28 May 2025 11:05
223
GÜNDƏM

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. 

Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Təbrikdə deyilir:

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki  işçilər!

Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, vətənə şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əzmlə davam etdirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müasir müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunaraq ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənmişdir. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi potensialının gündən-günə artırılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artmışdır. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilmişdir.   

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və nəticədə 2020-ci ili Azərbaycan Ordusu xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixində imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Bu tarixi Sərəncam hüquqi, siyasi və ictimai baxımdan böyük əhəmiyyət daşıyır. Konstitusiya və milli suverenlik anlayışları tarixi-hüquqi müstəvidə bir-birini tamamlayaraq ölkəmizin inkişafında həlledici rol oynayır. 2025-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü, həmçinin Konstitusiyanın 11-ci maddəsi ilə təsdiq olunan ərazi bütövlüyümüzün bərpasının 5-ci ildönümü qeyd olunur. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında olmuş tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın iradəsi və qətiyyətli siyasəti, ordumuzun gücü sayəsində Vətən müharibəsindən sonrakı əməliyyatlarla isə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirir, Vətənimizin müdafiəsində əzmlə dayanan bölmələrimiz döyüş növbətçiliyini yüksək səviyyədə aparır, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman olduğu kimi, 28 May – Dövlət Müstəqilliyi Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları  daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Diqqət və qayğı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının, problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!