adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

DANIŞMAQ GÖZƏLDİ, YOXSA DİNLƏMƏK?

FAİQ QİSMƏTOĞLU
79054 | 2016-07-16 00:43
... Dünyada elə insanlar var ki, danışanda adam onların söhbətindən doymaq istəmir. Sanki onlar danışmırlar, sözlərindən, kəlmələrindən bal damır. Biz Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) oxuduğumuz illərdə professorlar Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Şamil Qurbanov mühazirə oxuyanda sanki özümüzü göy üzündə və onun yeddinci qatında hiss eləyirdik. Onlar mühazirə oxumurdular, onlar bal kimi şirin söhbətlər eləyirdilər. Ən çətin, ən mürəkkəb fəlsəfi fikirləri də o qədər sadə və aydın dildə çatdırırdılar ki, çox vaxt bizə oxumağa ehtiyac qalmırdı. Çünki böyük ziyalıların bal kimi şirin söhbətləri yaddaşımıza əbədi həkk olurdu...
... Hələ mən onu demirəm ki, rəhmətlik Qulu Xəlilov Hüseyn Cavid kimi böyük bir fəlsəfi şairi bütün incəlikləriylə, xırdalıqlarıyla bizə sevidirməyi bacarmışdı. Qulu müəllim danışanda özümüzü cənnətdə hiss edirdik. Hiss eləyirdik ki, bu ağayana, qəlbi və içi dolu ziyalı öz bildiklərini bizim yaddaşımıza, ürəyimizə, qəlbimizə ötürmək istəyir... Və bu gün də seçdiyimiz jurnalistika aləmində hansı uğurları əldə eləmişiksə, məhz belə ziyalılara, alimlərə, professorlara minnətdarıq. Çünki onlar gün işığı kimi tükənməyən, bitməyən, enerjilərini bu eldə, bu obada biz gənclərdən əsirgəmədilər. Allah onların məzarlarını nurla doldursun, ruhlarını şad eləsin!
Çox istedadlı yazarlar və mənim yaxın dostlarım - Seyran Səxavət və Aqil Abbas da danışanda adam iki əlini çənəsinə dirəyib elə saatlarla onlara qulaq asmaq istəyir. Çünki bu yazarlar təpədən-dırnağa qədər nurlu, işıqlı və böyük qəlb sahibidilər. Onların danışığından, söhbətindən doymaq olmur. Ən azından ona görə ki, hər iki istedadlı yazar xalqla öz dilində çox sadə və səmimi söhbət eləyir. Başqaları kimi danışanda mücərrəd, terminlərlə söhbət açmırlar. Elə onları da çoxsaylı oxuculara və tamaşaçılara sevdirən məhz bu qədər səmimi və sadə dildə insanlarla danışmalarıdı. Yaxın tanışlarımdan biri deyir ki, Aqil Abbası televizorda görəndə zalım oğlunun söhbətindən doymaq istəmirəm. İnanın, onu həyatda bir dəfə də görməmişəm. Bir dəfə görmədiyim adam mənim üçün o qədər doğma, o qədər əziz və o qədər istəklidir ki, onu həmişə televizor ekranlarında gözüm axtarır. Elə ha istəyirəm ki, bir dəfə gedib o nurlu kişiylə özüm tanış olum. Hələ ki, tanış ola bilməmişəm...
Biz bal kimi söhbət açan və hər kəlməsindən bal daman bir çox istedadlı ziyalıları xatırladıq. Mark Tvenin belə bir gözəl deyimi var: "Danışmaq dinləməkdən gözəl olsaydı, Allah-Təala adama iki qulaq verdiyi kimi, iki də ağız verərdi".
Mark Tvenin bu sözləriylə razılaşmaq da olar, razılaşmamaq da. Amma mənim tanıdığım böyük ziyalılar gözəl danışdıqları kimi, gözəl də dinləməyi bacarıblar və hər şeyə sevgi ilə yanaşıblar. Ancaq bir məsələyə toxunmaq istəyirəm ki, elələri var ki, danışır, ancaq başqasının söhbətinə qulaq asmaq istəmir. Bax bu cür insanlar da istər-istəməz başqaları tərəfindən çox vaxt qınağa məruz qalırlar.
