"Son dövrlər çox insan gəlir qazanmaq istəyərkən əslində illərlə yığdığı pulları itirir. Tiktok, Teleqram və digər sosial şəbəkələrdə bir çox fırıldaq sxemləri "investisiya" adı ilə insanların cibinə girir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, sizə illik 5 faizədək gəlir vəd edirlərsə, bu ənənəvi depozit, istiqraz kimi alətlərdir:
"Gəlir azdır, amma pul təhlükədə deyil. 6-12 faiz aralığında vədlər varsa, bu artıq real xidmət və ya kirayə gəliri ola bilər. Araşdırılsa, sənədlərlə təsdiqlənsə, mümkündür. Əgər 13-25 faiz arası gəlir vəd edilirsə, burada artıq suallar yaranmalıdır. Yalnız konkret fiziki iş varsa, istehsal, emal və s. mümkündür. Amma sizə izah etmirlər ki, bu qazanc haradan gəlir, onda düşünün. 26-40 faiz arasında gəlir təklifi eşidirsinizsə, diqqət ən yüksək olmalıdır. Real görünə bilər, amma bu artıq sərhəd zonasıdır. Əgər konkret məhsul, ticarət, satış strukturu göstərilmirsə, ehtiyatlı olun.
Və nəhayət, əgər sizə illik 40 faizdən yuxarı gəlir vəd edilirsə, bilin ki, bu fırıldaq ehtimalı ilə doludur. Bu gəlirlər yalnız saxta piramida sistemlərində, ya da çox böyük risklərlə mümkündür. Xüsusilə, 60 faizdən yuxarı vəd edilirsə, izaha belə qulaq asmadan qaçın", - deyə iqtisadçı bildirib.