01 Oktyabr 2024 12:54
1431
ƏDƏBİYYAT

Yupyumru bir eşq ilə - Vaqif Bayatlı Odərin şeirləri

Bu gün Azərbaycanın böyük şairi Vaqif Bayatlı Odərin doğum günüdür.

Adalet.az bu münasibətlə şairin seçmə şeirlərini oxuculara təqdim edir:

* * *
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Yupyumru eşq ilə

Sevir kimsə kimsəni,
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumuru,yepyeni bir eşq ilə
yenə sənin üstünə.

Gör, sevgi üstə sevgimi
eşq eşqdən baş alan kimi,
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
hər ləçəyi ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.

Gör, quş quşa şığıyantək,
gül gülə sığınantək,
son nəğmə oxunantək
ilk nəğmənin üstünə.

Gör, ikiqat sevgidən,
ikiqat eşqdən bu naşı da dəm,
gözünün yaşı da dəm,
ha içər yenə də kəm
qəmi dəmin üstünə,
dəmi qəmin üstünə.

Səni sevmək istəyirəm

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək


***
Səni sevən ölüm kimi,
Səni candan ata bilməz.
Səni sevən vətən bilməz,
Ana bilməz, ata bilməz.

Səni sevmək təhlükəli,
Səni sevib, sevib təkcə,
Yaşamaq da mümkün deyil,
Səni sevib ölmədikcə.

Bəlkə bir gün, bəlkə min il,
Sevgiyə azadlıq gərək.
Heç Allah da azad deyil,
Sən azad olduğuntək.

İnsan sevməz min illərcə,
İnsan bu gün, sabah sevər.
Sən istəyən, sən sevəntək,
Bəlkə, ancaq Allah sevər.



***
Qara qız ol, qara torpaq,
ol dəlin olum sənin.
Gir qoynuma, tək məni sev,
Son sevgilin olum sənin.

Gir qoynuma, dol canıma,
Tapmasın heç bir ölkə,
Heç bir ölüm, din səni.
Gecə-gündüz öpə-öpə,
Sən cücərdən güldən gözəl,
Canımdan cücərdim səni,

Bir də tökülmə gözümə,
Tökülmə üstümə bir də,
Qara qız ol, qara torpaq,
Qara qız ol,
Elə sevim ki, səni,
Heç kimi istəmə bir də.



***
Sevdim Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni min il gözlədim,
Sevdim keçdim təzə minə.

Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ.

Ancaq eşqdən bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın! Gülə-gülə!


***
Bu dünyada sirr axtarma,
bu dünyanın sirri yoxmuş.
Yaşamağa yer axtarma,
ölməyə də yeri yoxmuş.

Sevişməyə bir dəli yox,
asılmağa bir teli yox,
Yürüməyə irəli yox,
qayıtmağa geri yoxmuş.

Önər belə dərdə dönmüş,
dərd də yoxdu, dərdi dönmüş.
gördüm Allah burda imiş,
döndü üzü bəri, yoxmuş.



* * *
Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında,ya döşündə,
Bir ox yeri var,yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

Dünya söndükcə
Sən görünürsən, İlahi...


Min ildi, milyon ildi
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah,
Hər gün sənin göyünə
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, ancaq sevgin var
bütün kainat boyu
qanrılan, qanı daman
qollarımın gözündə,
bəs nədən əzab gəzir
qolumu dəlib keçən
mismarların üzündə?!
Min ağrıyla, əzabla
Necə qıvrılır onlar,
Heç ağrı yoxdu mənə,
quş kimiyəm, İlahi,
yenə uçuram sənə,
Qolumdakı mismarlar
yalvarırlar ağrıdan,
yalvarırlar əzabdan,
Xilas elə onları,
Xilas elə, İlahi.
Xilas elə əzabdan
Boynumdakı kəndiri,
Altında dayandığım
Bu dar ağacını da,
xilas elə, İlahi.

Hər an bu göyüzünə,
həm də sənə tuşlanan,
yenidən dönə-dönə
məndən keçən gülləni
ağrılardan, əzabdan
xilas elə, İlahi.

