adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bu qədər qaçırıq, amma "Ginnes"ə düşə bilmirik - Eminquey yazır

EMİNQUEY AKİF
1195 | 2021-11-15 15:06

Bu günlərdə bir xəbər oxudum ki, pandemiya zamanı qapanmalardan bezən, darıxan amerikalı bir qadın bu darıxmağı Ginnes Rekorduna çevirib. Darıxmağı rekorda çevirmək? Əcaib işdir!

Bəs bu əcaib işin əsli nədən ibarətdir? 

95 günə 4 min kilometr məsafə qət etmək!

Yox, o, Yerin ətrafında-zadda dövr etməyib. 2020-ci ilin martında İtaliyada yaşayırmış. Həmin vaxt da İtaliya pandemiya ilə bağlı sərt karantin rejimi tətbiq edib. Bizim bu amerikalı qadın Alissa Klark eşidib ki, çoxdandır hazırlaşdığı yay marafonlarının da üstündən xətt çəkilib, lap dilxor olub. 

Düşünüb ki, hər işdə bir xeyir var. Nəzərdə tutub ki, 15 günə hər gün 42 marafon məsafəsi qaçaram, olar, bitər. 

ABŞ-a qayıdandan sonra darıxdığını görən Klark qaçışları davam etdirməyə qərar verib. Gah evindəki qaçış bandında qaçıb, gah da küçədə. 

95 gündə 95 marafon məsafəsi qədər qaçandan sonra 96-cı səhhətində yaranan problemlərə görə qaçışı dayandırıb. 

Nə qədər qaçsa da, koronavirusdan qaçıb can qurtara bilməyib. 

Üstündən az keçməmiş bu əcaib qaçış həvəsindən Ginnes Rekordlar kitabı da öz payını götürərək Klarka məktub yollayıblar ki, bəs sən darıxdığına görə qaçmısan, amma biz bunu artıq rekord kimi qeydə almışıq. 

Klark da cavab göndərib ki, rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək. 

Canım-gözüm Ginnesin Rekordlar kitabı, indi nə olsun ki, dünyanın ən güclü dövlətlərindən biri Amerikadır və nə olsun ki, Klark da o ölkənin vətəndaşıdır, bir üzünü biz tərəfə də çevirsən insafdan olmazmı?

Klark darıxdığından qaçır, biz isə başımızı götürüb qaçırıb. 

Özü də dayanmadan!

Bir ömür məsafəsi qədər. 

İllərin peşəkarlığı var üstümüzdə. 

O hansı rekorddur ki, biz rekordu qıra bilmirik?

Hardasan, ay "Ginnes"?

Al bizi də qeydə.

Barı bilərik ki, çəkdiyimiz əziyyət kitaba-zada düşdü.

TƏQVİM / ARXİV