adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: BİZƏ NİYƏ QƏZET LAZIM DEYİL?

AQİL ABBAS
13991 | 2021-12-14 09:05

(I məqalə)

 

Rəhmətlik Şirməmməd Hüseynovun bir sözü vardı, deyirdi: «Bolşeviklər hakimiyyətə qəzetlər vasitəsilə gəldilər. Və qəzetlərin gücünü bildiklərinə görə sonra bütün qəzetləri bağladılar».

Və sonra da öz qəzetlərini açdılar. İçində dişə vurmağa heç nə olmayan «Kommunist» qəzeti 500 min tirajla, gənclərin heç bir ümdə problemlərinə toxunmayan «Azərbaycan gəncləri» 600 min tirajla çıxırdı. Və günortadan sonra da köşkdə qalmırdı.

İndi deyirlər qəzetlər alınmır, oxunmur. Bu camaat qəzeti hardan alsan? «Qasid» firması vardı Bakıda, şəhəri qəzetlə təmin edirdi. Bağlandı, köşkləri götürüldü. «Qaya» firması var, onu da elə günə qoyublar ki, «Molla Nəsrəddin»in təbirincə desək, quş həddinə düşüb. Metroda qəzet satışına icazə verilmir. Küçələrdə əldə qəzet satmaq dayandırılıb. «Mətbuatyayımı» da birtəhər başını girəliyir və deyəsən, son günlərini yaşayır. Bu boyda firma özəlləşdirilib, niyə və nə üçün?

Hər rayonda bir qəzet köşkü var. Elə rayon var ki, heç o köşk də yoxdu.

Bakıdakı qəzet köşkləri də əslində univermaqdı və qəzet satmağa da maraqlı deyillər.

Əslində ölkədə qəzetlərin bərəkətinə Əli Həsənov oturdu və qəzetləri üç kateqoriyaya böldü. Və kateqoriyaları da özü müəyyənləşdirdi: iyirmi neçə ildi gündəlik çıxan qəzetləri 2-ci kateqoriyaya , on beş ildi çıxan və cəmiyyətdə heç bir nüfuzu olmayan qəzetləri 1-ci kateqoriyaya. Ən çox oxunan idman qəzetləri heç kateqoriyaya da düşmədi. Sonra 2-ci kateqoriyalara da əl gəzdirdilər – «Ayna-Zerkalo», «Bizim yol» kimi nüfuzlu qəzetlər də fəaliyyətini dayandırdı.

Qəzet tarixdi. Əlyazmalar yanmadığı kimi, qəzetlər də yanmır. Düzdür, Azərbaycanda bir dəfə qəzet yandırmışdılar, Göyçayın rayon qəzetini. Amma Heydər Əliyev xəbər tutan kimi Mərkəzi Komitənin şöbə müdirindən tutmuş Göyçay rayon Partiya Komitəsinin birinci katibinə kimi nə qədər adamı işdən çıxartdı. Mərkəzi Komitənin ideoloji katibinə də töhmət vermişdi .

Yəni gələcək nəsillər bugünki Azərbaycan haqqında nəsə bir məlumat öyrənmək istəsələr, eləcə də 44 günlük Zəfər tariximizi öyrənmək istəsələr qəzetlərdən öyrənəcəklər. Gündə biri açılan, biri bağlanan, açarı da Markın, Bill Qeytsin əlində olan saytlardan yox.

Qəzetlə saytın bir fərqi də var. Qəzet yazdığı qalır, yuxarıda dediyimiz kimi, saytda isə istənilən yazını çıxarmaq üçün bir telefon zəngi bəsdi.

İndi sayt açmaq dəbdi və bir də hərə əlinə bir telefon alıb internet televiziya açır. Bir-iki internet televiziyasını da çıxmaq şərtilə baxış sayı 500-600, uzaqbaşı 1000 nəfər.

Belə getsə, ölkədəki bütün qəzetlər fəaliyyətini dayandırmalı olacaq.

P.S. 30 ildi gündəlik çıxan, dövlətçiliyə, millətə, Möhtərəm Prezidentin daxili və xarici siyasətinə qulluq edən «Ədalət» qəzeti elə kateqoriyaya salındı ki, indi həftədə bir dəfə çıxmaq məcburiyyətindəyik. Görək gələn il nə olacaq?

TƏQVİM / ARXİV