Şükür, İlahi, şükür,
Min ildi, milyon ildi
Bağlayıb yollarımı
Bir-birinin ucuna,
Gəlib çatdım axırı
Sənin dar ağacına,
Kəndirin dartıldıqca
boynum dincəlir, Allah,
Boynum dincələn görüb
Tez vururlar boynumu,
Çiynim dincəlir, Allah.

Şükür, şükür, çox şükür,
Sən yenə göyüzündən
yerə enirsən, İlahi.
dünya gözümdə söndükcə
sən görünürsən, İlahi.

Unutdular məni, unutdular...

könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ, gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular...
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu...
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca,
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur...

Sevgi sevgiylə
Dərd dərdlə unudulur


Unudulacaq bütün sevdalar,
Unudulacaq bütün nəğmələr,
Unudulacaq unudulmaz hər nə var,
Ancaq təkcə mən səni
yenidən sevməkçün hər bahar
yenidən unudacağam.

Ən gözəl xatirə də
ən acı göz yaşıtək udulur,
udulur, unudulur,
yurd yurdla,
sevgi sevgiylə, dərd dərdlə,
insan insanla,
İsa Məhəmmədlə unudulur…

Həddən çox şey bilirik bu dünyada.
Boş şeydi! Unudulacaq hamısı!
Unutduqlarımız yenidən, yeni başdan
sudan, torpaqdan, dağdan, daşdan
çıxırmıştək görünəcək bizə hər dönədə,
ən solğun çiçəklər
ən işıqlı ulduzları sevəcək yenə də.

Çiçək gözlüm, nəğmələr oxumaqla bitir,
oynamaqla bitmir elə bil,
gəl, bu nəğmə çatmamış sona
bu sonsuz dünyanın sonunacan
oynayaq bu nəğmənin havasına.

Mən zalım adamam,kamança

Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.

Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.

Sürüşüb alnımdan tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...

Bir də kimsəni sevməyəcəyəm

Bir də kimsəni sevməyəcəyəm
Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan, qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.


***
Bir ocaq başında yarıyuxulu
Analar qısılıb böyür-böyürə,
Qalıb balalara dünyanın çoxu.
Hərənin sözündən bir şey qanılar
Biri balasını tərifləyəndə -
Yana baxa-baxa susub qalanlar
Ağlayar üzünün bir tərəfində,

Göydən dillənən yox, göydən baxan yox,
Taleyin sonunda donub gözləri
Başını qaldırıb göyə baxan yox,
Böyük Göyüzündən küsüb üzləri.

Allahdan, bəndədən qaçıb gizlicə
Ağlayar analar hey için-için.
Ağlamaqdan asan dünyada nə var
Ağ telli, ağ üzlü analar üçün?!

… Nəyə lazımıdı bu boyda dünya
Çoxda ki, ocaqlar his eləyirdi?
Fağır analara, gül balalara
Bu ocaq yanı da bəs eləyirdi...

Sevgidən dəli olmağa bu dünyada eşq azımış

Ay ürək, ay baş, ay bədən,
əl çəkin, əl çəkin, məndən,
ancaq canım açanda,
canım uçanda bilirəm

siz varsınız,
bu göy, göyüzü deyilən
qəfəs sizdən yaxşıdı,
siz göydən də,
göyüzündən də darsınız.

Ancaq bu can açanda,
bu can uçanda bilirəm
nə qış qış, nə də yaz yazmış,
sevgidən dəli olmağa
bu dünyada
eşq də, dəlilik də azımış.

Çıxıb gedirəm, gedirəm,
Bu göyüzünün altında
Sevmədiyim bir tikan,
Bir gül qoymaya-qoymaya,
gedirəm, gedirəm,
daha eşqli bir dünyaya,
bu dünyada eşq tikanından da,
gülündən də doymaya-doymaya.


