəştlər nəticədə həm insanın özünə, həm də münasibətlərinə zərər vurur.

Cəmiyyətimizdə geniş yayılmış yanlış fikirlərdən biri də budur ki, “yox” demək eqoist olmaq deməkdir. Əslində isə sağlam sərhədlər qoymaq eqoizm deyil, özünəhörmətin göstəricisidir. Təsəvvür edin ki, insanın enerjisi bir qab su kimidir. Əgər o, bütün suyunu başqalarına paylasa, bir müddət sonra özünə heç nə qalmayacaq. İnsan əvvəlcə öz fiziki və psixoloji vəziyyətini qorumalıdır ki, başqalarına da faydalı ola bilsin. Təyyarələrdə təhlükəsizlik təlimatlarında deyilən məşhur qayda da bunu təsdiqləyir: oksigen maskasını əvvəlcə özünüz taxın, sonra başqasına kömək edin. Həyatda da eyni prinsip keçərlidir. Öz ehtiyaclarını nəzərə almayan insan uzun müddət başqalarına dayaq ola bilməz. Bir çox insanlar düşünür ki, “yox” demək kobudluqdur. Halbuki bunu nəzakətli şəkildə etmək mümkündür. Məsələn: “Bağışlayın, amma bu dəfə kömək edə bilməyəcəyəm.”, “Bu məsələ ilə məşğul olmaq üçün vaxtım yoxdur.”, “Təklifiniz üçün təşəkkür edirəm, amma qəbul edə bilməyəcəyəm.”, “Hazırda başqa işlərim var və buna vaxt ayıra bilmərəm.” Bu cür ifadələr həm qarşı tərəfə hörmət göstərir, həm də insanın öz sərhədlərini qorumasına imkan verir. Ən vacib məqamlardan biri isə uzun-uzadı bəhanələr gətirməməkdir. İnsan öz qərarını sakit və aydın şəkildə ifadə etməyi öyrənməlidir. Psixoloqların fikrincə, xoşbəxt və balanslı həyatın əsas şərtlərindən biri sağlam şəxsi sərhədlərin mövcudluğudur. Sərhəd insanın harada başladığını və harada bitdiyini müəyyən edir. Bu sərhədlər həm ailədə, həm dostluq münasibətlərində, həm də iş mühitində vacibdir. İnsan öz imkanlarını, vaxtını və enerjisini düzgün bölüşdürməyi bacarmalıdır. Əks halda başqalarının istəkləri insanın həyatını idarə etməyə başlayır və o, öz arzularını həyata keçirmək üçün lazım olan vaxtı və enerjini itirir.

“Yox” demək sadəcə bir söz işlətmək deyil. Bu, insanın öz dəyərini qəbul etməsi, şəxsi sərhədlərini qoruması və həyatına sahib çıxması deməkdir. Başqalarına kömək etmək, qayğı göstərmək və fədakarlıq etmək gözəl xüsusiyyətlərdir. Lakin bunlar insanın özünü unutması hesabına baş verməməlidir. Unutmaq olmaz ki, başqalarının xoşbəxtliyi üçün daim özünü qurban verən insan bir gün öz həyatında xoşbəxtlik tapmaqda çətinlik çəkə bilər. Həqiqi balans isə həm başqalarına hörmət etməyi, həm də öz ehtiyaclarını dəyərləndirməyi bacarmaqdan keçir. Bəzən insanın özünə verə biləcəyi ən böyük hədiyyə sadəcə bir kəlmədir: “Yox”.

 

Saida Ramazanova,

BDU, Jurnalistika fakültəsinin IV kurs tələbəsi