“Zoğallamaq” - Pərvanə Bayramqızı yazır
(Dəli şeytan deyir, mətnin adını “Koxau ronqo-ronqo” qoy, heç kim başa düşməsin, maraqlanıb oxusunlar ki, görəsən söhbət nədən gedir. Yox, dəlilərlə sözüm tutmur, mənimki ağıllı adamlardır. İndi hanı 7777 dəli? İndiki dəlilər adamı dəli edirlər. Yazı “Ərincək və robotlaşmış gənclərin dili” başlığı ilə dərc edilsə də uzun olacaq. Yaxşısı “Zoğallamaq”dı. Ta onun nə olduğunu da açıqlamayacam, oxuyun, özünüz biləcəksiniz.
İlk dəfə ağlındakını insanlarla bölüşmək fikrinə düşüb yazını (hansı formada olmağından asılı olmayaraq) kəşf edən o mübarək insanın ruhuna FATİHƏ.
Xahiş edirəm, fikrinizi yemək-içməkdən ayırıb mənlə bərabər siz də "FATİHƏ" deyəsiniz. Həmin şəxsi yerin deşiyində də olsa tapıb çıxarmaq lazımdır. Ona minnətdarlığımı bildirmədən ölmək istəmirəm. Əlinə lələkmi götürdü, ya ondan da qabaq nə iləsə yazıbsa, onu da dünyanın ən qiymətli əşyası kimi qorumağa hazıram. Nə yaxşı hiss edib ki, onun ağlına nəsə gəlib, ürəyindən nəsə keçir bunu danışmaqdan başqa da hansısa yolla ətrafdakılara çatdırmalıyam. Yazını kəşf edən ilk insanın sümükləri durursa Allah torpağını namərd adamların tapdağından qorusun. Nə gözəl kəşfdir. Bəh-bəh. Mən onsuz yaşaya bilmirəm.
Nə yaxşı ki, yazmaq varmış.
İlk yazı sisteminin şumerlərə məxsus olduğunu göstərirlər, oxuduqlarımıza görə onlar ilk dəfə taxılın, mal-qaranın hesabatını aparmaq üçün gil fiqurlardan istifadə ediblər. Misirlilərsə heroqliflər yaradıblar. Çinlilər də öz yazı sistemlərini icad ediblər. İlk əlifbanı isə 1050-ci ildə yaşamış finikiyalılar yaradıblar.
Şumerlərin gil lövhələr üzərində qamış qələmlə yazdıqları da bir versiyadır.
Görəsən, təsərrüfatın qeydiyyatını aparmaq, unutmamaq üçün gil fiqurlar yaradan qədim şumerləri riyaziyyatın banisi hesab etmək olar, yoxsa yazmağın?
Hər halda mühasibat uçotuna daha yaxındır, amma göründüyü kimi hətta vacib elm sahəsi olan riyaziyyat özü də yazının sahəsində meydana gəlib
Farsların da asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın sayını təyin etməkləri haqqında məlumat var.
Perulularsa ipi düyünləməklə mürəkkəb anlayışlar ifadə edirmişlər. Meksikalılar bunun vasitəsilə müqavilələri, bütöv əhvalatları ifadə edirmişlər.
Qədim hindlilər Koxau ronqo-ronqo adlanan həmin düyünlü yazı ilə hətta tarixi hadisəni təsvir edir və şeir də yaza bilirmişlər.
Böyük inkişaf yolu keçən yazının mənə doğma görünən növü qədim hindlilərinkidir, çünki bu "yazı" ilə onlar şeir yazıblar.
Dediklərini başqasına çatdırmağın bir yolu da balıqqulağı olmuşdur. Şimalı Amerika hindularının bəzi tayfaları bu vasitədən geniş istifadə etmişlər.
Şəkillə əşyalarla fikir ifadə etməyi ilk yazı kimi qəbul ediblər.
Yazının yaranma ardıcıllığını, hansı vasitələrlə ötürüldüyü haqda məlumat aldıq. Müasir dövrümüzdə, gözümüzün qabağında yeni qəribə yazı “növü” meydana gəlməkdədir. İştirak etdiyim verilişlərdən birində müasirlərimizin "icad etdiyi" "tşk", "zm.o.", "ok", "slm" kimi "son model" yazı növünə verdiyim "tərifdən" danışdım. Hamının verilişə baxmaq imkanının olmadığını nəzərə alaraq həmin “tərifi” yazılı şəkildə də diqqətə çatdırmaq istəyirəm, bu cür qısaltmalarla yazılmış sözlər tələskən, ərincək və robotlaşmış gənclərin dilidir. Texnikanın sürətli inkişafı əl-uzunluq etdikcə sözlərin dili qısalır. Əlac ona qalıb ki, telefonlarda elə funksiya quraşdıralar, sözləri səhv, yaxud qısa yazanda dona, ekranda "öldürsən də gedən deyiləm" cümləsi görünə. Məcbur olub axırda düz yazalar.
Söhbət yazı növündən düşmüşkən, el arasında bir də "zoğallamaq" sözü yazmaq mənasında işlənir, növünü isə gəlin özümüz izah edək.
Görəsən, meyvə-tərəvəzi, xörəyi hərəkət üzərinə köçürmək söz qıtlığındandır, yoxsa izah edənin fikrini ifadə edə bilməməyindən irəli gəlir?
Bilirik ki, “zoğallamaq” kimi ifadə edilən söz kövşəmək sözündən törəyib, boşboğazlıq etmək mənasında işlənir, bəs niyə məhz zoğal? Bunu da öz qənaətimə uyğun açıqlayım: zoğal ağızbüzəndi, mənasız sözləri eşidəndə də adamlar ağız büzürlər, məncə, ona görə boş-boş danışmaq zoğallamaq sayılır.
Çox vaxt başdansovdu yazmağa da “zoğallamaq” deyirlər.
Şagird vaxtımın bir xatirəsi ilə əlaqədar az qalıram "zoğallamaq" sözünü riyazi termin hesab edim.
Riyaziyyatı sevmirdim, könülsüz yazdığım misalı müəllim yoxlayandan sonra bəlli oldu ki, təkcə könülsüz yazmamışam, eyni zamanda, səhv yazmışam. Müəllim dilxor halda: bu nədi — dedi, – zoğallayıb getmisən.
Muncuq kimi yazmaq ifadəsi də var, bu, mətnin mahiyyətinə aid edilmir, onu yalnız estetik tərəfdən göstərir. Zoğallamaqsa birbaşa məzmuna güzgü tutur. Bir də ibtidai sinif müəlliməm səliqəsiz yazıb qara salanlara “kotanlamısan” deyirdi. Maraqlı bənzətmələri xatırladıqca gülümsəyirəm. Görəsən, müəllimlərimiz yazını qorumaq üçün belə ifadələr işlədirlər, yoxsa şagirdlərinin “meydana gətirdikləri” yeni “növ”ün adını qoyurlar?


Bakı -°C

