224 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı

174 | 2025-03-17 11:18

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonu və 1 şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Ağcabədi rayonu Şənlik kəndində, İsmayıllı rayonu Qəzli kəndi ilə Göytəpə kəndi arasında yerləşən yaşıllıq ərazidə, Göygöl rayonu Xəqani bələdiyyəsinə məxsus torpaq sahəsində, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 5 ünvanında meşə fonduna daxil olmayan, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 224 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 222-3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

TƏQVİM / ARXİV