Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə layihəsi irəli sürülüb.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə qətnamə layihəsi barədə məlumat verilib.
Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdinəki Daimi Nümayəndəliyi və Universal Rights Group (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həmmüəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamə layihəsinin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib.
Daha əvvəl mövzu üzrə ilk dəfə xüsusi hesabatın İHŞ-da təqdim edildiyi, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunduğu, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nın 57-ci sessiyasında yayılmış Birgə bəyanatın 65 ölkə tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan Elşad İskəndərov, post münaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən qətnamənin həm-müəllifi Əlcəzairin, həmçinin Qambiyanın BMT Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər, minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Kit tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi məqsədilə beynəlxalq Həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.