adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Yanvar 2023 09:00
2317
LAYİHƏ

Yurda dönüş insanları çox sevindirir

Deyirlər ki, el-elə sığışar, ev-evə sığışmaz. Bu sözdə çox böyük həqiqət var. Çünki məcburi köçkünlük dövründə öz yurd-yuvasından ayrı düşmüş insanlar Azərbaycanın 60-a yaxın rayonunda məskunlaşmışdılar və bu məskunlaşma zamanı da onlar yerli əhali ilə isti münasibət yaratmış, bir-birinə doğmalaşmışdılar. Əlbəttə, bütün bunlar onu göstərirdi ki, yaman günün ömrü az olar. Füzulilər də 1993-cü ilin avqutun 23-də rayon işğal olunarkən nə az, nə çox 50-ə yaxın rayonda sığınacaq tapmışdılar. Ən çox da Füzuli camaatı İmişlidə, Sabirabadda və Saatlı rayonlarında məskunlaşmışdı.

Elə ki, Azərbaycanın işğal altında olan rayonlar azad edildi və onda da müxtəlif rayonlara səpələnmiş füzulilər yenidən dədə-baba yurdlarına qayıtmalı oldular. Bütün bunlar onu göstərirdi ki, bu xalqın inamını və sabaha olan ümidini heç vaxt qırmaq mümkün deyil. Çünki Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olunması üçün bütün güclərindən və imkanlarından istifadə edirdilər. 30 il qaçqınlıq həyatı yaşamaq, məcburi köçkün ömrü sürmək elə də asan deyildi. Bu sıxıntılardan yalnız və yalnız doğma yurda qayıdandan sonra xilas olmaq mümkün idi.

Füzuli rayonu ərazisində torpaqlarımız işğaldan azad olunandan sonra 6 qəsəbə salındı və 6 yeni qəsəbənin salınması, yeni infrastrukturun yaranması, sosial obyektlərin, xəstəxanaların, məktəblərin tikintisi elə də asan deyildi. Bu 6 qəsəbənin hər biri qısa zaman kəsiyində tikildi, həmin yerlərə su, qaz, işıq xətti çəkildi. Əlbəttə, bu yeni qəsəbələrin tikintisi çox böyük qüvvə, maddi imkan tələb edirdi. İlk növbədə rayon ərazisində Zobucuq qəsəbəsi yaradıldı və eyni zamanda burda çox böyük möhtəşəm işlər həyata keçirildi. Yəni həmin istiqamətlərdə asfalt yol çəkildi, ən müasir tələblərə cavab verən xəstəxanalar tikildi və hər bir şəraiti olan bir neçə məktəb inşa edildi. Hələ bunlar da hamısı deyildi. Zobucuqda yeni iş yerləri, ticarət mərkəzləri, eləcə də əhalinin məşğulluğu üçün istehsalat sahələri açıldı. Kənd təsərrüfatını inkişaf etdirmək üçün burda ayrı-ayrı sakinlərə kömək göstərildi və onlara nə lazımsa, onu etdilər. Təbii ki, yeni dirçələn və tikilən qəsəbədə birdən-birə hər şeyi həll etmək mümkün deyildi. Amma qayıdışdan sonra demək olar ki, burda həyat tamamilə dəyişib. İnsanların yaşayışı, dolanışığı, başqa sözlə demiş olsaq, həyat tərzi daha da yaxşılaşıb.

