adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  II (DAVAMI)

AQİL ABBAS
990 | 2023-01-10 11:05

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLLİ BURADA

Şakir maşını Qəssab Qulamgilə yox,  Anbardar Həsəngilə sürdü, siqnalladı. Anbardar Həsən çıxdı,  üzünü  Şakirə  tutub heç salam da vermədi, dedi:

- Xeyirdimi, ə, lotu?

- Ə, nemes, məndən  heç ziyan görmüsən?

- Heç xeyir də görməmişəm.

- Sədrin qonaqları var, dedi ki yaxşı bir  toğlu  versin.

Anbardar Həsən dilxor oldu. Hamı bilirdi ki, Həsən gedib  Ağcabədidən say-seçmə quzular  alır, böyüdüb bazarda babat  qiymətə  satır. Anbar öz yerində, bundan da  babat  pul qazanır, asan deyil Bakıda  üç uşaq  oxutmaq. Bayramda-filanda  da  sədrə bir heyvan  göndərərdi.

- Ə, mən  ferma müdiriyəm? Mən zapçast, yanacaq işinə baxıram ey, nə qədər istəyirsən  benzin verim, salyarka  verim. Dədəyin Mozdokdakı goru haqqı, uşaqların  əyin-başını zorla yetirirəm. Hələ   o Bakıdakı namərd müəllimləri demirəm.

- Ə, zarıma. Bu anbarı  dədəyin malı kimi işlədirsən, kolxozun yox. Maa dediklərini də Sədrin özünə deyərsən. Vermirsən, cəhənnəmə ver. - dedi və getdi  maşına  tərəf. - Gedib kişiyə deyim ki, vermədi də.

Anbardar Həsən qorxdu:

- Ə, dayan görüm. Məni zibilə salma. - dedi və gəlib oturdu maşına; - sür aşağı, uşaq orda otarır. Gedək lap birini  özün seç.

Anbardar Həsən gedərdi Ağcabədiyə  yalvarıb-yaxarıb  qaradolaq cinsi alıb  gətirərdi. Qaradolaq cinsinin də  ceyrandan  bircə fərqi o idi ki, qoyun idi vəssalam, amma dadı-tamı  ceyran ətinin  dadı-tamını verərdi.  Uzunboylu ceyrana  oxşayan qoyun idi.

- Şakir, sən dədəyin goru, qaradolaq cinsinə dəymə, onları  döl almaq  üçün gətirmişəm.

- Bir əlli  manat ver, onlara  dəymiyim.

Anbardar  Həsən Şakirin Mozdokda qalan  dədəsinin goruna  ürəyində söyə-söyə  çıxarıb əlli manatı  verdi. 

Şakir  də  qara toğlulardan birini götürüb sonra maşını  sürdü Qəssab Qulamgilə.

- Ə, nemes, bunu kəs, sonra da  hamısını  kabablıq doğra. Kişi yuxarıda gözləyir.

Qəssab Qulam gördü  bu toğlu deyil, ceyrandı:

- Şakir, onu  ver mənə, hazır  cəmdəklərdən birini   kabablıq eləyim, apar.

- Hə, sən öl, sən  ağzının  dadını  bilirsən, kişi ağzının  dadını  bilmir?! Davay!

Qəssab Qulam:

- Şakir, sən  öl, bir  əllilik verirəm. Hayıfdı,  qoy o qalsın.

- Ə, yox, kişiyə namərdlik edə bilmərəm.

Yolda bağa girib  bir az kal üzüm  yığdı ki, vursun  ətə, olsun  məcun.  Qalxdı  Abdala.

Girişdəki  restoranda vur-çatlasın  vardı, Abdal Qəhrəman saz üstündə oxuyurdu. Ətrafı səs-küy  bürümüşdü. Maşını saxladı və  yeməkxananın  müdirini  çağırdı:

- Ə, bu nə səs-küydü?

- Bilmirəm, Surxay müəllimin Bakıdan qonaqları  gəlib, Qəhrəmanı da çağırıblar onlar üçün çalıb-oxuyur.

