“AĞ GƏMİ»NİN SAKİNLƏRİ

VAQİF YUSİFLİ
25439 | 2019-06-21 17:06
Böyük rus tənqidçisi V.Q. Belinski məqalələrinin birində yazırdı ki, dramaturgiya ədəbiyyatın ən çətin janrıdır, dramaturqlar anadan dramaturq kimi doğulurlar. Azərbaycan ədəbiyyatına nəzər saldıqda biz bunun əyani şahidi ola bilərik. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı kimi öləməz sənətkarlarımızın bədii yaradıcılığa məhz dram əsərləri ilə başladığı məlumdur. Amma istedadı olan hər bir müəllifin poeziyadan ya nəsrdən dramaturgiyaya keçidini də çox görmüşük. Təbii ki burada həmin müəlliflərin dram əsərinin məna və mahiyyətini, strukturunu, konflikt və xarakter qarşıdurmasını bədii şəkildə qavramağı əsas rol oynayır. Lənkəranda yaşayan, bu vaxta kimi şair və nasir kimi tanıdığım Əziz Kərim (O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 85 yaşı var, neçə şeir və nəsr kitabının müəllifidir) «Ağ gəmi» adlı pyeslər kitabını oxuculara təqdim edib. Bu pyeslər səhnədə işıq üzü görməyib, amma yaxşı rejissor əlinə düşsə, yeddi pyesdən bir neçəsi öz tamaşaçılarını sevindirə bilər. Qoy bu barədə müəllif özü fikirləşsin. Amma bir məqamı qeyd edim ki, yazılan pyeslər təkcə səhnə üçün düşünülmür, bu, həm də oxunmaq üçün yazılır və bizim ədəbiyyatda belə nümunələr az deyil.

Əziz Kərimin «Ağ gəmi» kitabında toplanan pyeslərin mövzusu əsasən müasir həyatdan alınıb. Müəllif bilavasitə gördüyü, müşahidə etdiyi hadisələri qələmə alıb. Məlumdur ki, dramaturgiya başqa ədəbi növlərə nisbətən oxucuya, tamaşaçıya daha yaxın və kütləvi bir janrdır. Şeirdə, poetik əsərlərdə müəyyən hissiyyvi, ağılla ürəyin vəhdətini əks etdirən çalarlar üstün yer tutur, nəsrdə təhkiyə tərzi, nəqletmə, obrazlar, onların qarşılıqlı münasibətləri əsas yer tutur. Dramatik əsərlərin xarakteri və bədii imkanları isə tamam fərqlidir. Dram əsərində hər şey açıqdır, sən hadisələri öz gözlərinlə seyr edirsən, burada çoxlu obrazlar və süjetlər yarana bilməz, mümkün qədər təsvir olunan hadisələr dinamik olmalıdır, müəllif təsvir etdiyi hadisələri və obrazları geniş ümumiləşdirmə və fərdiləşdirmə prizmasından keçirməlidir.Amma təbii ki, dram əsərlərində konflikt başlıca rol oynayır. Əziz Kərim də bütün bu qaydalara əməl etməyə çalışıb.

«Ağ gəmi» pyesi həıcminə görə çox genişdir, görünür, müəllif onu düşündürən məsələləri tələsmədən, ardıcıllıqla verməyə, göstərməyə çalışmış, mətləbi çox uzatmışdır. Pyesdə ailə-məişət hadisələri kriminal hadisələrlə vəhdət təşkil edir. Cəmiyyətə, insanlıq aləminə zidd olan hadisələr ailədə də, qarşılıqlı münasibətlərdə də təzahür edir. Əvvəlgə havdisələr bir-birinə qonşu olan ailələrdə baş verir. Polkovnik Məhər, onun arvadı Kişvər xanım, qızı Afət, oğlu Rəvan onlara qonşu olan Əzimgillə isti münasibət qurmağa çalışırlar. Elə görünür ki, bu münasibətlər qarşılıqlı olacaq, amma hadisələr tədricən yeni məcraya yönəlir, açıq və gizli konflikt məqamına yetişir. Məhər və arvadı Kişvər zəngin yaşayırlar, yeganə dərdləri budur ki, oğlanları Rəvan xəstədir, haçansa qəzaya uğrayıb, sözünü bilmir. Əzimin oğlu Elcan isə xaricdə tibb təhsili alıb, gözəl cərrahdır və Rəvanı sağaldır. Beləliklə, ailələr arasında xoş münasibətin yaranacağına ümid oyanır. Amma məsələ burasındadır ki, Elcan Məhərin qızı Afətə aşiq olur və onların arasında təmiz bir sevgi münasibəti yaranır. Amma Məhər və arvadı Kişvər bu münasibətin əleyhinədirlər. Onlar öz qızlarını Təhlükəsizlik komitəsində böyük vəzifə sahibi olan Generalın bacısı oğlu Əfqana vermək istəyirlər. Çünki Əfqan gec-tez dayısı kimi şanlı-şöhrətli bir insan olacaq. Qardaşı Rəvan da buna razıdır. Amma malliyyat və zənginlik üstündə qurulan bu ailənin qızı Afət tamam fərqli bir düşüncəyə, əxlaqa sahibdir. O, evdə, ailədə yaranan xoşagəlməz hadisələrdən bezikir, işsiz qalmağı da ona dərd olur. Nəhayət, buna dözməyib fermada işə girir. Afətlə Əfqanın qarşıdurması, qızın heç bir şeydən çəkinməyib onun qüsurlarını, yaramaz hərəkətlərini üzünə deməsi konfliktin şiddətini artırır. Gəlin, bu dialoqa diqqət yetirək:

