21 Noyabr 2023 12:56
3696
ŞOU-BİZNES

“Yusif Mustafayev harda işləyib ki, ona fəxri ad veriblər, amma Manafa yox...”

“Ara oxuyanların əksəriyyəti Əməkdar və Xalq artistidir. Manafın onlardan nəyi əskikdi? İnsanlara əl tutur, qaydına qalır. Mənə,  Hüseynağa Hadıyevə və Akif İslamzadə kimi adamlara fəxri ad verilməyibsə, onda ara müğənnilərinə fəxri ad düşür”

Bunu Adalet.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, müğənni Manaf Ağayevin Əməkdar artist fəxri adına layiq olduğunu bildirib: 

“Manaf da düz deyir. Əgər bu fəxri adı pulla satırlarsa, bəs onda Manafa niyə düşməsin? Yusif Mustafayev musiqi sahəsində harda işləyib ki, Əməkdar artist fəxri adı alıb.  Əlibaba Məmmədovun “Humayun” ansamblında bir gün, beş gün? Nə qədər xarici ölkələrdə qatrollarda olub, musiqi sahəsində nə əmək fəaliyyəti olub ki, Yusif Mustafayev oxuya bilməyə-bilməyə ona Əməkdar artist fəxri adı vermisiniz. 

Əlbəttə ki, fəxri ad pulla satılır. Manafın o qədər müsbət cəhətləri var ki, heç o Yusif Mustafayevdə yoxdur. Manaf ürəyiaçıq adamdı. Mən də Manafın fikirlərini dəstəkləyirəm”-deyə Mirəlev bildirib. 

Qeyd edək ki, Adalet.az-ın əməkdaşının verdiyi xəbərə görə müğənni Manaf Ağayev Əməkdar artist fəxri adına layiq görülməsini istəyib. 

Vasif Əlihüseyn