adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ANAMI, YOXSA BALAMI?

MAHİR QABİLOĞLU
20019 | 2018-08-29 22:13
Işdəyəm. Amma fikrim tamam başqa yerdədir. Oğlumu bağçaya qoymuşam. Xəstə anamı isə qonşuya tapşırmışam. İşdəyəm. Çörəkpulu qazanıram. Uşaq üçün çörəkpulu, anam üçün dərmanpulu. İşdəyəm. Müdir danlayır. Çünki işə gecikmişəm. Dinmirəm. Uduram sözlərini. Çörəkpulu qazanıram axı. Dərmanpulu qazanıram axı. Müdirin sözlərini udmasam, onda uşağım da çörək yeməz. Anam da dərman udmaz. İşdəyəm. Zəng gəlir. Bağça müəlliməsidir. Hövllənirəm. Görən nə olub. Hövlnak telefonu açıram:
- Alo.
- Xuraman xanım, mənəm. Arifullanın bağça müəlliməsi.
- Tanıdım. Nə olub? - deyə həyəcanla soruşuram.
- Arifulla oynayanda yıxılıb, qolunu sındırıb. Təcili yardım çağırmışıq. İlk yardım göstərib. İndi uşaq xəstəxanasına aparırıq. Siz də təcili ora gəlin.
Tez ayağa durub, çantamı qapıram. Pilləkanları enib küçəyə çıxıram. Taksi əyləyirəm. Maşına otururam. Sürücü soruşur:
- Xanım, hara gedirik?
Bu zaman yenə zəng gəlir. Qonşumuzdur.
- Xuraman, ananın vəziyyəti pisdir. Səni arzulayır. Deyəsən...
Tutuluram. Bilmirəm nə cavab verim. Hər gözümdə bir yaş gilələnir. Birini silirəm, o birinisə yox.
- Sür, qardaş. Məni təcili uşaq xəstəxanasına çatdır.

TƏQVİM / ARXİV