- Ə, nemes, onlara deynən  səslərini  bir az aşağı salsın, yuxarıda Katibin  qonaqları var.

- Şaka, mən nətəər deyim? Bakıdan gəliblər,  gələnlərin biri də Aqil Abbasdı.

- Kim? Nə Aqil Abbas ə, yox bir Həzrət  Abbas. O kimdi ki?

- Məşhur  jurnalistdi, Abdal Qasımın  anekdotlarını  yığan oğlan, Aşıq Xaspoladın da dostu. O qaz iyirmi  dörd də onundu.

- Ə, istiyir  Aqil Abbas olsun, istiyir nə Abbas. Get onlara denən  ki, yuxarıda  Katibin  qonaxları var. Heç Aqil Abbas onların  dırnağına da dəyməz. Bir az özlərini  adam kimi aparsınlar.

- Baş üstə, Şakacan!

Qonaqlar  nərd oynayırdılar. Katib də çay içə-içə Şairə burda görəcəyi  işlərdən  danışırdı:

- Görürsən də Amfiteatr  hazırdı. O  üç mərtəbəsi hazır  olan da oteldi. Kateclərin  sayını   xeylaq  artıracam.  Sanatoriya da işləyir, meşədə  Turşsu  çıxır, onu da  bura  çəkdirirəm.  Day mineral  vannadan ötrü  Kislovodskiyə getmək lazım deyil.   Buranı  Kislovodskidən də gözəl edəcəm,  Əyləncə Mərkəzi-zad da  düzəldəcəm.

Şakir ətlə  qoranı   möhkəm-möhkəm  qarışdırdı, sonra bir az dincə qoydu ki, ət qoranın  suyunu  canına  çəksin, manqalı  qaladı. Surenin  verdiyi  böyürtkan  arağını da qoydu  stolun  üstünə.

Katib:

- Bu nədi, ə, çaxırdı?

- Yox, yoldaş Katib, böyürtkan  arağıdı.

- Nə arağıdı?

- Böyürtkan.  Suren bağışlayıb.

- Böyürtkan  arağını  birinci dəfədi eşidirəm. Şeytanın ağlına  gəlməyən bu  ermənilərin  ağlına  gəlir də.  Bir süz görüm.  Xoşum  gəlsə Səyavuşa tapşıraram  bir qurğu da  bunun  üçün  qoydurar.

Katib əvvəl-əvvəl bakaldakı  arağı  iylədi:

- Ə, bundan  heç araq  iyi  gəlmir axı  bəlkə kompotdu?

- Vallah, içməmişəm.

Katib  bir qurtum  içdi,  dodaqlarını  yaladı:

- Ə, bu araq deyil ey, baldı-məcundu.

Badələr  dolduruldu, böyürtkan arağı hamının  xoşuna  gəldi.

Katib:

- Qalanını  qoyarsan  maşına,  axşam  Qonaq  Evində qarışdırmayaq.

Doktor  Şakirin  əyri-üyrü  sifətinə   baxıb dedi:

- Şakir, Leninqradda  Gözəllik İnstitutu  var, dostlarımdı, istəyirsən səni  göndərim  ora, sir-sifətinə bir  əl  gəzdirsinlər, lap olasan  Alen Delon.

- Ay doktor, mənim sir-sifətimi nemesler  də yığıb düzəldə  bilməz.  Mənə  zbor  baş lazımdı.

Hamını  gülmək  tutdu.

Şair:

- Şakir, deyirlər   sən  yaxşı  sağlıqlar  bilirsən, bəlkə birini  deyəsən?

- Deyirsiz deyim də.

Şakir özünə də bir az  böyürtkan  arağı süzdü, badəni  yuxarı   qaldırıb dedi; -  İçək   çay qırağında bitib  susuz qalan ağacların  sağlığına.

Qonaqlar təəccüblə hamısı  bir-birinə baxdı:

- Şakir, bu  nə  sağlıqdı, çay qırağında bitib  susuz qalan  ağacların  sağlığına…

- Vallah, nə bilim,  Ağdamın  özündən  deyən  oğlanları həmişə bu sağlığa  içirlər.

