ABŞ tərəfdaşlarını müharibəyə hazırlayır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1411 | 2023-04-28 11:53

Avstraliya Birləşmiş Ştatlardan 5 ədəd "Tomaqafk" qanadlı raketləri ilə təmin olunmuş "Virginia" atom sualtı qayıqları almağa hazırlaşır.

Avstraliya çoxdan sualtı donanmasını yeniləməyi planlaşdırdı. Hələ 2016-cı ildə yeni sualtı qayıqların hazırlanması ilə bağlı müsabiqə də elan etmişdi. Lakin mütəxəsislər müasir tipli sualtı qayıqların hazırlanması əvəzinə ABŞ -dan "Virginia" atom sualtı qayıqlarının alınmasının daha məqsədəuyğun olduğunu bildirirdilər.

Müsabiqəni Fransa udsa da, AUKUS təşkilatının yaradılmasından sonra, Avstraliya tərəfi 2021-ci ildə onunla bağladığı müqaviləni ləğv etdi. Nəticədə indi məlum olub ki, Avstraliya Birləşmiş Ştatlardan bir neçə "Virginia" tipli atom sualtı qayıqları almaq istəyir. Bundan başqa AUKUS tərəfdaşlığı çərçivəsində Böyük Britaniya ilə birgə öz hərbi donanmalarlnı gücləndirmək məqsədilə çoxməqsədli atom sualtı qayıqlarının quraşdırılmasına başlamaq niyyətindədir.

Təbii ki, Avstraliyanın hərbi dəniz donanmasının gücləndirilməsi ABŞ-ın göstərişi ilə həyata keçirilir. "İlanı seyid Əhmədin əli ilə tutmağa" daha çox üstünlük verən Birləşmiş Ştatlar, Sakit okean hövzəsində Çinə qarşı yeni qüvvələr hazırlamağı planlaşdırır. Gücləndirilmiş donanma, İndoneziya ətrafında daha inamlı hərəkət edə bilər.

ABŞ hazırladığı bu planları bəyənir və dəstəkləyir, çünki əsas məqsəd Çinin bir neçə istiqamətdə kommunikasiya xətlərini təhlükə altında qoymaqdır. Şimal tərəfdən Yaponiyanın hərbi bazaları, qərbdən ABŞ, cənubdan isə Avstraliya atom sualtı qayıqları Çinə zərbələr endirə bilərlər.

ABŞ uzun illər bundan əvvəl, hələ Corc Buşun prezidentliyi dövründən başlayayaraq, Çinin kommunikasiya xətlərinin qapadılması məqsədilə planlar həyata keçirilməyə başlayıb. Bir sözlə ABŞ Çinin bütün yollarını bağlamağa, Çin isə bunun qarşısını almaq üçün mübarizə etməyə çalışırlar. Vaşinqtonun region tərəfdaşlarının bu döyüşə hazırlamaq planları açıq ortadadır.

 

TƏQVİM / ARXİV