EHH, HABİL QURBANOV… - Aqil ABBAS yazır

AQİL ABBAS
414 | 2025-03-11 18:00

Bu da 70! Bu 70 ilin 30 ilini yaşamadıq ki. Hər gün çərlədik, öldük, dirildik. Qarabağ dərdi, Vətən dərdi...

Amma min şükür, 30 il çərləsək də, axırı yaxşı oldu. Qələbəmizi gördük, Şuşanı, Xankəndini gördük, Ağdamı gördük. Adamlar dilxor olurdu ki, Ağdamda  bir dənə daş daş üstə qalmayıb, yazıçı Vahid Qazinin yazdığı kimi, «Ruhlar şəhəri»di.  Amma mən də həmişə deyirdim ki, evdi də, dağıdıblar təzəsini tikəcəyik, torpağı ki  daşıyıb aparmayıblar. Özü də hər daşını  sevinc göz yaşlarıyla qoyacağıq. Bizim sevinc göz yaşlarımızdan daşlar da çiçək açacaq. 

Üç-dörd gün bundan qabaq getmişdim. Elə bir şəhər tikirlər ki, bəlkə də Azərbaycanda o gözəllikdə şəhər olmayacaq. 

Professor, heç vaxt yadımdan çıxmaz,  Ağdamın işğalından bir gün sonra sənin dostlarla bir yerdə camaata ərzaq aparmağımız. O dəhşətli bir mənzərə idi. İki gün idi camaat yolların kənarında, işıq yox, su yox, ac-yalavac. Mənim payıma da çörək düşmüşdü – beş min çörək. Maşını saxlayıb çörəyi paylamadım, elə əsgərlərlə maşının arxasına çıxıb gedə-gedə çörəkləri yolun kənarındakı camaata atırdıq. Ağdam camaatına ey, ömür boyu kef içində yaşamış Ağdam camaatına. Çörəyi havada tuturdular. Mən həyatımda bundan böyük faciə görməmişəm. İndi də yadıma düşəndə ağlayıram. Elə yazını yazanda da özümü saxlaya bilmədim. Allah bir də millətimizə belə günlər göstərməsin. 

Müharibə vaxtı da, işğaldan sonra da səninlə, dostlarımla tez-tez gedirdik Ağdama, təbii ki, dolu maşınlarla. 

Yadımdadı, bir dəfə girdik bir bahalı mağazaya. Bir kostyumu seçdin, tufli, köynək, qalstuk aldın. Səhər Ağdama gedəsiydik.

Dedim ki, Qurbanov, bunları neyləyirsən? 

- Səyavuş müəllimə hədiyyə aparıram. Qoy Bakıya iclaslara çağırılanda bu bahalı kostyumu geyinsin, deməsinlər  Ağdam yoxdu deyin, başçı belə kasıb geyinib. 

Onda hələ Qərvənd işğal olunmamışdı, rayon icra hakimiyyəti bu kənddə yerləşirdi. Sənin aldığın geyim-gecimi görən Səyavuş müəllim çaşdı, bilmədi nə desin. 

Sən isə:

- Qardaş, iclasa gedəndə bunu geyinərsən. 

Tez-tez gedirdik. Adik Mehdiyev də komandir idi, qərargahı da Mahrızlıda. Hər gedəndə də əsgərlərimiz üçün təzə yorğan üzü, döşək üzü, balış üzü, odeyallar aparırdıq. 

Yolda heç bir yeməkxanada saxlayıb çörək yemirdik. Məktəbdə oxuyanda pambığa gedənlər kimi yol azuqəmizi özümüzlə götürürdük, maşınların kapotu üstünə düzüb yeyirdik ki, vaxt itirməyək. 

İndi o günlər arxada qalıb. Möhtərəm prezidentimiz Həzrət Əli qılıncı ilə Qordi düyününü kəsib atdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. 

İndi sən də, mən də  Ağdamı su yolu etmişik. 

Atan Surxay Qurbanovun direktor işlədiyi 3 nömrəli  məktəb bir az çəpəki tikilmişdi. Evimizə yaxın olduğundan hər dəfə gedəndə məktəbə gedib Surxay müəllimi yad edirdim. Məktəbin iki divarı  qalmışdı. İndi Allaha şükür, 3 nömrəli məktəbi yenidən Surxay müəllimin adına layiq tikirlər.
Allah qoysa, Ağdama köçərsən, nəvələrin də babalarının məktəbində oxuyar. Hərçənd ki sən özün atanın məktəbində yox, 1 nömrəlidə oxumuşdun, Süleyman müəllimin məktəbində. Görmüsən də, Süleyman müəllimin məktəbini necə tikiblər?!

Ehh, Habil Qurbanov, gəldin çatdın 70-ə! Mən 70-i iki ildi başa vurmuşam. 

Ürəyimdə bircə arzu qalıb, xanımımla da razılaşmışam, şəhərə ilk köç başlayanda köçəcəm Ağdama. Yarım qalan ömrümü doğma şəhərimizdə keçirəcəm. 

Bunu sənə də arzulayıram. 
 

  • Mart:
  • 7

TƏQVİM / ARXİV