Zəngin olan ölkənin...
Dünyanın bütün çətinliklərinə və problemlərinə baxmayaraq, hər bir ölkə yüksək inkişaf mərhələsinə çatmaq üçün bu və ya digər dərəcədə çıxış yolları axtarır. Başqa sözlə demiş olsaq, bütün ölkələrin dirçəlişi və inkişafı onun iqtisadiyyatı ilə bağlıdır. Təbii ki, iqtisadiyyat zəif olan ölkələrin digər sahələri də bir o qədər nəzərə çarpacaq dərəcədə inkişafdan gerdə qalır. Başqa sözlə demiş olsaq, əgər hər hansı ölkənin iqtisadi problemləri zamanında və vaxtında həll edilməsə, nə onun mədəniyyəti, nə onun elmi, nə də onun digər sahələri inkişaf edə bilər. Ona görə də, bayaq dediyimiz kimi, əksər dövlətlər iqtisadiyyatın inkişafını daim diqqət mərkəzində saxlayır və bu sahədə inamlı addımlar atmağa cəhd göstərir. Heç kimə sirr deyil ki, ən güclü dövlətlər belə beş-on ilin içində yüksək inkişaf mərhələsinə çatmayıb. Bunun üçün on illərlə və bəzən, hətta yüz illərlə vaxt lazım olub. Vaxtı qiymətləndirmək və onu dəyərləndirmək də mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra öz inkişafını, dirçəlişini və tərəqqisini iqtisadi inkişafda gördü və bu sahədə zaman-zaman mühüm addımlar atmağa başladı.
Bir faktı da qeyd edək ki, Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra onun iyirmi faiz torpağı erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Aydındır ki, ərazisinin iyirmi faizini itirən bir ölkənin iqtisadiyyatını qurmaq və eyni zamanda dünyaya inteqrasiya olunmaq elə də asan məsələ deyildi. Ən azı qısa zaman kəsiyində iqtisadiyyatın müxtəlif sahələri, yeni modellərə və müasir yeniliklərə uyğun olaraq qurulmağa başlanmalı idi. Bunu isə tək başına etmək elə də asan məsələ deyildi. İlk növbədə ölkədə sabitlik yaradılmalı, bütün kriminal elementlər aradan götürülməli və tam əmin-amanlıq olduqdan sonra iqtisadi sahəyə böyük sərmayələr qoyulmalı idi. Bunu xarici ölkələr də bizdən tələb edirdi. Ona görə də, ilk növbədə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizdə sabitlik yaradıldı, kriminal elementlər məhv edildi və eləcə də sülh və əmin-amanlıq bərpa olundu. Təbii ki, bundan sonra dünyanın ən böyük dövlətlərinin də Azərbaycana marağı daha da artdı. Heç şübhəsiz ki, hər hansı bir ölkəyə sərmayə qoyan dövlət ilk növbədə o sərmayəni çıxarmaq istəyir və üstəlik də qazanc əldə etməyə böyük maraq göstərir. Bu qazancı əldə etmək üçün isə aydındır ki, çox cəsarətli addımlar atılmalı idi. Həm xarici dövlətlərin şirkətləri tərəfindən, həm də ölkəmiz tərəfindən beynəlxalq layihələr həyata keçirilməli idi. İlk növbədə dünyaya səs salan “Əsrin müqaviləsi”, yəni neft müqaviləsi bağlandı. Bu müqavilə İngiltərənin dünya şöhrətli “BP” şirkəti ilə imzalandı. Əgər Azərbaycan dövləti hər hansı böyük bir layihəyə imza atırsa, demək onun məsuliyyətini dərk edirdi. Bu məsuliyyət həm həmin şirkət tərəfindən, həm də Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə dərk olunur və onun icrası həyata keçirilirdi. Artıq bir neçə ildən sonra həmin şirkətin və Azərbaycanın neft sahəsində əldə etdiyi uğurlar dünyaya səs saldı. Bakı-Ceyhan neft kəməri ilə Avropaya neft göndərildi. Bu isə o deməkdir ki, artıq Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və beynəlxalq aləmdə özünün sözünü deyirdi. Üstəlik də, bu cür möhtəşəm layihənin gerçəkləşməsi Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi. Həmin şirkətlə yanaşı, digər tanınmış şirkətlər də Azrəbaycanla müqavilələr imzaladı. ABŞ-nın, İngiltərənin, İtaliyanın, Macarıstanın, Rusiyanın, Türkiyənin və eləcə də digər Avropa dövlətlərinin Azərbaycanla çox müştərək əlaqələri quruldu. Onlar Azərbaycana sərmayə qoymaqla gördülər ki, həqiqətəndə xərclədikləri maya dəyəri əlavə izafi dəyər gətirir və onların qazancını daha da artırır. Əlbəttə, bütün bu addımların atılması onu deməyə əsas verirdi ki, ölkəmizə dünya dövlətlərinin çox böyük marağı və həvəsi var. Bu təkcə maraqdan ibarət deyildi, bu həm də həmin dövlətlərin Azərbaycana gəlişi demək idi.
