adalet.az header logo
  • Bakı 19°C

AQİL ABBAS: GET ONUN ÇORTUNA , GÖR NƏ GÖRƏRSƏN?! 

AQİL ABBAS
19495 | 2021-08-16 17:01

… Ulu Öndər Heydər Əliyev Məmməd Arazla görüşü zamanı  təxminən belə demişdi ki, Azərbaycanı müstəqilliyə gətirən onun şairləri, sənətkarları olub. Düzdür, sərkərdələrin də rolu  olub, amma şairlərinin, sənətkarlarının  rolu daha çoxdu…

… Yəni biz bu gün müstəqiliksə, borclu olduqlarımızdan biri də Bəxtiyar  Vahabzadədir.  İndi Nizami ilidir, gün gələcək Səməd Vurğun ili, Rəsul Rza ili,  Bəxtiyar Vahabzadə ili, Məmməd Araz ili, Söhrab Tahir ili, Xəlil Rza ili  keçiriləcək.  Mən keçmiş  şairləri  yazmadım, mən İstiqlal  şairlərini yazdım. Və bura Nəriman Həsənzadəni də əlavə edirəm. Bilirsiniz də,  bizdə ölməyənə  qədər  şairlərin  böyüklüyü bilinmir. Cabir Novruzun ruhu  bağışlasın ki,  onu yadımdan çıxarmışdım…

Avqustun 16-sı Azərbaycanın dahi şairi…

… Bəxtiyar  Vahabzadənin  anadan  olmasının 96-cı ildönümüdür.

Bəxtiyar  müəllim şəxsən mənə  iki il dərs deyib, özü də Azərbaycan Sovet  ədəbiyyatından. Heç vaxt bizə  Azərbaycan Sovet ədəbiyyatından  mühazirə oxumadı. Deyirdi ki, kitabları da çap olunub, haqlarında  məqalələr də yazılıb, namizədlik, doktorluq da  müdafiə olunub, gedin tapın, oxuyun.

Bəxtiyar müəllim bizə XX əsrin  20-ci illərinə qədər və daha ondan əvvəl yazarlardan  mühazirə oxuyurdu: Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Ömər Faiq Nemanzadədən, Ziya Göyalpdan (hərçənd ki o, Osmanlı Türkiyəsinə aid idi), Üzeyir Hacıbəyovun çap olunmamış əsərlərindən…

… sonradan Şirməmməd Hüseynov Üzeyir  bəyin  həmin  əsərlərini tapıb «525-ci qəzet»də nəşr etdirdi…

…  Hüseyn Cavidi (bizim bilmədiyimiz Hüseyn Cavidi), Cəfər Cabbarlını (bizim bilmədiyimiz Cəfər Cabbarlını, məsələn, «Ədirnənin fəthi», «Trablis müharibəsi»)…

… bunlardan  mühazirə oxuyardı.

Bir tələbə  dostumuz  Müslüm kurs işi yazır və müdafiə edir. Kurs işi də Müsavat və sonrakı dövrlə bağlıdır. Təbii ki, Müslüm (indi professordu və həqiqətən  çox savadlı və ağıllı  oğlandı) Müsavat hökumətini  söyür. Söydü, söydü… Bəxtiyar  müəllim də siqaret  çəkə-çəkə  auditoriyada  gərdiş eləyir. Birdən  dayandı və Müslümdən soruşdu:

- Oğlum, sən harda  oxuyursan?

- Başa düşmədim,  Bəxtiyar  müəllim?

- Niyə başa düşmədin, soruşuram  harda  oxuyursan?

- Azərbaycan Dövlət Universitetində.

- Oğlum, bu universiteti min doqquz yüz on doqquzuncu ildə sənin o söydüyün Müsavat hökuməti yaratmışdı ki, sənin kimi yetim-yesir övladları gəlib oxusunlar.  Söy oğlum, söy, yaxşı edirsən.

Bu, auditoriyada  bomba  effekti yaratdı. Müslümü yendirdi aşağı, özü keçdi önə və Müsavat hökumətinin necə bir  hökumət  olduğunu biz Müsavatsöyərlərə  anlatdı. Düzdür, anlayan anladı, anlamayan yenə indi də  Müsavatı söyür.

Bəxtiyar müəllim «baba» demirdi, «boba» deyirdi: «Bizim bobalarımız…» sonradan bizim «boba»larımızdan danışardı. Və bizi həmin babaların üstündə  kökləməyə çalışardı. Hərdən də belə bir sözü vardı:

- Bir  kərə yüksələn bayraq  bir daha enməz!

Sonra da deyərdi ki, gedin  bunun «çortuna», gör nə görərsiz?

«Gedin bunun çortuna, gör nə görərsiz?» bu ifadəni  tez-tez işlədərdi.

Deməli, avqustun 14-də durdum xanımımı da vurdum qoltuğuma, getdik Şəkiyə. Dostumuz  Murad Nəbibəyovu da götürdük və dahi şairimiz Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyini  ziyarət etməyə yollandıq.

Muzeyin direktoru Elşən müəllimlə birlikdə qeyri-adi bir gün yaşadıq.

Onu da qeyd edim ki, biz orda olanda muzeyin bir neçə  ailəvi  qonağı vardı. Muzeyin yolu  Kəlbəcər  yolundan daha ağırdı. Doğrudanmı bu böyük dahi şairin ev müzeyinə gedən yolu səliqəyə salmaq mümkün deyil?

Nə isə, çox çətinliklə  getdik ev muzeyinə, Bəxtiyar müəllimin  doğulduğu bu  evin həyətində bir çay içdik, muzeyin  direktoru  Elşən müəllimlə  xeyli dərdləşdik. Həmin vaxt muzeydə olan  qonaqlar «jivoy» deputat görüb şəkil  çəkdirmək istədilər və şəkil də çəkdirdik.

Bizdə  uzun yazıları oxumurlar. Ona görə də  vəziyyət  uruscadı. Trolların  şərhlərini  oxuyurlar və sair və ilaxır. Deyəsən, mənim də bu yazım  uzun çıxdı, oxumayacaqlar. Amma biz, Mirzə Cəlil demiş, hamamda yatanlar  üçün yazmırıq, oxuyan oxuyacaq.

Mən də bu həftəni Bəxtiyar Vahabzadəyə hərs edirəm. Çalışacam ki, mənim Aqil Abbas olmağımda xüsusi rolu olmuş Bəxtiyar Vahabzadə haqqında xatirələrimi oxuculara çatdırım.

Bunun İsfəndiyar Vahabzadənin Jirinovskiyə  söyməyinin heç bir dəxli yoxdur. Jirinovski bizə söymüşdü, İsfəndiyar da cavabını verib. Açıqlamalarımda demişəm, «söymə mənim  rəiyyət  dədəmi, söyməyim sənin bəy dədəni».

Saytımızı və qəzetimizi izləyin.

TƏQVİM / ARXİV