Bir dəfə televiziya kanallarının birində iki məşhur jurnalist söhbət eləyirdi. Daha doğrusu, biri müsahibə alırdı, o birisi isə onun suallarına cavab verirdi. Musahibə alan jurnalist gənc idi. Müsahibə verən isə uzun müddət Azərbaycan Televiziyasında işləmiş istedadlı xanımıydı. Aparıcı ona danışmağa imkan vermir, tez-tez sözünü kəsir və fikrinə müdaxilə eləyirdi. Axırda o hövsələdən çıxdı və aparıcıya dedi ki, ay rəhmətliyin qızı, dilotu yemisən? Məni bura dəvət eləmisən, sual verirsən və imkan ver, mən də suallarına cavab verim. Yoxsa nə danışana aman verirsən, nə də onu dinləmək istəyirsən. Təbii ki, aparıcı jurnalist onun bu iradlarından nəticə çıxardı və sonradan səhvini düzəltdi.
Sözümün canı ondan ibarətdir ki, hər hansı məclisdə, çay süfrəsi arxasında əyləşəndə bir də görürsən ki, kimsə çox maraqlı söhbət eləyir. Və bu vaxt fikri uzaqlarda olan məclis iştirakçılarından biri müdaxiləyə başlayır. Yəni bilmir ki, söhbət nədən gedir. Bax onda da əsl həngamə başlanır. Xalq dilində demiş olsaq, "qızıl xırdalayan" adamın əsəbdən cin vurur başına və söhbətini dayandırır. Müdaxilə eləyən adam da boş-boş danışır və axırda da görür ki, heç kim ona məhəl qoymur, sözünə nöqtə qoyur...
Bir Azərbaycan filmi var, amma adı yadımdan çıxıb. Orda bir epizod var ki, Türkiyədə əsirlikdə olan adam hər dəfə danışmaq istəyir, onun sözünü kəsirlər. Bir dəfə, beş dəfə, kişiyə imkan vermirlər ki, ağzını açsın. Elə deyəndə ki, mən Türkiyədə əsirlikdə olanda... Bax, onda yenə danışmağa qoymurlar. Günlərin bir günündə də dostları görür ki, həmin adam Fransadan gələn turistlə fransız dilində danışır. Onlar məəttəl qalırlar. Soruşurlar ki, a kişi, sən bu fransız dilini harda öyrənmisən? Özün savadsız adam, amma dili "semişka" kimi çırtlayırsan. Həmin kişi əsəbi halda dillənir:
- Qoyurdunuz deməyə? Hər dəfə ağzımı açıb danışmaq istəyəndə ağzımdan vururdunuz. Bəs demirdim ki, mən Türkiyədə əsirlikdə olmuşam. Bax, onda da fransız dilini öyrənmişəm.
Deyirlər ki, danışmaq gümüşsə, susmaq qızıldı. Bunu nə dərəcədə düzgün deyirlər, bax, onu anlaya bilmirəm. Yaxşı danışmaq, fikri gözəl ifadə eləmək məncə, qızıldan da, brilyantdan da qiymətlidi. Kimlərsə bəlkə susmaqdan xeyir tapıb. Amma söz var ki, onu zamanında deməsən, həmin söz səni sel kimi götürüb apara bilər. Bəziləri elə bilir ki, hər adam gözəl danışır. Bir çox halda heç nədən xəbəri olmayan adamlar da ağzına gələni danışırlar.
Bunların nə Seyran Səxavətin, nə Aqil Abbasın bal kimi şirin söhbətinə heç bir aidiyyəti yoxdu. Çünki bu iki böyük ziyalının hər söhbəti, hər danışığı özü bir məktəbdir və özü bir həyat sevgisidir. Gəlin danışanda elə danışaq ki, kiminsə əti tökülməsin və söhbətimizdən bezib qaçmasın...

TƏQVİM / ARXİV