Biz Zobucuqda olarkən bir neçə sakin ilə söhbət elədik. Onlardan biri də Natiq Vəli oğlu Əhmədovdur. O dedi ki, qardaş, biz çox ağır anlar, çətin günlər yaşamışıq. Düzdü, məcburi köçkünlük dövründə bizə İmişli camaatı çox arxa durdu, kömək göstərdi. Bunları ömrümüzün sonuna qədər itirən deyilik. Onlar deyirdilər ki, İkinci Dünya müharibəsində də Füzuli rayonu bizi taxılla, unla təmin edib. Əgər Füzulinin taxılı olmasaydı, o vaxtlar bizim əhalinin çoxu aclıqdan qırılardı. Yəni bu camaat da bizimkilərin yaxşılıqlarını yaddan çıxarmırlar. Amma Vətən, torpaq, doğma ocaq başqa şeydir. Qərib ölkədə xan olana qədər, öz ölkəndə dilənçi olsan yaxşıdı. İndi şükür Allaha, bizim hər cür imkanımız var. Mənim özümün torpaq sahəsi də var, mal-qoyun da saxlayıram, hələ üstəlik, ticarətlə də məşğul oluram. Evimizdəki ailə üzvlərimin hamısı iş-güclə məşğuldur. Bəzi adamlar tənbəllik edib işləmək istəmirlər. Ən azından iş olmasa belə, sənə ayrılmış o torpaq sahəsindən qazanc əldə edə bilərsən. O torpağı əkərsən, biçərsən və yaxşı da qazanarsan. Tək mən yox ey, burda fərasətli adamlar çoxdur, onlar da yaxşı yaşayırlar. Söhbətimizə onun qonşusu Cəfər Əliyev də qoşulur. Deyir qardaş, bir vaxtlar Zobucuqda ilanlar mələyirdi. Bura səhrəya bənzəyirdi, tülküdən, çaqqaldan başqa bir şeyə rast gəlmək mümkün deyildi. Amma yurda qayıdışdan sonra bura cənnətə dönüb. Yazda Zobucuğa gəlsəniz, görərsiniz ki, dağların ətəklərində, yamaclarında əkilmiş zəmilərin arasında lalələr adama gəl-gəl deyir, güllərin, çiçəklərin ətrindən doymaq olmur. Biz bura qayıdandan sonra minlərlə çinar ağacı, küknar və digər ağaclar əkilib. Yolboyu fikir vermisiniz, hər tərəf asfaltdır, şüşə kimidir?! Yolun solunda və sağında çinar ağacları əkilib. Hara getsən yolboyu o çinar ağaclarını görəcəksən, onlar on il bundan qabaq əkilib. İndi çox möhtəşəm və əzəmətli görünür. Bura gələn adamlar Zobucuğun əvvəlini görüblərsə, bugünü görəndə çox təəccüblənirlər. Çünki burda çox möhtəşəm abadlıq və quruculuq işləri gedib. Xəstəxanamız var, məktəbimiz var, uşaq bağçamız var, apteklərimiz də var. Mağazaların və dükanların sayı çoxdur. Mənim özüm də təsərrüfatla məşğulam. Balaca bir ticarət köşküm var. Heç kəs bizə dəyib-dolaşmır, fərasətin varsa, yaxşı işləyirsənsə, dolanışığın da olacaq, güzəranın da! Sadəcə olaraq bir qədər zəhmətkeş olmaq lazımdı. Burda tək biz yox ey, əziyyət çəkən, tər tökən və iş görən hər bir insan yaxşı yaşayır. Özümün maşınım da var, bir yerə getmək lazım olanda taksiyə ehtiyac duymuram, əksinə, mən özüm qonşularıma, yaxınlarıma maşın lazım olanda kömək edirəm.

Yazımızın əvvəlində qeyd etdik ki, el-elə sığışar, ev-evə sığışmaz. Bunu Zobucuqda söhbət elədiyimiz onlarla insanlar da dedilər. Dedilər, bilirsiniz nə var, dünyanın harasına gedirsən get, bal, yağ içində yaşa, öz Vətəninin, öz evinin yerini heç bir şey verə bilməz?! Bunu Zobucuqlu bir sakin də təsdiq elədi. Dedi ki, mən məcburi köçkünlük dövründə Bakıda yaşayan qardaşımgildə qalırdım. Bizə çox qayğı göstərirdilər, amma yenə sıxılırdım, utanıb çəkinirdim. Elə ki, öz evimə, öz yurduma qayıtdım, gördüm ki, öz Vətənimin, öz evimin yerini heç nə verə bilməz. Biz xoşbəxt adamıq ki, uzun ayrılıqdan sonra yurdumuza, Vətənimizə döndük, öz ocağımızı, öz evimizi tikdik. Bu şəraiti bizə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev yaradıb. Allah Ulu Öndərə rəhmət eləsin, ruhunu şad eləsin! Prezident İlham Əliyevə də can sağlığı versin! Onlar ki, bizim işğaldan azad olunmuş 9 rayonumuzu geri qaytardı, bütün qaçqınları sevindirdi, biz Prezident İlham Əliyevdən böyük şəxsiyyət və müdrik rəhbər tanımırıq. Çünki cənab Prezident xalqa arxalanıb, xalq da Prezidentə arxalanıb! Allah Prezidentimizi və xalqımızı qorusun!

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.