Professor  alnını qırışdırdı, bir az fikrə getdi  və dedi:

-  Mən bundan  gözəl  sağlıq  eşitməmişdim. Bu çox müdrik bir  kəlamdı.  Yəni demək istəyirlər ki, içək bu  millətin   sağlığına.

Şair:

- Professor, bəlkə bir  açıqlayasınız.

- Burda  açıqlamalı bir  şey yoxdu. Hər şey aydındı. Su qırağında  bitib susuz  qalan  ağaclar!  Dəniz qırağında bitib o dənizin balıqlarına  həsrət  qalan  balıqçılar. Nöyütün ortasında bitib  nöyütsüz qalan  ağaclar. Bir milyon  ton  pambıq verib kəfənsiz  qalan  ağaclar. Dünyaya  elm  bəxş edib özü bu  elmdən   kənar  qalan  ağaclar… Sayım, bəsinizdi?  Çay kənarında bitib  susuz qalan  bu  millətdi də.

Hamı bir-birinin  üzünə baxdı. Professorun  ağzından  od tökülürdü. Sonra   professor qalxdı ayağa, badəsini  qaldırdı və dedi:

- Su qırağında  bitib   susuz qalan  millətin  sağlığına.

Hamı qalxdı ayağa və bu  sağlığa   ayaq  üstə  içildi.  Bayaq sağlıq deyəndə bir az qorxan  Şakirin  qırışığı açıldı:

- Professor, belə  çox  sağlıq  bilirəm ey, qalsın  gələn dəfəyə.

Və getdi  kababını  çəkməyə.

Sədrin  sürücüsü pıçıltı ilə Şakirə dedi:

- Ə, qaqa, bunların donuzu əskikdi, bunlar  niyə hökumətin  əleyhinə  danışır.

Şakir:

- Ə, nemes, istəyirlər sənlə mənim də  donuzum   əskik olsun da.

Yendi Kəhrizə.  Qadınlar pal- paltarlarını   yuyurdular, uşaqlar da Kəhrizin  qabağında düzəltdikləri  gölməçədə  çimişirdilər. Doyunca su içdi, sonra əl-üzünü  yudu.

Bu vaxt Kəhrizin qabağında  bir  maşın  saxladı. Maşından bir cüt  ər-arvad düşdü. Arvadın qucağında bir  uşaq vardı. Ərklə verdi ərinə, bir az da  əsəbi halda:

- Ala!

Əri də xanımından qorxa-qorxa uşağı aldı.

Bu vaxt Şakiri gülmək tutdu:

- Ay bacı, ərindən muğayat ol, arvad eşalonnandı, kişi talonnan.

Kəndin  bütün arvadlarını  gülmək tutdu. Şakir bunu deyən vaxt  restorandan bir nəfər  alt köynəkdə, bir az da kefi kök düşürdü Kəhrizə tərəf.

Şakir onun  qarşısını kəsdi:

- Ə, nemes, get əyin-başını düzəlt, burda arvad-uşaq var.

Kəhrizə  düşən adam Şakirin sir-sifətindəki halı görüb özünü  düzəltdi və qayıtdı geri.

Şakir də Kəhrizdən bir bardaq su götürüb  qayıtdı qonaqların yanına.

Qonaqları yola salandan sonra yenidən özü  bir yüz qram vurdu , sonra da yendi kəhrizə, möhkəm-möhkəm əl-üzünü yudu, ovuclarını  doldurub  doyunca su içdi və bütün kefliliyi getdi. Sonra qalxdı yeməkxananın qabağına. Sakitlik idi.

Xörəkpaylayandan soruşdu:

-  Nə sakitlikdi? Deyəsən, qonaqlarınız gedib.

- Hə, Şakir əmi, elə indicə getdilər.

Əyləşdi maşınına, düşdü aşağı, evlərinə tərəf. Abdal yolundan dönüb idarəyə  çatanda gördü ki, məhlələrinə xeyli adam toplaşıb. Maşını yolun bir  kənarına verib saxladı. Yaxınlaşdı adamlara tərəf.

- Nə olub, ə? Nə yığışmısınız bizim evin qabağına?

