ARZU NEHRƏMLİNİN ŞEİR DÜNYASI -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
83 | 2025-02-05 13:40

(Müəllifin «Bir gecəlik yuxu» şeirlər kitabı haqqında)

Arzu Nehrəmli ədəbiyyata öz bioqrafiyasından, yaşadığı ömrün bu bioqrafiyaya sığmayan, aşıb-daşan gerçək duyğularından, onu gah sevindirən, gah da qüssəyə, iztiraba qərq edən yaşantılarından gəlib. Çox adi görünən  bir tərcümeyi-halı var: Naxçıvanın məşhur Nehrəm kəndində dünyaya gəlib, orda orta məktəb bitirib, sonra tibb texnikumuqda oxuyub, BDU-nu bitirib. Tarix elmləri namizədidir. Gözünün ağı-qarası bircə qız övladı var. Həyat yoldaşı Yusif  Vətən uğrunda döyüşlərdə həlak olub. Həm snvinc doğuran, həm də qüssə oyadan bir ömür yolu. Amma bu ömür yolunun bir marşrutu, bir yolu da var ki, Arzu xanımın o adi tərcümeyi-halına ucalıq gətirir.

 İnsanın həyatında ən ağır dərd ən yaxın adamını itirməkdi. Ata itkisi, ana itkisi, bala itkisi, dost itkisi, ömür yoldaşının itkisi. Bu itkilərin hər biri ürəkdə şırnaq açır, illər keçdikcə içində bir yara kimi yaşayır. Bəlkə də çoxumuz bu itkiləri soyuqqanlıqla qarşılayır, özümüzü şax tutub unutmağa çalışırıq. Çünki qarşıda gələcək var, həyat davam edir. Amma sənin həyatının mənasına, sənin duyğularının məhrəmliyinə çevrilən bir insan itkisi illər keçdicə unudulmursa, deməli, o insan sənin üçün ölmür, o, canlıdır, diridir və səni də yaşadır.

         Səndən sonra ölmədim

         Ölmədim, yaşayıram.

         Sənsizliyi qəlbimdə

         Yük kimi daşıyıram.

 

         Çox gözləsəm də onu,

         Yaxın gəlmədi ölüm.

         Yaxasından tutmağa,

         Uzalı qaldı əlim.

 

         Yaşamaqmı, nə bilim,

         Ömrüm çiçək ömrüdü.

         Hər gün ölüb dirildim,

         Bu-kəpənək ömrüdü.

  İtkini necə də poetik incəliklə verib. Axı, kəpənəklər ən az ömür yaşayancanlıdırlar.Həyat yoldaşını hər gün anmaq da bu kəpənək ömrü ilə qiyas edilir.Xalq arasında «hər gün ölüb-dirilirəm» ifadəsi də burada öz poetik həllini tapıb. Mən deyərdim, Arzu xanımın poetik axtarışları, sözlərə can vermək üçün seçdiyi bədii təsvir vasitələri onun məhz bu «itkili» şeirlərində üzə çıxır.

  Arzu xanımın həsrəti, itkini, ayrılığı ifadə edən şeirlərində təzə təşbehlər, metaforalar diqqəti cəlb edir. Şairliyin mahiyyəti də elə budur. Onun «Gəldim» qoşması bu baxımdan xüsusilə seçilir. Şeirdə sevdiyi insanın məzarına ziyarətdən söz açılır. «Gələndə vüsalın tutub əlindən, Dönəndə həsrətin özüylə gəldim» - bədii təzad gedişi və qayıdışı ifadə etməyə tam adekvatdır.

Arzu Nehrəmli ömründən keçən günləri ipə-sapa düzür. Həyatında, yaşadığı günlərdə ona təsir edən hadisələri, olayları şeirə çevirir. Deyir ki: «Çoxdan saxladığım sözü, Bir gün açıb deyəcəyəm. Ətəyimdəki daşları, Yerə töküb deyəcəyəm. ...Görsəm ki, çılpaq görünür, Sözə büküb deyəcəyəm».

  Onun şeirlərində Dərd, Ağrı, Kədər …bu sözlər tez-tez işlənir  və təbii ki, bu dərdlər, ağrılar, kədər və qəm motivləri heç də patoloji hisslərdən yaranmır. Sadəjə, yaşanılan hisslərdən doğur və başlıcası budur ki, o, bu hissləri poeziya dilinə çevirə bilir.  Bircə nümunə də yetər:

      Gördükcə alışdım, dərdim böyüdü,

      Doğuldum bir kərə, öldüm min kərə.

      Çətin bündan sonra ruhum dincələ,

      Min illik ağrımı, acımı gördüm.

      Arzu qanadında hallar yaşadım,

      Ömrümü, günümü sözlə daşıdım,

      Qaldı mat-məəttəl dostum, yaşıdım,

      Gümüşdən rəng alan saçımı gördüm.

