Zəfər bayrağımız bütün zamanlarda zirvələrdə dalğalanacaq
Ötən əsrin 90-cı illərindən Ermənistan müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməyə başladı. Bir müddətdən sonra bu mənfur, bu qan qoxulu siyasət iki ölkə arasında müharibəyə gətirib çıxartdı. Ermənistan həm o vaxtlar ölkəmizdə hökm sürən hərc-mərclikdən, hakimiyyət boşluğundan, həm də havadarlarının güclü dəstəyindən yetərincə bəhrələnərək ölkəmizin ərazisinin 20 faizini işğal etdi. Hədlərini aşmış, gözləri ayaqlarının altını görməyən qəsbkarlar beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizi zor gücünə işğal etməklə bərabər, ağır müharibə cinayətlərinə də əl atdılar. Düşmənin ələ keçirdiyi ərazilərdə yaşayan soydaşlarımız işğal nəticəsində doğma ocaqlarından köçkün düşdülər. Ata-baba yurdundan qaçqın düşən məcburi köçkünlərin sayı bir milyonu ötdü. Əlbəttə ki, bu, müstəlliyinin ilk çağlarını yaşayan ölkəmiz üçün böyük humanitar fəlakət idi.
Təəssüflər olsun ki, istər ən nüfuzlu beynəlxalq təşkilatlar, istərsə də böyük dövlətlərin rəhbərləri, o cümlədən də artıq tarixin arxivinə verilmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsinə cavabdeh olan ATƏT-in Minsk qrupunun birtərəfli münasibəti, işğalçı ilə zərər çəkənə eyni gözlə baxması, cinayətkar əməllərinə görə Ermənistanın cəzalandırılmaması düşmən ölkəni daha da azğınlaşdırdı. Getdikcə beynəlxalq hüquq və normalara məhəl qoymayan Ermənistan sülh danışıqları prosesində nəyin bahasına olursa olsun, mövcud status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Bu çirkin niyyətinə çatmaq üçün müxtəlif təxribatlara əl atır, heç bir əsası olmayan fikirlər uydururdu. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın uydurmalarına inanaraq Azərbaycanın haqq səsini eşitmirdi. Cəzasız qaldığına görə Ermənistan getdikcə həddini aşır, beynəlxalq qanunlara, sülh çağırışlarına arxa çevirirdi. Havadarlarının dəstəyindən ruhlanan Ermənistan tez-tez təmas xəttində təxribatlar törədir, kimsədən çəkinmədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirib xəyallar qururdu.
Uzun illər ərzində müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini, Ermənistanın ərazilərimizi işğal etdiyini dünya ictmaiyyətinə çatdırmaq istiqamətində çox mühüm işlər aparıldı. Aparılan sistemli və səmərəli işlər nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Bunun da nəticəsində münaqişənin həlli istiqamətində hüquqi zəmin hazırlandı. Dünya gördü ki, Qarabağ Azərbaycanın əbədi-əzəli tarixi torpaqlarıdır.
Azərbaycan dövləti və xalqı Ermənistanın işğalı heç vaxt barışmadı. Arxada qalan illər ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Bu illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Dövlətimizin başçısı 30 avqust 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində bu barədə ətraflı danışaraq demişdir: “Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.”
Beynəlxalq havadarlarına arxalanan Ermənistan qurduğu yeni işğalçılıq xəyallarını reallaşdırmaq üçün 27 sentyabr 2020-ci ildə növbəti təxribat törədərək mövqelərimiz üzərinə hücuma keçdi. Bu təxribat nəticəsində də İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusunun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında müharibənin ilk anlarından cəsarətlə vuruşaraq düşmənə sarsıdıcı zərbələr vurdular. Azərbaycan Ordusu 44 gün ərzində erməni qəsbkarlarını diz çökdürüb təslim olmağa məcbur etdi. Şanlı ordumuz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa yolu qalmadı.
Azərbaycan qazandığı Zəfərlə faşist ideologiyası yürüdən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir itki vermədən 2020-ci il noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad olundu. Bu addımı ilə Azərbaycan dünyada qalib xalq, qüdrətli, məğlubedilməz dövlət kimi tanındı.
Azərbaycan Ordusundan aldıqları sarsıdıcı zərbələrdən geri çəkilən ermənilər acısını yaşadıqları məğlubiyyətdən düzgün nəticə çıxarıb, silahı yerə qoymadılar. Yenə də mövqelərimizi atəşə tutub, təxibatlar törətdilər. Nəhayət, separatçıların cinayət dolu bu hərəkətləri dövlət başçımızın səbrini tükəndirdi. 2023-cü il sentyabrın 19-da qüdrətli Azərbaycan Ordusu Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı antiterror tədbirləri həyata keçirtdi. Ordumuzun zabit və əsgərləri illərdən bəri ermənilərin möhkəmləndirdikləri mövqelərini, beton sədlərini darmadağın etdilər.
Döyüşlərin ilk dəqiqələrindən gözlənilən o idi ki, erməni separatçıları ordumuzun qarşısında uzun müddət dayana bilməyəcəklər. Çünki artıq separatçıların, separatizmin sonu çatmışdı. Çox keçmədi ki, qələbəyə köklənmiş gözləntilər özünü doğrultdu. Əməliyyata başlayandan 23 saat 43 dəqiqə sonra separatçılar ağ bayraq qaldırıb təslim oldular. Özlərini məğlubedilməz zənn edən Ermənistan ordusunun tör-töküntüləri Silahlı Qüvvələrimizin gücü, qüdrəti qarşısında yalnız bu qədər vaxt ərzində dayanmağı bacardılar. Düşmən sentyabr ayının 20-də ordumuzun qarşısında diz çökərək bildirdi ki, mövqelərdən çıxır, döyüşləri dayandırır, silahları yerə qoyur. Sentyabrın 19-u tariximizə separatçılara qarşı həlledici döyüş kimi yazıldı.
2023-cü il sentyabr ayının 19-da başlayan və 20-də başa çatan antiterror tədbirləri Qarabağa əbədi sülh gətirdi. Erməni separatçılarından təmizlənəndən sonra bölgədə böyük quruculuq işlərinə başlandı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında quruculuq işləri bu gün daha da sürətlə davam edir. Gündən-günə abadlaşan Qarabağ getdikcə daha da gözəlləşir. Artıq Xocalı sakinləri doğma ocaqlarına qayıdıblar. Onlar dövlətimizin tikdiyi hərtərəfli şəraiti olan evlərdə yaşayırlar. İşğaldan azad olunmuş bütün bölgələrdə üçrəngli bayramız qalğalanır. Bunu görmək, bunu seyr etmək olduqca qürurludur. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqının qazandığı Zəfər əbədi-əzəlidir. Deməli, üçrəngli Zəfər bayrağımız bütün zamanlarda zirvələrdə dalğalanacaq.
Ədliyyə polkovniki
Elnur Kərimov,
Ağdam hərbi prokuroru