adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Bir ömrün cizgiləri - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
351 | 2022-11-17 15:12

İnsan dünyaya gəlişi ilə təkcə bir varlığın həyatda olduğunu təsdiq etmir, o həm də b həyatda yeni bir başlanğıcın ifadəçisi  olur. Yəni hər doğulan insan özü ilə yeni bir yaşam gətirir bu dünyaya. Bax, o yeni yaşam da dünyanın yeni naxışına, yeni  cizgisinə çevrilir. Açılan cığır, salınan yol da bax, elə həmin andan başlayır.

Doğrudur, bu yolu, bu cığırı hərə bildiyi kimi, hərə öz taleyinin yazısı kimi yaşayır. Və bir də, o da doğrudur ki, cığırı yol etmək də  hər adama nəsib olmur. Yəni hər doğulanla yeni , böyük bir yol açılmır. Bir az da dərinə getsək, onda görərik ki, yalnız Allahın seçdikləri, dəyər verdikləri cığırı yola çevirir. Onu öz başlanğıcından davamlı və bitməz bir sonluğa aparır. Bu mənada ,indi barəsində fikirlərimi bölüşəcəyim bir alim, bir ziyalı, bir söz sərrafı və nəhayət, bir dəyərli Azərbaycan vətəndaşı həmin o dediyim parametrlərə uyğun olaraq başlanğıcdan cığırı yola çevirməyə başladı. Özü də zəhmətlə, elmlə, yuxusuz gecələrlə, böyük zəka ilə və nəhayət, inad və inancla. Çünki o, qarşısına qoyduğu məqsəd üçün hər şeyə hazır idi. Və bir də o, məqsədinin aliliyinə də, halallığına da, vacibliyinə də həmişə inanırdı.

Bəzən deyirlər ki, həyat beş gündü və o beş günün özünə görə o qədər problemləri var ki, onu necə yaşamaq, onu necə dəyərləndirmək çətin olur. Bu, bir normal düşüncədi. Amma həyatda elə adamlar da var və olublar ki, onlar həmin o beş günün beşini də bu xalq üçün, bu dövlət üçün, bu torpaq üçün yaşayıblar və ona görə də indi onların həmin o beş günlük həyatları bitib-tükənmir, davam edir. Çünki o  həyatda onların yolları var, özlərinə aid yolları. Bu yolla da o yola dəyər verənlər gedirlər. Deməli o yol da davam edir. Bax, həmin yollardan birini Azərbaycanın gözəl guşələrinin birində dünyaya gəlmiş və həmin o ünvanı özünün xidmətləri ilə bir az da şərəfləndirmiş Ənvər Mustafa oğlu Həmidovdan yazmaq istəyirəm indi. Əslində bu yazının qələmə alınmasını onun dostları, onunla çiyin-çiyinə işləyənlər, onu yaxından tanıyanlar istəyiblər. Mən də onların söhbətlərini və istəklərini öz içimdə ipə-sapa düzüb yazıya çevirməyə çalışmışam. İstəmişəm ki, tanınmış həkim, publisist, dəyərli ziyalı, həm də bir alim kimi tariximizdə, yaddaşımızda yaşayan Ənvər Mustafa oğlu Həmidovun xatirəsini bu yazı ilə bir az da yaddaşlarda təzələyim, bir daha onun ruhunu sevindirim...

Ənvər həkim Şəkidə dünyaya gəlmişdi. Azərbaycanın bu gözəl guşəsində doğulan, ibtidai təhsil alan və orta məktəbi də uğurla başa vuran Ənvər həkim doğulduğu  sənətkarlar ailəsində öz diribaşlığı, hazırcavablığı, həm də məntiqi düşüncəsi ilə müəllimlərinin və doğmalarının diqqətini özünə çəkə bilmişdi. Bu da  onu yaşıdlarından fərqləndirmiş və artıq öz çevrəsindəkilərdən önə çıxmasına stimul vermişdi. Orta təhsilini əla qiymətlərlə bitirən Ənvər  həkim elə həmin ili də o vaxtkı Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdu. Ali təhsilini fərqlənmə diplomu ilə başa vuran Ənvər Həmidov təyinatla doğulduğu şəhərə, daha doğrusu, Şəkidəki Rayonlararası Mərkəzi Xəstəxanaya həkim-cərrah vəzifəsinə göndərildi. Qısa bir zaman içərisində o, xəstəxanaya müraciət edənlərin sevimlisinə, ümid yerinə çevrilə bildi. İndi ona üz tutanlar əsl loğman məsləhəti ilə qarşılaşırdılar. Pasientlərin, həmçinin həmyerlilərin sevgisi, diqqəti gənc həkimi daha da ruhlandırır və onu seçdiyi peşəyə daha  çox   bağlayırdı.