 Arzu xanımın şeirlərində «unutmaq» sözünə də  tez-tez rast gəlirik və mənim fikrimcə, bu da təsadüfi deyil. Yaddaşda xatirəyə dönən və illər boyu sənin hər ayına, gününə qarışan, sənin gecənin, gündüzünün narahatlığını əlindən olan o hisslər, o duyğular unudularmı? Arzu xanım «unutmağı öyrənirəm» deyəndə, əslində, unutmamağı təlqin edir. «Gözüm yolda, yollar haça, Bu yolda tək başım uca, Dizlərimi quja-quja, Unutmağı öyrənirəm». Başqa bir şeirində yazır ki: «Yadındamı, öyrətmişdin, Gözlərindən kam almağı, Yadındamı, öyrətmişdin, Ürəyinə yol salmağı». Deyəndə ki: «Unudulmağa getdim»-əslində, bunu «unudulmamağa getdim» kimi anlamaq lazım. Çünki «hicrana yoldaş ömür» unudula bilməz. O yerdə ki, hicran var, ayrılıq var… Şeirlərinin birində QAPI obrazı var. Bu Qapı unudulmamağın rəmzi deyilmi?

     Niyə belə kilidlisən,

     Səni kim bağlayır, qapı!

     Arzudan al dərdə dözüm,

     Ojaq çatar çınqa gözüm.

     Dərd göstərdim düzüm-düzüm,

     Gördüm ki, ağlayır qapı.

Arzu Nehrəmli sözə, dilimizin incəliklərinə yaxşı bələddir. Fikrini ifadə etmək üçün ən uyarlı forma seçir, bir qoşma ya gəraylı içində o sözləri öz adiliyindən çıxarır, onlara poetik məna verir, obrazlı şəkildə ifadə edir Onun şeirlərində ÜRƏK adlı bir obraz da var. Dərdlərinin, qəminin, kədərinin yığnağı olan YRƏK. Amma bu elə ürəkdir ki, o, yalnız bir insanın dərd ocağı deyil, dərdi olan hər kəsin qəm sirdaşıdır:

         Ümid uma-uma yoldan,

         Bizimki keçib qürurdan.

         Dur, ürəyim, gedək burdan,

         Yenə gəlib çıxan deyil.

Arzu Nehrəmlinin təbiət şeirlərində də kövrək notlar duyulur. Təbiətin sərtliyi, şıltaqlığı deyil, həzinliyi, sakitliyi köçür onun şeirlərinə. «Qış lövhəsi»ndə qışın bəyaz qarının gözəlliyini rəsm edir. Qızılgüldən yazanda deyir ki: «Hər ləçəyin bir misralıq şeirdi». «Söyüd» şeiri isə ağacla insan arasında ünsiyyətin ən bariz nümunəsidir, bu şeirdə metaforik düşüncə tərzi – ağacın da insan kimi xəyallara dalması, nəğmə olub ürəkləri dindirməsi diqqəti cəlb edir. Yaxud, pərişan bir söyüdə həsr eldəyi şeir …

      De, bu görkəm nədən oldu?

      Şax gövdənə kədər doldu.

      Xəzan vurdu, rəngin soldu,

      Xəyallara dalan söyüd.

 

      Qəlbi daşdan bərk gəlmişəm,

      Sığalını çək, gəlmişəm.

      Sorma niyə tək gəlmişəm,

      Saçlarını yol, ay söyüd…

 Onun bir qisim şeirləri Vətən haqqındadır. Və bu şeirlərdə də həmin o həzinlik, kövrək notlar üstünlük təşkil edir. Amma məqamı gələndə bu kövrək və həzin notlar çılğın misralarla da əvəz olunur.

      Vətən ətri gəlir havadan, sudan,

      Bu yurdda hər oba, hər ev Vətəndi.

      Yüz can eşidərsən, bir can söyləsən,

      İndi başdan-başa bütöv Vətəndi.

  Arzunun şəhidlər haqqında bir neçə şeiri var. Bu şeirlərdə ağlamaq, sızlamaq yoxdur, şəhidlərin ruhuna ehtiram var:

      Tanrının ən doğma, sadiq qulu siz,

      Haqqın, ədalətin kəsə yolusuz.

O, «Vətən sevdalı qəhrəman» poemasını Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.

         O gün sən gəlirdin torpağa sarı,

         Gözlər bir istəkdə, soraqda idi.

         Torpağa tapşırdıq, ana torpağa

         O gün Azərbaycan ayaqda idi.

 

         Tutmuşam yaralı bəxtin əlindən,

         Çağlayan, çırpınan bir ilhama bax.

         Ürəklər titrəyir insan selindən,

         Sən bir xiyabanda izdihama bax.

 

         Zirvədə igidlik yelləri əsən,

         O uca dağların belindəç səndin.

         O gunü hamının ürəyində sən,

         O günü hamının dilində səndin.

 Arzu Nehrəmlinin şeirlərinin hamısına xas olan bir ümumi cəhət var ki, o da təbiilikdir. Necə düşünürsə, fikrini o sayaq ifadə etməkdir. Şeirləri içərisində nisbətən işartısı zəif görünən, ürəklə ağlın vəhdətini əks etdirməyənləri də var, amma bu şeirlərdə də təbiilik itmir. Elə bilirəm ki, Arzu Nehrəmli poetik axtarışlarını davam etdirməli, bundan sonra yazacağı şeirlərdə hər misranın, hətta hər ifadənin sanballı olmasına cəhd etməlidir. Onun buna potensial imkanı var.

  Uğurlar, Arzu xanım!

TƏQVİM / ARXİV