Bir-birindən möhtəşəm layihələrin gerçəkləşməsi Azərbaycan iqtisadiyyatının çox yüksək sürətlə inkişafına təkan verirdi. Neft, qaz və digər təbii sərvətlər Azərbaycana sözün həqiqi mənasında milyardlarla dollar vəsait gətirirdi. Bu vəsaitlə ölkəmiz ağır və yüngün sənayeni, kənd təsərrüfatını və digər sahələri inkişaf etdirir və həmin sahələrə də xarici ölkələrin maraqları artırdı. Heç şübhəsiz Azərbaycanın belə bir sürətlə dünya iqtisadiyyatına inteqrasiya olması onun nüfuzunu artırmaqla yanaşı, düşmənlərimizi də narahat edirdi, çünki qonşumuz olan Ermənistan və eləcə də İran bu yüksək iqtisadi inkişafdan bərk qorxuya düşməklə yanaşı, həm də hər cür maneəçilik törədirdi ki, sürətli inkişafımız ləngisin, amma onların atdıqları çirkin addımlara baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, dünya iqtisadiyyatına daxil olurdu.
Azərbycanın beynəlxalq təşkilatlarda nüfuzunun güclənməsi, o cümlədən İslam Əməkdaşlığı İttifaqında olan böyük hörməti istər-istəməz ölkəmizin imicini daha da gücləndirdi, yəni ölkəmizin sürətli tərəqqisi və inkişafı dini bir olan qardaşlarımızın da diqqətindən yayınmadı, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanın və eləcə də digər müsəlman dövlətlərinin ayrı-ayrı şirkətləri ölkəmizlə iqtisadi sahədə böyük əlaqələr qurdular. Bu əlaqələr zaman keçdikcə daha da genişləndi və inkişaf etdi. Dünyanın ən qabaqcıl texnologiyaları, iqtisadi modelləri Azərbaycana gətirildi. Bu texnologiyalar o demək idi ki, ən çətin yerlərdə belə geoloji kəşfiyyat işləri aparılacaq, orada mövcud olan neft-qaz yataqları üzə çıxarılacaq. Bəli, bu həqiqətən də bir müddətdən sonra öz nəticəsini verdi. Yeni texnika və texnologiyanın gücü hesabına Azərbaycanda çoxlu sayda neft və qaz yataqları aşkar olundu. Bununla yanaşı, qızıl yataqları və digər qiymətli metalları mövcud olduğu ərazilər üzə çıxarıldı. Bax, xarici şirkətləri də Azərbaycana cəlb edən, ölkəmizin sərvətinin zənginliyi idi. Bu zənginlik artıq üzə çıxır, konkret məhsula çevrilir və dünya iqtisadiyyatına inteqrasiya olunurdu.
Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə böyük iqtisadi inkişafa və dirçəlişə yeni bir təkan verildi. Qardaş Türkiyə və qonşu Rusiya ölkəmizə böyük maraq göstərdi. Həmin ölkələrin onlarla şirkətləri Azərbaycanda müxtəlif sahələrdə yenidən sərmayə qoydular. Yol çəkilişində, yeni infrastrukturun qurulmasında və eləcə də tikinti sektorunda, fabrik və zavodların inşasında həmin şirkətlərin çox böyük marağı və zəhməti oldu. Bir vaxtlar xarici ölkələrdən silah alan dövlətimiz yeni iqtisadiyyatın inkişafı nəticəsində özü xarici dövlətlərə silah satır. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri yüksələn xəttlə inkişaf edir. Kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq sahələri birmənalı olaraq demək olar ki, tam yenidən qurulub və dünyanın müasir iqtisadi modeli əsasında inkişaf edir. Azərbaycan həm də bu gün bir çox ölkələrə kənd təsərrüfatı məhsulları və eləcə də tərəvəz məhsulları ixrac edir. Heç şübhəsiz bütün bunların mövcudluğu onu deməyə əsas verir ki, ölkəmizin iqtisadi sferada atdığı addımlar dünyanın inkişaf etmiş ölkələri tərəfindən çox böyük maraqla qarşılanır və onlar hər an, hər dəqiqə Azərbaycanla iqtisadi əlaqələr qurmağa maraq göstərirlər. Bu maraq onu təsdiq edir ki, artıq Azrəbaycan siyasi aləmdə olduğu kimi, iqtisadi sahədə də dünyanın diqqətini cəlb edib.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.