Azərbaycanın kino tarixində rejissor Əjdər İbrahimovun xüsusi yeri var. Çəkdiyi filmlərin hər biri əvəzsiz bir sənət əsəridir: «Bir məhəlləli iki oğlan», «Onun böyük ürəyi», «Ulduzlar sönmür», «26-lar», «Qəribə adam», «Ürək məsələləri», «Məhəbbətim mənim, kədərim mənim».
Mən Əjdər müəllimin iki filminə toxunmaq istəyirəm: «Ulduzlar sönmür» və «26-lar». Bu filmlərində də sətiraltı mənalar o qədər ustalıqla verilib ki, mənalar sətiraltılıqdan çıxıb.
Zeynalabdin Tağıyev obrazını da ilk dəfə filmə Əjdər müəllim gətirib.
Əjdər müəllimin ən böyük şedevri Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanov haqqında çəkdiyi «Ulduzlar sönmür» filmidi. Bu filmi 1971-ci ildə çəkib. O dövrdə ki Stepan Şaumyanın oğlu, adı yadımdan çıxıb, hə yadıma düşdü Lev Şaumyan, «Pravda» qəzetində Nərimanov haqqında böyük bir məqalə ilə çıxış edərək bu görkəmli şəxsiyyətin 100 illik yubileyinin keçirilməsinə mane olmuşdu. Və nəticədə Heydər Əliyevin böyük bir çətinliklə ucaltdırdığı Nəriman Nərimanovun heykəlinin açılışı da 2 il yubanmışdı. Bu heykəlin oduna da Məmməd Araz yanmışdı. Və bu yanmaq da onun sağalmaz bir xəstəliyə tutulmasına düçar olmuşdu. Nə isə…
Və belə bir vaxtda Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərərək «Ulduzlar sönmür» filmini çəkdirmişdi. Və təbii ki, bu filmin çəkilişini də Əjdər İbrahimova tapşırmışdı.
Və Əjdər müəllim də Sovet senzurasını darmadağın edərək ortaya möhtəşəm bir film çıxarmışdı. Və Hacı Zeynalabdin Tağıyevi də filmin qəhrəmanlarından birinə çevirmişdi.
Həm «26-lar», həm də «Ulduzlar sönmür» filmləri ilə bağlı ayrıca məqalələr yazacam.
Bu yazını yazmaqda məqsədim nədir? Əjdər İbrahimov xalq düşmənimidir ki, onun bu filmləri televiziya ekranlarından yığışdırılıb? Niyə və hansı səbəbə? Deyə bilərsiniz ki, «26-lar» Bakı komissarlarına həsr olunub. «26-lar» Bakı komissarlarına həsr olunmayıb, həmin dövrün Azərbaycan faciəsinə həsr olunub. Baxın, orda nələr yoxdur. Eləcə də «Ulduzlar sönmür»də, həmçinin.
Hörmətli televiziya sədrləri, bəlkə bu barədə bir fikirləşəsiniz?!
Və sonda. Əjdər İbrahimovla bağlı məşhur bir hadisə.
İli yadımdan çıxıb, Göyçayda rayon qəzetinin bir nömrəsini yandırmışdılar. Buna görə də qəzetin redaktoru Oqtay Cəfərovu vəzifədən və partiyadan xaric etmişdilər. O da bu məsələdə günahsız olduğunu sübut edə bilmirdi. Sov.İKP MK-ya göndərdiyi bütün müraciətləri cavabsız qalırdı.
Axırda gedir Moskvaya, Əjdər İbrahimovun yanına. Xahiş edir ki, partiyaya yenidən bərpa olunması üçün ona köməklik göstərsin...
…Əjdər müəllim uzun müddət Vyetnamda çalışmışdı rejissor kimi, daha doğrusu, müəllim kimi. Vyetnam kinostudiyasının yaranması da Əjdər İbrahimovun adı ilə bağlıdır. Və Xo Şi Min tərəfindən Vyetnamın ən yüksək mükafatına layiq görülmüşdü…
… Əjdər İbrahimov deyir:
- Oqtay, mənim səni Sovet İttifaqı Kommunist Partiyası sıralarına bərpa etməyə gücüm çatmaz, amma istəyirsən səni Vyetnam Kommunist Partiyasına üzv qəbul etdirim. İkisi də Kommunist partiyasıdı da, nə fərqi var ki?
Amma sonra Oqtay Cəfərov partiya sıralarına bərpa olundu və təbii ki, Əjdər İbrahimovun bu məsələyə qarışması nəticəsində.