Ölkədə böyük, eləcə də ciddi islahatlar həyata keçirilir. Həm iqtisadi, həm də sosial sahələrdə, kadr islahatları həyata keçirilir. Gənclərə geniş meydan verilir, önəmli vəzifələrə irəli çəkilirlər. Müdafiə sistemində, orduda, hüquq-mühafizə orqanlarında keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədi.
Nazirlər Kabineti demək olar ki, işini yenidən qurub.
Parlamentdəki islahatlar, müxalif millət vəkillərinin komitələrdə önə çəkilməsi, müxalifətçi deputatın sədr müavini seçilməsi və eləcə də gənclərin millət vəkili seçilməsi və sair və ilaxır.
Həyata keçirilən ən böyük islahatlardan biri də yüksək səviyyədə iqtidar-müxalifət dialoqudu.
Prezident Aparatı müxalifət partiyaların liderlərinə qapılarını açıb. Möhtərəm Prezidentin siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tez-tez müxalif liderlərlə bir araya gəlir, təbii ki, bu görüşlərdə ölkənin prioritet vəzifələri müzakirə olunur. Liderlər öz təkliflərini irəli sürürlər, tənqidlərini edirlər. İstədikləri mövzuda səmimi müzakirələr aparırlar. Bəlkə də ən vacib məsələ bu idi – iqtidarla müxalifətin dialoqu.
Bunu müxalifət çoxdan arzulayırdı, amma alınmırdı. Nəhayət ki baş tutdu. Amma iki partiya – AXCP və Müsavat bu dialoqdan boyun qaçırtdı. Olsun, o da onların mövqeyidi.
Amma məsələnin başqa bir tərəfi var. Müsavat özünü ağır aparır, əllərində olan saytlarda və sosial şəbəkələrdə dialoqa gedən partiyaların sədrlərini və üzvlərini təhqir etmir, alçatmır, aşağılamır. Uzaqbaşı tənqid edir, yaxud da onlarla razılaşmadıqlarını bildirirlər.
Amma baxırsan AXCP (təbii ki, söhbət Əli Kərimlinin AXCP-sindən gedir) və yalnız beş-on nəfər üzvü qalmış Milli Şura dialoqa gedən partiya sədrlərini və həmin partiyaların yetkililərini küçə söyüşləri ilə təhqir edirlər, satqınçılıqda ittiham edir, hətta «əclaf» adlandırırlar. Özü də bunları deyənlər təkcə trollar olsa, başa düşüləndi. Amma millətin üzdə olan siyasətçilərini «əclaf» adlandıranlar və digər aşağılayıcı ifadələrlə həqarət edənlər ziyalılardı – elmlər namizədidirlər, elmlər doktorudurlar, professordurlar, neçə-neçə kitabın müəllifləridirlər, universitetlərdə müəllim işləyiblər.
Və onlar həmin siyasətçiləri aşağılamaqla xalqın gözündən sala bilmirlər, əksinə, özləri xalqın gözündən bir az da düşürlər. Xalq mətbuatda, videokonfranslarda, youtube telekanallarında özlərini küçə adamları kimi aparanlara necə ziyalı gözüylə baxa bilər?
Və çox qəribədir ki, hamısı bir Fazil Mustafa və İlqar Məmmədovla bacara bilmirlər. Fazil Mustafanın arqumentlərinin qarşısında aciz qaldıqlarından ona söyüşlə cavab verirlər.
Və yaxud Mehman Əliyev Azərbaycanda tanınmış şəxsiyyətdir, özü də həmişə ortaya bir mövqe qoyub və heç vaxt da mövqeyini dəyişməyib. İndi Mehman Əliyevi də nişana götürüblər. Səbəb də Mehman Əliyevin onlar kimi düşünməməyi, öz mövqeyindən çəkinməməyi.
Vaqif Cəbrayılzadənin bir şeiri var, deyir ki: «Çərx başına gəlməyənləri çərlədin, çərlədin, öldürün!»
İndi özlərini ziyalı adlandıranlar və onların trolları «çərx başına gətirə bilmədikləri» siyasətçiləri, ziyalıları, ölkədə az-çox hörməti olan insanları çərlədib, çərlədib öldürmək istəyirlər.
Alınmaz!


Bakı -°C
