adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bir müstəvidəki yaşam - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
471 | 2022-04-11 17:57

Kəramətlə baş-başa

Adətən adamlar itirdiklərini və yaxud salıb sındırdıqları istəkli bir əşyalarını zaman-zaman xatırlayırlar. Xüsusilə belə məqamlarda həmin o itənin, sınanın yeri daha çox görünür. Hər məqamda göz onu axtarır, könül onu soraqlayır. Bilmirəm bu bir mifik inancdır, yoxsa fərqli bir istəkdir?.. Amma hər nədirsə, həqiqətən insanın ağrılı nöqtəsinə çevrilir zaman-zaman...

Bax, bu mənada şairlərin də iç dünyasında olduğu kimi, ruh dünyasında da oxşar yanaşmaları, oxşar ağrıları, sızıntıları, hətta sevgi və sevincləri də var. Deməli, bu oxşarlıq da müəyyən nüanslarda, müəyyən baxış bucağının altında kəsişir, üst-üstə düşür, hətta bəzən tamamilə eyniyyət təşkil edir. Ona görə də adam sözün qulpuna əl uzanda bir anlıq duruxur və düşünür ki, qulpundan tutmaq istədiyi söz daha öncə harda, necə görünüb, necə işlədilib. Bu da o anlama gətirib çıxarır ki, sən ruhən qoşulduğun həmin o eyniyyətin içərisində özünü də, sözünü də ələyirsən. Və nəticədə ortaya çıxan fikir, yazılan söz üz-üzə dayanır, bir-biri ilə həmsöhbət olur. Bu məqamda əlimin altındakı kitabdan ruhuma tərəf axıb gələn səs deyir ki:

 

İndicə qatardan düşüb gələsən,

Ya səni gətirə yol azan gəmi.

Halımı sormadan özün biləsən,

Girəsən qapıdan Peyğəmbər kimi.

 

Bax, görün necə həzin pıçıltıdı, necə isti bir nəfəs var, ürək çırpıntısı var misraların canında... Ən vacibi bu səsin Sahibi var. O sahib həm danışır, həm göstərir, həm də yaşadır. Və bu səs səni də ruhunla, ürəyinlə birgə silkələnməyə, özünə dönüb baxmağa vadar edir. Onda sən də öz pıçıltınla çıxırsan meydana.

 

Məni unutmağın bircə yolu var,

O da ürəyimdə köçüb qalmaqdı...

Elə ürəyimin öz əllərilə –

Sıxıb ürəyimdən qisas almaqdı!..

 

Hə, belə olan halda qarşılaşma söhbətdən, dialoqdan, həm də hislər müstəvisinə keçir. Səsi, sözü yaşantı əvəz edir. Bu bir aktyor oyunu deyil, bu həm də bir rəssam işidi. Çünki hislər müstəvisində yaşananların cizgilərini seyr etmək imkanı görüntülənir. Onu da yalnız ruh adamları, duyğusallar, bir də sevgini yaşayanlar duya bilirlər, görə bilirlər. Çünki yaşamadığını yaşanmış kimi yalnız aktyorluqla göstərmək, ifadə etmək olur. Mən inanmıram ki, yaşanmamış hissi kimsə yaşanmış kimi, yüzə-yüz göstərə bilsin. Hətta ən mahir aktyorlar belə öz rollarını daha çox yaşamları ilə bağlayırlar. Ona görə də ifa, təqdimat uğurlu alınır. Deməli, mənimlə üzbəüz olan kitabdan gələn dalğa deyir ki:

 

Sələmin faizi bağlayıb yolu,

İtlər dəmirçidən dəmir aparıb.

Qəlbimin küçəsi dilənçi dolu,

Gözümün kökü də mamır gətirib.

 

Görürsünüzmü, necə dəqiq deyilir, sərrast ifadə edilir. Çünki söhbət yaşanılan o duyğuları öz içindən keçirməkdən gedir. İlk baxışdan sözlər adi, hətta məişət mövzusunda, amma ifadə daha doğrusu təqdimolunma hissdi, duyğudu, yaşamdı! Bunu da dediyim kimi, yalnız yaşamaqla təqdim etmək real, həm də inandırıcıdı. 

Mən bu düşüncələrin içərisində olduğum anda həmin o ikinci tərəfin, həmsöhbətin səsi də öz işini görməkdədi. O da deyir ki:

 

Məni unutmağın bu bircə yolu 

Özümdən-özümə nağıl daşıyır...

Bilirsən, cismimdə gözləri dolu –

Almasın gözləyən ümid yaşayır?!

 

İndi reallıq sizin də gözünüzün önündədi. Təbii ki, söhbət diqqətli oxucudan gedir. O müqayisə aparanda görəcək ki, gözünün kökü mamır bağlayan və yaxud nağılla özünü aldadıb göy üzündən alma gözləyən bəndə bütün hallarda Yer üzündən qopub ayrılıb, o ruh adamı olubdu, xəyalla, istəklə, arzu ilə, dua ilə, bir sözlə, Allaha daha yaxın olanların qanadları altında öz yaşamını sürdürür. Və deyir ki:

 

Başımdan aşıbdı dərdi-sərim də,

İnamım azalır, əllər soyuyur.

Hələ arsız-arsız sevinirəm də,

Ağac çiçəkləyib, quşlar oxuyur.

 

İnsan öz hissini bundan gözəl necə ifadə edə bilər ki və yaxud necə deyə bilərsən ki, mən bu sevginin, bu həsrətin, onun gətirdiyi dərd-sərin aurasında təkcə səndən başqa hamını və hər kəsi unutmuşam. Yalnız Sən və bir də səni qəlbimə hakim edən Tanrıdı. Ömrümdəki də, Könlümdəki də, Gözümdəki də, Həyatımdakı da! Çünki bu söylədiklərim məni elə havalandırır ki, quşların səsi də, ağacların çiçəklənməsi də ikinci nəfəsə çevrilib. Və mən özümü, sözümü, bir az da mülayim ifadə etsəm, abır-həyamı da yaddan çıxarmışam. Ona görə ki, söhbət Səndən gedir. Deməli:

 

O ümid ipucu atıbdı mənə

Onu çözə-çözə qəmdən çıxıram...

Xəyal qanadında dönürəm sənə –

Sənsiz günlərimi cəmdən çıxıram!..

     

 Bəli, bax mən Kəramətin bir adsız şeirinin ipucundan tutub ümid ipucuna qədər yol gəldim. Və yol boyu da ruh paralelliyini, xəyal düşərgəsinin qonşuluğunu hiss edə-edə təklənmədiyimi, tək qalmadığımı da anladım. Özü də Yaşamda. O yaşamda ki, o Allahın və Sənin adınla bağlıdı. Bunu görməmək isə mümkünsüzdü. 

P.S. Mən bu yazımda Kəramətin «Xatirə muzeyi (Adam)» kitabındakı şeirindən istifadə etdim.

TƏQVİM / ARXİV