
Söhbət Sabir Adilin kitabından gedir
Bu gün mən bir daha təsadüfüm olmadığına inandım. Əmin oldum ki, təsadüf elə zərurətin özünün diktəsidir. Məhz həmin diktə çəkib gətirir təsadüfü adamın qarşısına. O cümlədən də mənim.
Qəribədir, cəmi 7 gündü qardaşımı itirmişəm, adı da Sabir. Onu düşünə-düşünə kitabxanamda tüstülənən siqaretin tüstüsünü izləyirdim. Birdən diqqətimi bir kitab çəkdi. Baxmadan əlimi uzadıb götürdüm. Sabir Adilin kitabı idi. Düşündüm ki, bəlkə də təsadüfdü. Amma inanın ki, kitabı götürüb baxmadan açanda da ilk qarşılaşdığım şeir ölümlə bağlı idi. Bax, onda mən bildim ki, bunlar təsadüf deyil, bunlar mənim ruhumun axtardığı, aradığı, söykənmək istədiyi nöqtələrdi, məqamlardı. Mən qardaşım Sabirin kədərini dostum Sabirin cismani yoxluğunu sözünün rəngində tapıram, belə qarşılaşıram, belə görüşürəm Sabir Adillə. Kitaba hələ 2003-cü ildə belə yazıbdı Sabir Adil:
«Əziz qardaşım, istedadlı şair dostum Əbülfət bəyə hədiyyə». Kitabın da adı «Ağlayan divarlar». Görün nə qədər təsadüf var. Bunlara təsadüf demək olar? Mən deyə bilmərəm. Çünki Sabir Adil yazır ki:
Ölüm qabağı söylənilmiş
vəsiyyətə oxşayır
bu bazar ertəsi havanın rəngi.
Heyvanlar da
quşlar da yalvara-yalvara
bıçaq
güllə altına qaçırlar
bu bazar ertəsinin qoynundan qopub.
Adamlar ürəklərini
qollarını
ayaqlarını dartıb qoparıb
bir-bir atırlar
Silah altına qaçan
heyvanlara, quşlara.
Ölmüş quşların
tükünə qanına qovuşur
göy üzünün axan qanı
yolunmuş tükü.
İnsan oğlu özünü öldürəmmir
quşların da
Göy üzünün də qanqarışıq tükü
Göz yaşlarında üzür.
Zalımın əlində ölməkdənsə
çarmıxa çəkilmək gözəldi.
O da, o da yoxa çıxmışdı
qovub tuta bilmədikləri
ürəkləri, qolları, ayaqları da
öz duasını söyləyəmməyən
çarmıxların ardınca qaçmaqdaydı.
yorulmuşdu çarmıxlar da
bu bazar ertəsində
Ölüm qabağı söylənilmiş
Havadakı vəsiyyətə sarı qaçmaqdan.
Mən Sabir Adillə eyni zaman kəsiyinin ədəbiyyat adamlarıyıq. Açığını deyim ki, onu «Papaq» filminə görə daha çox sevirdim. Çünki həmin filmin ssenari müəllifi idi. Və o senaridə Azərbaycan reallığı, Azərbaycan koloriti o qədər gözəl qələmə alınmışdı ki, onu izləməkdən doya bilmirdim və böyük məmnuniyytlə bu gün də izləyirəm. Bunu ona görə vurğulayıram ki, Sabir Adil şeirində də koloritini, yumorlu idi. O sözün damarına mütləq təbəssüm qatırdı. Görünür elə bu səbəbdəndir ki, qısa ömründə ölümün də özünü güldürdü. 2005-ci ildə dünyadan köçəndə namərd infarktı elə güldürdü ki, nə doğmaları, nə dostları Sabirin köçünə inana bilmədi, amma köçdü. Bu min bir sifətli dünyadan köçünü çəkib getdi, sözünü, izini, yaratdıqlarını bizə əmanət etdi. O sözlər, o izlər o qədər həzindi, o qədər düşündürücü və səmimidir ki, ondan yan keçmək mümkün deyil. Çünki o, sözü ruhundan çırpırdı, tut kimi, meyvə kimi. Bax, bu şeirə diqqət yetirin. Onda mənimlə razılaşacaqsınız:
Sıxıb ürəyimə kövrəkliyimi
Çöllərin canına düşəcəm.
Əllərimin olacaq içi
İlk düşdüyüm mənzilim.
Yovşanlardan dəstə bağlayacam
İkram edəcəm otuz yaşına.
İyindən özümü itirəcəm
İtirəcəm yaşımın bu çağında.
Silkələyəcək duyğularımı
Bir vaxtlar bu çöllərdə dolaşan,
Süpürgə yığan xəyal bir qızın
Şoran yeyib çürüyən məzarı.
Şeiri oxuduqca bir daha Allahın Sabir Adilə nə qədər dərin düşüncə, məntiq və bütövlükdə istedad bağışladığının şahidi oluram. O həm rəssam kimi, həm şair kimi, həm senarist kimi, həm də sanki fotoqraf kimi hər şeyi anında görür, dəyərləndirir və onların alt qatına nüfuz edə bilir. Üstəlik, o insan duyğularını oxumağı, onu sapa düzməyi də bacarır. Sizə təqdim etdiyim şeirdəki mənzərə, ovqat, özü-özlüyündə insanın gözünün qarşısına bir kənd qızını, bir tərəkəmə qızını, bir pak, məsum gözəli gətirir. Onun yaşamı, onun təbiətlə təması və sonda xəyal olduğu və o xəyalın da məzarının şoranlıqda yox olması…bütün bunlar nə qədər adi, amma nə qədər də böyük bir təsvirdir. Özü də sözlə, misralarla… Sabir Adil istər bir neçə bəndlik, istər dörd misralıq şeirlərində həmişə fikri bədii təsvirlə cilalayır, yəni fikrin üstünə sanki tül çəkir və bu o qədər zərif olur ki, az-çox duyumun olsa dərhal onu görəcəksən, hiss edəcəksən. Məsələn:
Qaçmaqdan kəpənəyim yorğun və sonsuz
Öləcəyini bilirmi görən məsələ.
O dünyada bir də təsadüf edəcək
Ruhumuzla gözlərimiz məsələ.
Və yaxud:
Çiçəyim sənin duaların varsa
Mənim də vardı dünəndən.
Gecələri dua et ancaq ey qoca
Yoxsa gündüzlər uzaqlaşarıq Allahdan.
Bəli, mən yaşadığım qardaş itkisinin sızıltıları içərisində bir dost acısını da təkrar ruhuma hopdurdum. Yəni ruh adamının istənilən an, istənilən yerdə haya çatdığının, səsinə səs verdiyinin şahidi oldum. Ona görə də ötəri də olsa «Ağlayan divarlar»ı bir də vərəqlədim. Nə edim ki, bu anlar təkcə divar ağlamır, həm də duyanlar, duyğulular ağlayır. Amma sonuncuların ağlamağı yaşatmaq üçündür, əbədi yaşatmaq üçün.