«Afət. Ürəyi qəliz insanda pak məhəbbət ola bilməz! Bağda hürən bir itə qulaq asmaq, sevmədiyin bir insana qulaq asmaqdan daha yaxşıdır.
Əfqan. Sən bu sözləri kimə deyirsən?
Afət. Eşidənə. Səni bu həyətdə, bu evdə bir daha görməyim. Mən sevmədiyim bir insanın murdar cəmdəyinə tüpürməyə həmişə hazıram. Sevgi xəbis ürəklərdə gül aça bilməz.
Əfqan. Sən nə bilirsən mənim ürəyim təmiz deyil.
Afət. Sənin ucbatından bir qız məktəbi yarımçıq qoyub səninçün uşaq böyüdür.
Əfqan. Kim sənə böhtan deməyi öyrədib?

Afət. Sənin internet saytına girmişdim. Sonra qızın da səhifəsinə girdim. Səni çox alçaq və iyrənc bir adam kimi göstərir. Səni ona görə məhkəməyə vermir ki, anan gündə qıza yalvarır. İndi deyirsən bunların hamısı yalandır? O yazıq qız pula, evə aldanıb, həyatını məhv edib. Sizin hərəkətiniz sizin simanızı gözümdə adi bir iblisə döndərib. Sən lənətə layiqsən. Cinayətkarlara bir gün azadlıqda yaşamaq qazancdır. Tanınmış biqeyrətlər başlarına əmmamə qoymaqla mömün roluna girirlər. İblis məlakə roluna girsə belə yenə qəlbimə yol tapa bilməz. Sərvət heç zaman nanəcibliyi təmizliyə çıxara bilməz. Özün günah dənizində çabalayırsan, başqasını da ora dartmaq istəyirsən. Ora sizə hələ yaşıl çəmən kimi görünür. Ancaq ora dəhşətli, yandırıcı bir ilğımdır. ..Mənə görə sən hələ kamaldan çox uzaqsan. Get tayını tap».

Göründüyü kimi, burada kəskin bir münaqişə baş verir və Fəqan bu ittihamlara dözə bilməyib ayağa qalxır, otağı tərk edir. Ancaq məsələ bununla bitmir. Məhər və Kişvər xanım qızlarının xoşbəxtliyini Əfqana ərə getməkdə görürlər, hətta qızdan xəbərsiz nişan gününü də təyin edirlər. Amma bun işan günü baş tutmur.Rəvan yenə bir xəta törədir, bıçaqla xidmətçini yaralayır. Beləliklə, kolnflikt gərginləşir. Bundan sonra isə kriminal aləmdə fəaliyyət göstərən Məhərin mühakiməsi başlanır. Cinayət törədənlər öz cəzalarına çatırlar.Əzimə, «Ağ gəmi»yə qurulan qəsdlərin heç biri baş tutmur.
Əlbəttə, bu pyesdə bəzi ixtisarlar aparmaq mümkün idi. Afət obrazı da daha cəsarətli verilə bilərdi. Afətlç Elcanın sevgisi də daha qabarıq nəzərə çarpmalıydı.

Əziz Kərimin radiopyeslər müsabiqəsində mükafata layiq görülmüş «Səs» pyesi bizim fikrimizcə, onun ən yaxşı dram əsəridir. Burada doxsanıncı illərin ən çətin günlərində -ölkəni bürüyən maddi sıxınılardan ılardan söz açılır. Əlbəttə, pyesdə «istehsalat» mövzusundan irəli gələn bəzi qüsurlar da nəzərə çarpır, amma əsas odur ki, müəllif heç bir süniliyə yol vermədən çörək zavodunda işləyən fəhlələrin –ümumən kollektivin qarlı-şaxtalı gündə necə fədakarlıqla çalışdıqları təbii təsir bağışlayır.. Pyesin sonunda Qənizadənin çıxışı da bu mənada qondarma təsir bağışlamır. O deyir ki: «Hamı çörəyə and içir, bu müqəddəs nemət sizin əlinizdədir. Atalar deyiblər ki, çö.rəyi ver çörəkçiyə, birini də üstə, necə deyərlər, zər qədrini zərgər bilər. Mənim əzizlərim, siz bu tufanda böyük bir qələbə qazandınız. Alıcıları halal çörəklə təmin etdiniz».