Bir müddətdən sonra gənc həkimin təşəbbüskarlığı, savadı, xəstələrlə işləmək qabiliyyəti aidiyyatı qurumların diqqətini çəkdi və xəstəxanada travmatologiya şöbəsi yaradıldı. Həmin şöbəyə rəhbərlik də Ənvər Mustafa oğlu Həmidova tapşırıldı. Şöbə müdiri kimi indi o bir az da artıq məsuliyyətlə, bir az da artıq inadkarlıqla çalışır və bu da Şəkidən, eləcə də ətraf rayonlardan Bakıya müalicə üçün üz tutan xəstələrin sayının azalmasına səbəb olurdu. Şöbənin və həkimin nüfuzu artdıqca, buraya üz tutanlar da, ümid yeri kimi baxanlar da artırdı. 6 ilə yaxın Ənvər həkim burada həm işlədi, həm şöbəni idarə etdi, həm də özü üzərində çalışmağı da unutmadı. O, təkcə həkim olmaqla kifayətlənmək istəmirdi. O həm də çalışırdı ki, tibb elminin dərinliklərinə üz tutsun, insanların sağlamlığı üçün vacib olan müəyyən prosedurları, müalicə üsullarını öyrənsin. Ona görə də 1968-ci ildə Moskvaya üz tutdu. Akademik N.Piroqov adına Elmi-Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patalogiyası üzrə aspiranturaya daxil oldu və 1971-ci ildə sümük şişlərinə dair dissertasiya mövzusunu müdafiə edərək elmlər namizədi adını aldı. Bu yüksək uğurdan sonra vətənə qayıdan Ənvər həkim artıq paytaxtda ona təklif edilən sahə üzrə fəaliyyətini davam etdirdi. Bunu da ona görə seçdi ki, o, həm də elmi yaradıcılığını davam etdirməkdə qərarlı idi. Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlərin elmi şurasının sədri vəzifələrini də məhz bundan sonra icra etməyə başladı. Saydığımız bu məqamlar Ənvər həkimi həm həkim-cərrah, həm də bir alim kimi paralel olaraq həyata  keçirtdiyi vəzifənin göstəricisidi. Demək bu nüanslardan bir daha aydın olur ki, Ənvər həkim seçdiyi yolda qərarlıdır. Onu bu yoldan döndərmək mümkün deyil.

Bəli, zamana diqqət yetirəndə aydın olur ki, Sovetlər Birliyinin ən böyük elm mərkəzi olan Moskvadan nailiyyətlə, uğurla geri qayıdan Ənvər Həmidov Bakıda da yeni-yeni nailiyyətlər üçün yuxusuz gecələrini, xoş istirahətlərini qurban verməkdən çəkinmirdi. Yəni o hər anını, hər dəqiqəsini boşa vermədən tibb elmi üçün çalışır, bu sahənin inkişaf etdirilməsinə öz töhfələrini təqdim edirdi. Məhz bu görülən ağır işlərin nəticəsidir ki, artıq 80-cı illərdə Ənvər həkim respublikanın Travmatologiya-Ortopedilər Elmi Cəmiyyəti idarə heyətinin məsul katibi seçilmişdi. Üstəlik o, Zaqafqaziyada bu sahə üzrə keçirilən dördüncü qurultayda da təftiş komissiyasının sədri seçilmiş, onun çıxışı maraqla qarşılanmışdır. Hər dəfə etdiyi məruzələr, çıxışlar, auditoriyada söylədiyi mühazirələr, böyük maraq doğuran Ənvər Həmidov 70-dən çox elmi əsərin, 5 monoqrafiyanın müəllifi idi. O, təkcə SSRİ məkanında deyil, onun hüdudlarından  kənarda da bir alim-həkim kimi tanınmışdır. Elmi məqalələri xarici ölkələrdə, xüsusilə ABŞ-da çap olunmuşdu.

