Səngər müəllimlər - Emin Piri yazır

Emin Piri
1976 | 2022-10-05 09:41

Sumqayıtda bir müəlliməm vardı, Nazilə müəllimə. Müəllimlər günündə o yadıma düşdü. 35 saylı məktəbdən.

Bəlkə də indiyə qədər ən çox sevdiyim Coğrafiya fənni idi, o da coğrafiya müəllimi idi deyə. Durduq yerə coğrafiyaya uşaqlıqdan niyə həvəs yaranmışdı, onu da bilmirəm. Bəlkə də toxunulmamış yerlərin kəşfi, yeni torpaqlar, xalqlar maraqlı gəlmişdi. Bir qədər də səyyahlar, dünya səyahətinə çıxan elm adamlarının bilmədiyi ucsuz-bucaqsız adrenalin dolu həyatı sevdirmişdi. 

Sonradan coğrafiya üzrə olimpiadalara qoşuldum. 3 il ardıcıl olimpiadalar qalibi oldum, Sumqayıtda ən çox coğrafiya olimpiadası nəticələri göstərdim.

Amma siyasətə olan maraq Tarixə yönəltdi. Buna baxmayaraq içimdəki saf coğrafiya sevgisi hələ də qalır.
Bir az da coğrafiya müəlliminin şəhadət barmağı sevdirmişdi. Əli Kərimin o şeirində Nazilə müəllimənin barmaqlarını görürdüm.

 

Bizim vaxtımızda da repetitor yanına getmək vardı. Mənsə getmirdim. Bir az maddi durumu düşünüb, bir az da özümə arxayanlıq , əşi özüm hazırlaşıram da demişdim. Elə onda Nazilə müəllimə mənə yaxınlaşıb ; Emin evə hazırlığa gəl-dedi. Həm də heç kim bilməsin, səni pulsuz hazırlaşdırıram.

Sonra heç bir etiraz və.s qəbul etmədi.

Beləcə həftədə iki dəfə evlərinə ödənişsiz hazırlığa getdim.

Nəticədə hamsını düz yazmışdım.

Səngərdə oldum, o yadıma düşdü.

Müəllim oldum, o yadıma düşdü.

Mediada çalışdım, o yadıma düşdü.

Belə gündə mənfi aura yaradan insanlardan bəhs etmək istəmədim.

Elə Nazilə kimi müəllimələrin varlığı bütün mənfilərin üstündən xətt çəkir.

Arxa cəbhədə, müharibəsiz dövrdə ölkənin səngərləri məktəblər, postları isə sinif otaqlarıdı. Müəllimlərsə həmin səngərlərin, həmin postların döyüşçüləri, komandirləri. Ölkənin gələcəyi də o səngər, döyüşçü müəllimlərin vicdanından aslıdır.

Şagirdin puluna göz dikməmək, təmannasız övladı kimi sevməyi, gözünün nurunu şagirdçün əritməyi o müəllimlərdən öyrəndim. Belə insanlar var deyə biz varıq, bu ölkə var, gözəl əməllər var. O səngər müəllimlərdən. Nazilə kimi müəllimlərdən.

Düzdü, bu həm də xarakter məsələsidir. Amma burda eqoistlik etməyəcəm, bütün yaxşı tərəflərimin haqqını müəllimlərimin üzərinə yazıram.

Nə yaxşı varsınız, səngər müəllimlər, torpaq müəllimlər!

TƏQVİM / ARXİV