adalet.az header logo
  • Bakı 12°C

ÖLƏN SEVGİLƏR, SEVGİLİLƏR - Emin Piri yazır

Emin Piri
433 | 2023-03-02 12:15

Son zamanlar düşündüyüm bir nüans var. Sevgilisi, nişanlısı ölən insanlar...Yoldaşı vəfat edən, Şəhid xanımları heç olmasa ürəkdən deyib ağlaya bilirlər. Onun yaxınlarına, övladlarına sarılıb ağlaya bilmək də xoşbəxtlikdi nə qədər qəddar səslənsə də.

Bəs, heç ailə qurmadan, bu xəbərlə gəlinliyi boş qalan sevgililər, nişanlılar?

Ən çox üzüldüyüm insanlardandılar. Tanımasam da, bilməsəm də...

Bilirəm, varlar. Hardasa xatirələrə baş qoyub için-için ağlayırlar...

Hamıya gülərək, özünü, qürurunu sındırmadan ürəyində dərdlərinə yoldaş olaraq.

Nə kimsəylə tam olaraq bölüşə bilmir, bəlkə də ürəkdən ağlaya da bilmirlər. O birilər yaxınlarına, övladlarına söykənərək dərdlərini gözlərindən axıda bilərlər. Bəs, onlar?

Başlarını söykəyəcəyi bir çiyin, ya çiyinlər deyil hansısa xatirələr olur ancaq. Xatirələrə nə qədər baş qoyub ağlamaq olar?

Günahlarını almayım, kişilər əsas çoxluq olaraq bu ölümlərə uzun müddət dözmür, unudur, yeni həyata dönür. Xanımlarsa yox...

Müharibə vaxtı da bu diqqətimi çəkdi. Subay şəhid olanlar. Görəsən, indi hansı qız hamıdan gizlin və illərlə için-için ağlayacaq? Hamının xoşbəxt gördüyü, bəxtəvərlik oxuduğu, dərd sarıdan bolluq yaşayan "bəxtəvərlər".

2021-ci ilin yanvar ayı idi. Yeni tərxis olmuşdum. Bir xanım yazaraq, döyüş yolu eyni istiqamət olan şəhid zabiti soruşdu. Məlum oldu ki, sevgilisiymiş. Ağlayırdı, amma kimsəylə bölüşə bilmirdi. İlk dəfə onda kiminsə sevgilisini itirməsinə ağlamışdım. Qızın psixoloji problemləri yaranmışdı.

Sonrasa bu yaxınlarda bir xanımı bildim. Üzü gülən, "bəxtəvər" insan. İnsan nə qədər dərdlərin acığına gülməyi bacararmış?!

Xeyr, acımıram, amma bilmirəm niyəsə bu hadisələr daha çox toxunur mənə.Son vaxtlar ölən sevgilərə, sevgililərə ağlayıram ancaq. Hamının ağladığına deyil, daha çox belə ağlaya bilirəm.

Mənə elə gəlir ən böyük əzabı onlar çəkir. Əzab, dərd gizli olanda daha ağır və dəhşətli olur...

Bəlkə də kimsə indi də ölmüş sevgiyə ağlayır...

TƏQVİM / ARXİV