Qazanılan elmi uğurları təcrübədə gerçəkləşdirmək üçün o, təkcə təşkilatçılıq yox, həm də peşəkar həkim qabiliyyətini də hər zaman ortaya qoya bilirdi. Yəni paytaxtın 3 saylı Klinik Xəstəxanasında şöbə müdiri olanda da, 26 saylı Bakı şəhər Birləşmiş Şəhər Xəstəxanasına baş həkim təyin ediləndə də o, öz sevimli işindən, həyatını həsr etdiyi həkimlikdən, loğmanlıqdan ayrılmırdı. Özü əməliyyatlarda iştirak edir, məsləhətlərini verir, müayinələr aparırdı. Ona görə də Ənvər həkimin adına, ünvanına gələnlər hər gün artır, ona güvənənlərin sayı isə  çoxalırdı. Bu, təvazökar insanın, bu qayğıkeş həkimin xidmətləri təbii ki, yüksək dəyərləndirilmiş, ona fəxri fərmanlar, diplomlar, SSRİ Səhiyyə əlaçısı adı və medalı verilmişdir. Bütün bunlar dəfələrlə paytaxtın İcraiyyə Komitəsinə deputat seçilməsində də öz təsirini göstərmişdi.

Burada bir məqamı da xüsusi qeyd etmək olar ki,  bu da Ənvər həkimin bədii yaradıcılığı ilə bağlıdır. Həmin bədii yaradıcılığın mayasında da səhiyyə, tibb dayanırdı. Belə ki, o, hələ gənclik illərindən maraq göstərdiyi xalq təbabətimizlə bağlı həmişə araşdırmalar aparır, materiallar toplayırdı. Ona görə də onu böyük maraq və həm də xüsusi peşəkarlıqla yığıb topladığı həmin bilgilər 1991-ci ildə"İşıq"nəşriyyatında  çap  olunmuş  «Loğmanlar yurdu» kitabında özünü təsdiqlədi. Həmin kitabla bağlı öz münasibətini bildirən xalq şairi Bəxtiyar Vahabzadə vurğulamışdı ki, ««Loğmanlar yurdu» kitabı Azərbaycan təbiblərinin ensiklopediyasıdır». İlk kitabından sonra Ənvər həkim 2008-ci ildə «Nurlan» nəşriyyatında növbəti uğurlu bir kitaba da müəllif oldu. Həmin kitab da «Loğmanlar» adlanırdı. Qeyd edim ki, Ənvər həkim kitablarını Ənvər Mete imzası ilə çap etdirirdi. Adını  xatırlatdığım   növbəti kitab Azərbaycanın tanınmış göz həkimi, akademik Zərifə xanım Əliyevanın 85 illiyinə həsr edilmişdi.

Ümumiyyətlə, Ənvər Metenin istər əvvəlki iki kitabı, istər «İntellektual ekologiya terminin izləri»», istərsə də «O torpağın övladları» kitabları birmənalı olaraq  xalq yaddaşından gələn bilgiləri təqdim etməklə oxucu marağı qazanmışdı. Bu gün  Tanrı dərgahında olan Ənvər Metenin kitabları tibb işçiləri üçün dəyərli bir vəsaitdir. Onun əsərlərini həm tələbələr, həm elm  yaradıcılıqla məşğul olanlar, həm də sıravi oxucular böyük maraqla öyrənirlər, mütaliə edirlər. 

Bəli, bu gün barəsində dostlarının, onun tanıyanların xatirələrini və bir də müalicə etdiyi insanların xoş sözlərini dinləyərəkən  gözəl  ailə, üç övlad sahibi  olmuş  Ənvər Metenin bir alim, bir ziyalı, bir həkim və bir vətəndaş kimi əbədiyaşarlıq hüququ qazandığına inandırdı. Ruhu şad olsun!

TƏQVİM / ARXİV