Torpaq adam - 50 - Emin Piri yazır

Emin Piri
2069 | 2022-10-19 10:51

Müharibədən təxminən 20 gün keçmişdi. Bizim batalyon Şuşa istiqamətindəki mövqelərindən( yüksəkliklərdən) toplanış yerinə- Cəbrayıl rayonunun Daşkəsən kəndinə göndərilmişdi. Bizdən öncə də bu kənddə ermənilərin briqadası yerləşirdi. Müharibə dövründə əksər texnikalarını da avtomobil parkında qoyub güclə qaça bilmişdilər. Bunlar öz yerində, müharibədən sonra da demək olar ki, bir korpusun mərkəzinə, toplanış yerinə çevrilmişdi. Elə müharibə dövründə də həmin kazarmalar, Daşkəsən kəndi müəyyən məqsədlər üçün istifadə olunurdu.

Hə, müqaviləyə əsasən yenidən hazırlıq görülür, bizim hərbi hissənin batalyonları Laçın boşaldılandan sonra xidmət üçün göndəriləcəkdi. Buna görə də ardıcıl sıra baxışları, əşyaların, silahların yoxlanılması və.s əsas işə çevrilmişdi. Belə zabit düzüləşlərinin birində sıradan səs eşitdim:

-Şair, sağsan?

Düzü, öncə tanıya bilmədim. Xocalı və Şuşa istiqamətindəki yüksəkliklərdə müəyyən soyuq, donvurmalarım olmuşdu ki, gözlərimdə yaranan spazmadan nə gözlərimi düzəməlli aça bilir, nə də görüb tanıya bilirdim.

Bir anlıq düşündüm ki, kimdisə tanıyır, şair şöhrətim döyüş yollarına qədər uzanıb. Şəxsi eqo tatminliyi zirvəyə qaldırdı məni.

Sıra düzülüşündən sonra tanıdım...

Yaşı 50-ə yaxın idi. Axı, onun müharibədə nə işi var? Öz övladı belə hərbi xidmətdən yeni qayıdıb.

Birinci Qarabağ müharibəsində tələbəliyindən imtina edərək könüllü əsgər kimi xidmət etmişdi.

Universiteti bitirəndən sonrasa yenə cəbhə bölgəsinin ən çətin yerlərində zabit kimi illərlə xidmət aparmışdı.

Bu onun üçüncü savaşı idi...

Bu müharibədə olmasa belə kimsə ona nəsə deməz, elə keçmiş illərdə-istər birinci Qarabağ savaşında, istərsə atəşkəs dövründə etdiyi xidmətlər ağızdolusu danışmağa bəs edirdi.

Amma o, danışmadı, üçüncü dəfə xidmətə gəldi-Vətən müharibəsinə.

O, müharibədən öncə də mənimçün “torpaq adamlar”dan idi...Bu müharibədən sonrasa daha da müqəddəsləşdi.

Onunla fəxr edirdim. Kimsə narazılıq edəndə nədənsə onu nümunə göstərirdim. Qələmini süngüyə çevirən adamı. Kimsə yaşı deyəndə onun yaşını deyirdim.

Kimsə öncəki xidmətindən danışanda onun bundan öncəki iki xidmətini deyirdim...

Deyirdim və deyirdim...

Yavaş-yavaş mənim əsgərlərimin də sevimlisinə çevrildi. Onun yanında gedərdim, hər dəfə şeirlə qarşılayıb, şeirlə yola salardı. Şeir kimi adam idi, sevgi dolu. Həyatı poeziya.

Əsgərim Nicat Məmmədli şeir sevdalısı olduğundan onu da aparardım.

Bir şeiri sevdirdi bizə. İlk dəfə məni görəndə dediyi şeiri. Təsəvvür edin, müharibədən sağ çıxmış dostunu görürsən və ilk sözlərin şeirlə başlayır.

Sevgi dolu adamdı. Şeir kimi adam. Şeir demişkən məni görərkən ilk bu şeiri demişdi;

 

Səni niyə belə sevdim,

Belə istədim,niyə?

Canımdakı min tikana,

Gülə istədim,niyə?

 

Eşqdə gizlətdim bu canı,

Görəmməyən varmı, hanı?

Həm gizlətdim,həm də hamı,

Bilə istədim niyə?

 

Min illərçün də Allahdan,

Gecə gündüz,hər an,hər an,

Səni qəlbimə həm sultan,

Həm də... Həm də kölə istədim Niyə?

 

Mənə elə gəlir bu şeir bir qıza deyil, elə vətənə deyilən şeirdir. O vaxtdna bu şeir dilimin əzbərinə çevrildi.

Bu gün doğum günüdür. Məncə ən gözəl doğum gününü elə oktayabrda, Cəbrayılda müharibədə olarkən keçirdi. Doğum gününü işğalda olan,doğulduğu torpaqları azad etməklə.

O, müharibədən öncə də mənimçün “torpaq adamlar”dan idi...Bu müharibədən sonrasa daha da müqəddəsləşdi.

Nə yaxşı varsan, İlham Tumas. Nə yaxşı qələm səni tanıdı,nə yaxşı bu vətənin oğlusan!

 

P.S.Foto müharibədən sonra onunla ilk rastlaşdığımız gündə, Cəbrayılın Daşkəsən kəndində, keçmiş erməni kazarmasında çəkilib.

Solda mən, sağda İlham Tumas, mərkəzdəsə zabit və əsgərlərimiz...

 

TƏQVİM / ARXİV