adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Kosmosdamı bizə ikili standartlardan yanazır?

SEYRAN SƏXAVƏT
52397 | 2011-04-12 07:01
Ötən ayın sonlarında Ermənistan rəsmiləri mayın 9-da "Xankəndi aeroportu"nun açılışını edəcəklərini bəyan etdilər. Əla, etsinlər. Amma gec-tez biz də torpaqlarımızı azad edib ya həmin aeropotdan, ya da ondan yaxşısını inşa edib istifadə edərik.
   
   Elə bu məlumatdan az əvvəl Azərbaycanın işğal altında olan ərazilərində BMT nümayəndəsinin iştirakı ilə ATƏT-in Sahə Qiymətləndirmə missiyasının hesabatı təqdim olunmuşdu. Artıq hesabatla yanaşı "Xankəndi aeroportu" məsələsi də neçə müddətdir gündəmi ələ alıb müzakirəyə çevrilməkdədir. Hətta Azərbaycanda sadə vətəndaşdan başlamış rəsmilərimizə kimi hamı Ermənistanın "Xankəndi aeroportu"nu beynəlxalq səviyyəli bərpadan sonra yenidən istismara hazırlaşmasından danışır. Özü də məhz Şuşanın işğalı günündə. Bunlar hamısı bir tərəfə.
   
   Qəribəsi nədir? Qəribəsi, daha doğrusu ağrıdıcısı odur ki, Azərbaycan rəsmiləri erməni siyasətinin əsirinə çevrildilər. Etiraf olunmasa da, nə yazıq ki, bu belədir. Çünki Azərbaycanın Xankəndi şəhərində heç sovet dönəmində aeroport olmayıb. Xocalı şəhərində aeroport olub və ətraf ərazilərdə yaşayan insanlarımız da məhz ondan istifadə ediblər. Ta ki, Xocalının başı üzərində birləşmiş rus-erməni qara buludu dolaşana və həmin məşum gecə-Xocalı Qətliamı olana kimi. Bunu ötən həftə Milli Məclisin iclasında əslən Xocalıdan olan və bu şəhərin bütün mənalarda müdafiəsinə rəhbərlik etmiş deputat Elman Məmmədov dedi. Bunu deməklə o, heç kimdən heç olmasa bundan sonra yanlışlığa yol verməmələrini də xahiş etmədi. Düz də elədi!
   
   Əksinə onun bu etiraz dolu iki-üç cümləlik nitqində də xahiş deyil, daha çox "bəsdirin, bu, qədər də olmaz" hökmü hiss olunurdu. Bu bir azərbaycanlının timsalında, bütövlükdə məlumatlı olanların hayqırtısı idi. Həmin çıxışı dinləyən şəxs olaraq bu etirazın bomba effekti yaradacağını, rəsmilərin bir-birinə dəyəcəyini və səlahiyyətlilərin belə böyük bir yanlışlığa yol verdiklərindən üzrxahlıq diləyəcəklərini gözləyirdim. Normal halda bunun əksini düşünmək də olmaz. Amma təəssüflər olsun ki, belə bir hal baş vermədi. Əksinə, yenə də televiziyalarımızın ekranlarından "Xankəndi aeroportu" ifadəsi əvvəlki tempi ilə səslənməkdə, qəzetlərimizin səhifələrində də "Xankəndi aeroportu" yazılmaqdadır.
   
   Sual olunur nə baş verir, niyə həqiqətlərimiz Ermənistan rəsmilərinin sloqanları ilə əvəzlənir? Tutaq ki, Ermənistan işğalda saxladığı Dağlıq Qarabağı öz ərazilərinə birləşdirmək niyyəti ilə ətraf əraziləri də ona əlavə edib hüquqi don geydirməyə və bu yolda əlavə olaraq da yeddi rayonu girov saxlamaqdadır. Bu niyyətini reallaşdırmaq üçün Xocalı şəhərindəki aeroportu da inşa edib "Xankəndi aeroportu" kimi təqdim edir. Bəs, biz nədən ona bu işdə əvəzsiz yardımımızı əsirgəmirik? Bəli, bəli, məhz yardımımızı! Bunun başqa adımı var? Əgər varsa, onda buyursunlar rəsmilərimiz izahını versinlər.
   
   Digər bir tərəfdən də Azərbaycanın İstanbuldakı konsulluğunun internet saytında 31 Mart soyqırım günü ilə bağlı tarixi faktlar təhrif olunur. Bununla da hətta ermənilərin ağlına gəlməyəcək yalanı bizimkilər başara bilirlər. Axı dövlətin rəsmi strukturlarının belə bağışlanmaz yanlışlıqlara yol açmalarının səbəbi nədir? Bu faktla bağlı bildirildi ki, sən demə saytdakı məlumatlar əvvəlki konsulluğun dönəmindən qalıb. Belədirsə, lap pis. Çünki bildiyim qədər sabiq konsul Səyyad Aran ailəsi erməni vandallığını öz həyatlarında yaşamış soydaşlarımızdan, dədə-baba yurdları olan İrəvandan qovulanlardandır. O zaman Səyyad Aran başqa məsələdə olsa da (Hərçənd rəsmi görəv başında olan şəxsin dövlətlə bağlı məsələlərdə yanlışlığa yol verməsi bağışlanmazdır-G.Q) heç olmasa belə məqamlarda hədsiz diqqətli olmalıydı. Amma görünən odur ki, həmin "məlumatlar"a ən adi nəzər belə salınmayıb. Əgər nəzər salınsaydı, çox güman ki, bu biabırçılıq da yaşanmazdı.
   
   Mənim kimi əksəriyyət belə halların birinci olmadığı kimi, sonuncu olmayacağına da əmin deyil. Kaş ki, əksi baş versin. Təki, yanılan bizlər olaq.
   
   "Xankəndi aeroportu" məsələsinə gəlincə, bir məqam məni ciddi düşündürür. Zaman-zaman bizim rəsmilərimiz erməni tapdağında qalan ərazilərimizdə ermənilərin nələr etdiklərini Kosmosdan izlədiklərini, şəkilləri çəkdiklərini və bütövlükdə əldə etmiş olduqları məlumatları beynəlxalq qurumlara təqdim etdiklərini bəyan edirlər. Onda sual olunur, bu Kosmos izləmələrində aeroportun inşası niyə, hansı səbəbdən nəzərlərdən yayınıb? Bəlkə Kosmos da məsələyə ikilistandartlardan yanaşır, ermənilərin tərəfini tutur, gözlərimizi pərdələyir, bizi aldadır, həqiqəti gizlədir? Bəs, ATƏT-in Sahə Qiymətləndirmə missiyasının hesabatında niyə bu məsələ əksini tapmayıb? Beynəlxalq qurumlar elə beynəlxalq hüquq nomalarına əsasən işğalda olan ərazilərdə belə hallara rast gəlinməsinin yolverilməz olduğunun fərqindədirlərmi? Bəs, rəsmi Bakı necə, heç olmasa növbəti görüşdə hesabat müəlliflərindən bu boyda həngamənin sənəddə niyə yer almamasının hesabını soracaqmı? Nəsə. Hərə öz işində. Yalanı yalan, yanlışı yanlış ilə. Bəlkə bizlərin yaşamı da "yalan dünya" dedikləri bu aləmdə yalandan başqa bir şey deyil? Doğrudan da biz yaşayırıq?

TƏQVİM / ARXİV