***
Hər şair elə bilir
dünyanın son şeirini
o yazacaq, o ancaq,
bu dünyada şeir də, söz də
onunla qurtaracaq.

Bəlkə bundadı ləzzəti
elə şeir yazmağın da,
bu böyüklükdə dünyanı,
bu balaca külünglə -
bu qələmlə qazmağın da.

Mən də hər an bir daha
ruh kimi uçub Allaha,
söz kimi görünüb gözə,
yoxladım dünyanın sözə,
sözün dünyaya tabını,
beləcə batıb günaha

mən də, mən də yazıb getdim
dünyanın son kitabını.

Elə dünyadan qurtarcaq
anladım insan alnına
tale, alın yazısı yox,
şeir yazır Allah ancaq,
anladım bu dünyada
ən son şeir Tanrı şeiri,
ən son kitab
Tanrı kitabı olacaq.

Anladım, Tanrım, anladım,
alınmaz sənin üçün
Şeirin ən gözəl görünən,
ən gözəl yazılan yeri,
qələmin quş kimi süzən,
min naz ilə gəzən yeri,
xəttin eşqdən süzülən,
eşqdən nazilən yeri.

Anladım biz hamımız
bir tək ələ,
bir tək qələmə tabeyik,
bütün alınlar yan-yana
allahın şer kitabıyıq.

Hər şairin şeiri də
Tanrı şeiri içində
yazı içində yazı,
can içində can kimi,
qəfil güllədən sıçrayıb
ən uzaq ulduza qonan
yaralı ceyran kimi.

Qəribik, şairim, qəribik, sözüm

Şairlər qəribdi bu yer üzündə
Küçədə, bayırda, evdə, eşikdə,
Meşənin içində, çölün düzündə
Oğul, qız yanında, ata yanında.
Qəribik, şairim, qəribik, sözüm,
min illər sonra da ayrılıq yenə,
qəmli axşamlartək enər göylərdən
şairin qəbrinə, sözün qəlbinə.

Qəribik, şairim, qəribik, sözüm,
qəriblik əksilmir gözlərimizdən,
dünya doğma gəlmir gözlərimizə,
qəmi yığmaq olmur sözlərimizdən.

Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü -
işığı saralar, buludu keçərg
Hər gün könlümüzdən, ürəyimizdən
göyüzünə dönmək umudu keçər.

Analar doğmur şairləri

Ancaq, ancaq
göyüzünün dar ağacından
doğulur şairlər.
Əzablar, qəmlər doğmur,
Qılınclar, qələmlər doğmur şairləri...

Ömrü boyu o dar ağacı altında
Yaşayır, yazır şair,
Qəfil sevgiyə hazır olantək
Hər an qəfil ölümə hazır şair.

Hara gedirsə getsin,
gedir başı üstündə
dar ağacı şəklində mavi göyüzü,
yaza-yaza boynundakı
görünməyən mavi kəndiri
hər gün bir az, bir az
dartır, dartır şairin özü.

Kim bilir bəlkə də
heç yerli-dibli yoxdu dar ağacı,
Kəndir Tanrı sevgisitək
göyüzündən uzanır,
Tanrının əlindədi
kəndirin son ucu.

Ömrümüzün o başına

Qarış-qarış hara gedir
bu yerişdə, bu duruşda
bu gedən atlı qarışqa?!
Bu gedən atlı qarışqa
təzə bitən otlardan uca,
Nə xəbərimiz var
bu gedən atlı qarışqa
bəlkə bu qara daşdan da qoca,
bu qara yoldan da qoca,

Bu dağların göyü quş qanadından,
bu torpağın üzü at nallarından,
çiçəklərin üzü ay işığından,
Doymaz könlüm, doymaz.
Bu gedən atlı qarışqa
yollardan doymaz,

kəsər-keçər ömrümüzü
aylardan doymaz, illərdən doymaz.
Qarış-qarış
hara gedir
bu atlı qarışqa?!

Bu gedən atlı qarışqa
yolun bu daşından
o daşına gedir
ömrün bu başından
o başına gedir.

Ölümdən sonra başlar şair ömrü

Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü -
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?
Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər ölür.

Güllələyin şairləri!
Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin, yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa...