adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Biz nə istəyirik? - Emin Piri yazır

Emin Piri
1509 | 2022-08-22 11:02

Az qala hər kəs önəm verdiyi xarakterlərin önündə səmimiyyət, dürüstlük, güvənin öndə gəldiyini deyir.

İnsanlardan özümüzdə olmayanları istəyirik.

Kimin nə deməyindən aslı olmayaraq qarşımızda səmimi olan birini səmimiyyətinə uyğun dəyərləndirib uca görürükmü?

-Tam əksi. Əksinə, onun səmimiyyəti malik olduğu statusu, dəyəri endirir, adiləşdirir. Uzaqbaşı filankəs səmimi adamdır-deyərik, gülərik, bitər.

Yaxud vəzifəsi, pulu yüksək olmayan birinin səmimiyyəti onu gözümüzdə ümumiyyətlə heç nə edəcək.

Dürüstlük istəyirik, axı, tam dürüst adamı özümüz olduğu kimi qəbul edə bilirikmi?

-Əksinə, bildiyimiz dürüstlük, həqiqət bizi uzaqlaşdırar.

Bu qədər dürüst olmağa nə gərək var? Bəlkə də qəddarca çıxacaq, amma qarşılıqlı aldadıb, qarşılıqlı bir-birinə inanmış kimi göstərib bir-birini yola vermək olar.

Güvənə önəm veririk, amma özümüz nə qədər güvən veririk?

Xarakter əsasdır deyərək- münasibətlərdən iş həyatına kimi pul çox şeydir deyərək xarakter adı altında xislətimizi gizlədən deyilikmi?

Səmimiyyət, dürüstlük, güvən- bu sadəcə əsas istək və ruhumuzda gizlənən insan xislətini gizlətməkçün bir vasitə və ya sığortadır.

Dərinə getsək, bəlkə də qarşımızdakılardan da səmimiyyət, dürüstlük, güvən istəmirik. Bu heç bizə lazım da deyil. Ağzımıza taxdığımız maskadır bu da. "İstəyimiz budur" adıyla əsl istəyimizi,özümüzü gizlətmək.

Bir sözlə, bir üzümüzə sillə vurulanda iki üzə sillə atarıq, amma istəyirik ki, qarşımızdakı İsa olsun. Bir üzünə vuranda o biri üzünü sillə vurmaqçün bizə tərəf döndərsin.

TƏQVİM / ARXİV