«Qaynaşan buludlar» pyesində isə müəllif mənəvi –əxlaqi bir problemə müraciət edir-insan elmi təfəkkürlə, həyat fəlsəfəsi ilə yaşasa o, uğurlar qazanar, yeni kəşflərə yol açar. Ancaq həyatda maniələr çoxdu, elə xəbis adamlar var ki, onları elm yox, yalnız özlərini düşünmək, kiminsə parlayan karyerasına əngəl yaratmaq düşündürür. Onların maddi aləmi yaxşı insan olmalarına əngəlliklər törədir. Pyesdə Şıxlı adlı bir professorun elmi kəşflərindən, onun şöhrətli bir alim kimi bütün dünyada tanınmağından söhbət gedir. Bu ailənin tərkibi qarışıqdır. Şıxlının arvadı Alimənin birinci ərdən Vaqif və Lalə adlı uşaqları da bu evdə yaşayırlar. Vaqif də, Lalə də Şıxlını öz ataları bilir, ona həmişə hörmət edirlər.Vaqif özü də məşğul olduğu elm sahəsində kəşflər etməyə həvəslidir. Bəs elə isə bu ailədə niyə konflikt yaranır? Konflikti yaradan Alimənin bacısı Dilşad, qardaşı Mərdan və Şıxlının sürücüsü Vahiddir. Dilşad başqalarını ləkələmək, qara yaxmaq üçün hər cür yola üz tutur. Dilşadın məqsədi budur ki, Laləni Vahidə versin, amma bu, mümkün deyil. Ona görə də Dilşad, Mərdan və Vahid bu gözəl ailənin ittifaqını pozmaq, Aliməyə-Şıxlının həyat yoldaşına və Laləyə təsir göstərməyə çalışırlar. Əlbəttə, zahirən bu münaqişə o qədər əhəmiyyətli görünmür, amma kiçik münaqişə də faciə yarada bilir. Mərdanla Vahid Vaqifə qəsd edirlər. Beləliklə, gözəl bir ailə nəfslərin güdazına gedir.
Əziz Kərimin «Silahlı qadın» pyesi isə vətənpərvərlik ruhu ilə diqqəti cəlb edir. Pyesdə Sədaqət adlı bir kəndli qadının Qarabağ uğrunda döyüşlərdə göstərdiyi hünərdən söz açılır. Sədaqət adlı bu qadının oğlu şəhid olub, o, cəbhəyə geri dönmək üçün gəlməyib. Deyir ki: «Əynimdəki əsgər paltarına baxın. Bu, mənim şəhid olmuş oğlumun əsgər libasıdır. Güllə izi düz ürəyinin başındadır. Mən iki oğlumun məzarı başında and içmişəm ki, onların qanını almayınca bu paltarı soyunan deyiləm». Polkovnik Mərdanov üzünü əsgərlərə tutub deyir ki, bu anna dəhliz döyüşündə qəhrəmancasına şəhid olmuş Gülverdiylə Haqverdinin anasıdır. Anacan, biz sənin hüzurunda baş əyirik.

Əlbəttə, Qarabağ döyüşlərində də mənən cılızlar, öz mənfəətini güdənlər oluö və müəllif Zalımov obrazında qismən də olsa, onların cizgilərini yaradıb.Əlbəttə, bu obraz bir az sxematikdir, gərək onun namərdliyi dolğun veriləydi. Amma əsərdə vətənpərvərlikdən irəli gələn bir döyüş ruhu var ki, Elgiz, Qorxmaz, Həsrət, Şahmar, Şəfiqə obrazlarında reallaşır.Qorxmazla Şəfiqənin qarşılıqlı sevgi münasibətləri də təbiidir Pyesin sonunda səslənən bu marş isə müəllifin məramını aydın ifadə edir:

Addımlarım mətindir,
Sənsiz mənə çətindir.
Nəyim varsa, Vətənim,
Sənin məhəbbətindir.
And içərəm adına,
Anam, bacım, qadına.
Sonunadək yanaram
Atəşinə, oduna.

Əziz Kərimin pyesləri barədə sözümüzü burda bitirək və arzu edək ki, yaşının doxsanını, yüzünü görsün, yazmaqdan yorulmasın…

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV