Yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm - MN-dəki 143 milyonluq mənimsəmə işi

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Nəsib Niftəliyev vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib:
“Müvəkkilim barəsində cinayət işi açılan zaman ölkə xaricində olub. Bu barədə məlumat alan kimi ölkəyə gəlib və birbaşa istintaq orqanına gedərək könüllü təslim olub. Onun istintaqdan yayınmaq fikri olmayıb. 104 min manat dövlət hesabına ödəniş edilib. Eyni zamanda, müvəkkilimin himayəsində 2 azyaşlı övladı var. Bunu nəzərə almağınızı xahiş edirəm”.
Təqsirləndirilən Vahid Novruzlu qalan pulu ödəməyə hazır olduğunu bildirib.
Məhkəmə müşavirə edərək vəsatətin hazırkı mərhələdə təmin edilməməsinə qərar verib.
Məhkəmə istintaqı başlayıb və ittiham aktı elan edilib.
İttihamda qeyd olumub ki, təqsirləndirilən şəxs xidmət dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib:
“Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərək mənimsəyib”.
Vahid Novruzlu özünü qismən təqsirli bilib: “Cinayət işi üzrə özümü qismən təqsirli bilirəm. Çünki mən özümdən yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm”.
Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.
İttihama görə, o, üzürlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.
Proses aprelin 4-də davam etdiriləcək.
Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabiq maliyyə xidmət rəisi barəsində DTX İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Zərərçəkmişlər Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib

Ruben Qarabağdakıların evini yıxıb - MƏHKƏMƏ - YENİLƏNİB

"Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı" - Erməniəsilli şahid