Market Vəliş:

- Şaka, başın sağ olsun, eşşəyini  maşın vurub öldürüb.

Adamlar aralanıb ona  yol verdilər. Gördü ki, bayaq yeyib-içən oğlanlardı, təlaş içindədirlər. Eşşəyi də uzanıb yolun ortasına. Üzünü  yığışan  adamlara tutub  dedi:

- Bu bəxtəvərin  nə çox qohum-əqrəbası  varmış, ə? Nə yığışmısınız, dağılın xarabanıza.

Amma heç kim  dağılmadı.

Yeyib-içən oğlanlar, başda Aqil Abbas olmaqla,  başladılar ona yalvarmağa:

- Şakir əmi, sən Allah, bağışla, bir xətadı əlimizdən çıxıb. Eşşəyin qiymətini de, nə qədər  desən  pul veririk. Yüz manat, iki yüz manat, beş yüz manat… Nə qədər istəsən.

Şakir bu eşşəyi qayınatasının danlağından  sonra qonşu Bağbanlar kəndindən əlli manata almışdı. Arvadı atasına  şikayət eləmişdi ki, bulaqdan səhənglə su daşımaqdan çiynim əyilib Rəmiş kimi gedirəm.

Qayınatası da Şakirə hirslənmişdi ki, bu boyda kənddə eşşək yoxdur ki, qız səhənglə su daşıyır?! Şakir də cavabında demişdi:

- Niyə yoxdu, elə birini də sizin kənddən  gətirmişəm.

Qayınatasının danlağından  sonra kənddə  eşşək hamıya  lazım olduğu  üçün öz camaatlarından satın almağa  eşşək  tapmamışdı, düşmüşdü  Bağbanlar kəndinə və birini  tapıb almışdı.

Sonra yemək-içmək vaxtı bağbanlılar ona söz atmışdılar:

- O qotur  eşşəyi də  əlli manata  sırıdıq sənə.

Və gülüşmüşdülər. Amma Şakir  elə bir söz demişdi ki, bağbanlıların dəymişi dura-dura kalı tökülmüşdü:

- Heç vecinizə almayın, bizim o böyük gədə var ey, onu indiyəcən min manatlıq… 

Və yazılası  mümkün olmayan söz demişdi.

İndi şəhərin  yeyib-içən  uşaqları  əlli manatlıq eşşəyə beş yüz manat oxuyurdular.

- Ə, bu zəhrimarı  bir az az için də. Biz içmirik  ölürük? Pulunuzu  da soxun filan yerinizə. Götürün  eşşəyi də atın baqajınıza.  Eşşəyi  öldürənə  sürütdürərlər.  Aparın bir dərədə basdırın.

Şəhərli uşaqlar nə qədər əlləşdilər eşşəyi  yerdən qaldıra bilmədilər. Kənd camaatı kömək elədi, sonra birtəhər sürüyüb baqaja  qoya bildilər.  Amma baqajın qapısı örtülmədi. Uşaqlar sevinə-sevinə maşına  oturub  tərpəndilər.

Şakir  yenə üzünü tutdu camaata:

- İndi gedin xarabanıza.  Yas-zad verməyəcəm.

Sonra da bir kənarda  dayanıb  ağlayan balaca  oğluna yaxınlaşdı, təpəsinə də bir qapaz saldı:

- Ə, niyə ağlayırsan? Eşşək oğlu eşşək. Dədən  ölüb?  Sabah sənə  ondan qəşəng eşşək  alacam, nə qədər  istəsən  minərsən.

Və uşağın  əlindən tutub gətirdi Market Vəlişin dükanına:

- Ə, ordan buna  bir paçka  peçenye ver.

Market Vəlişin oğlu:

- Şakir əmi, qağama denən bir paçka da maa versin.

Şakir üzünü tutdu Market Vəlişə:

- Ə, niyə ölüb  yerə girmirsən, uşağa   peçenye ver də.  kasıf düşəssən? Pulunu məndən çıx.

Sonra da oğlunun  əlindən tutub getdi evinə.

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

 

 

TƏQVİM / ARXİV