adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Ciliklənmiş talelər: Ceyranın Xocalısı, Xocalının Ceyranı... -  Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2034 | 2023-02-26 00:26

İllər sürətlə ötüb gedir... Artıq 31 il keçdi. Dünyanın rəngi, düzəni dəyişdi, insanlar dəyişdi, zaman dəyişdi, texnika əsri oldu, imperatorlar diz üstə çökdü, məzlumlar cihada çıxdı...

Qarabağda da HAQQ qismən öz yerini tutdu, Azərbaycanın şanlı ordusu torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, əlçatmaz Şuşa əlçatan oldu! Xəyallar reallığa çevrildi...


Amma, amma, çox təəssüf....

 

Xocalı yaramızın qanı hələ də qurumadı, qaysaqlamadı! Bu 31 ildə xalqımıza qarşı o təcavüzü xəfiflədən, təsirini azaldan dərman tapılmadı...
Dəfələrlə zorlanmış, sonra vəhşicəsinə öldürülmüş azyaşlı qızın,  balası qarnından doğranaraq çıxarılan hamilə gəlinin, itlər tərəfindən parçalanaraq yeyilən körpə uşağın, oğlunun başının  gözünün qabağında kəsilən atanın, tankın arxasına bağlanaraq dərələrdə, təpələrdə sürdürülərək tikələri daşlardan yığılan əsgərin anasının, tonqalda yanan atanın alovuna bağıraraq, çığıraraq haray qoparan qız balanın, ağ saçları al qana boyanmış ağbirçəyin, ağsaqqalın ruhu nə vaxt şad olacaqsa, o vaxt Xocalı dərdi xəfifləyəcək, azalacaq...

 

Mənim Xocalıdan bacı dediyim bir rəfiqəm var! Ceyran Əzizova!

 

.

27 yaşı olarkən, Xocalı faciəsinin şahidi oldu, iki övladının atasını, ömür-gün yoldaşını, döyüşçü Vasif Məmmədovu itirdi.  Xocalının girişində tikdirdiyi yeni evi,  gəncliyi, gəlinliyi,  xoşbəxt ailəsi, firavan günləri, gələcək xoş arzuları, planladığı həyatı bir gecənin içində  xarabazara çevrildi, darmadağın oldu. Daşlara çırpılmış, cilik-cilik olmuş billur qaba bənzər bir tale... 31 ilin soyuq qış gecələrində, məşum fevralında, ilin 12 ayında  cilik-cilik olmuş taleyinə  ağı deyib ağlayan qadındı Ceyran!

O gecədən sonra 27 yaşlı gəlinin ürəyi  qocaldı, ruhu yaşlandı,  bir dəfə gəldiyi həyatı istədiyi kimi yaşamağı  özünə haram elədi. Elə o gecədən sonra  xoşbəxtliyini Vasiflə birlikdə Ağdam torpağına dəfn edib, boynunun borcunu yerinə yetirməyə qalxdı.

 

Vasifin 2 yadigarını  böyütmək!  

 

.

Namusla,-qeyrətlə İki atasız oğul böyüdüb, onlara tərbiyə verib, ev-eşik sahibi edib. Gözəldir deyilmi? Amma bir də bu gənc qadının kiprikləri ilə götürdüyü odu-közü düşünün, çarəsiz duruma düşəndə ürəyində keçənləri, köməyə harayladığının gəlmədiyinə yana-yana ağladığını, dünyadan xəbərsiz uşaqlarının eşitməməsi üçün hönkürtüsünü- hıçqırtısını qəhər edib boğazında  düyünləməyini düşünün! Ceyran xanım bu fədakarlığının qarşısında heç vaxt Vasif Məmmədovun nə təşəkkürünü, nə nəvazişini, nə də pıçıltısını  eşidə bilməyəcək! Halbuki, hər zaman o təşəkkürü Şəhid Vasifin özündən olmasa da,  ruhundan gözləyib, gözləyir.

 

Ceyranı uzun illərdi tanıyıram!

 

Ceyran övladlarına ana da oldu, ata da oldu,  qardaş, bacı, əmi-dayı da oldu. Bütün gücü, qüvvəsi ilə çalışdı-işlədi ki, uşaqları boynu bükük, "yetim-yesir" günündə görünməsin, atalılardan, arxalılardan "sınıq" olmasın.Bacardı da!  Asif də, Rəvan da Şəhid Vasifin adına layiq bala oldular! Hətta Ceyran nənə də oldu...Hər sevincin içində bir kədər, hüzn, bir "boynuburuq"luq oldu... 

 

Amma olmayan, heç vaxt baş tutmayacaq  bir məqam da var...

 

 

Ceyran heç vaxt 26-27 yaşlı nazlı gəlin olmayacaq, səhər o başdan durub  işə tələsən gənc və yaraşıqlı ərinə çay süfrəsi açmayacaq. Vasifin halal zəhməti ilə yenicə tikilib başa çatdırılmış o evdə evin sahibəsi kimi xoşbəxt-xoşbəxt dolanmayacaq... Nəhayət, 31 il əvvəlki kimi sağlam, buz baltası kimi, gümrah olmayacaq. Ömrününü sonuna kimi, düşmənin ondan aldıqları  kimi verdikləri: təzyiq, şəkər, böyrək, ürək xəstəliklərini xatırlayacaq.  Bunu heç Ceyranın övladları da unutmayacaq, nəvələri də, nəticələri də.. Ceyran o məşəqqətli gecədə 68 doğmasını qohumunu itirdi! İtirdiyi 68 qohumunun heç bir yaxını, doğması  unutmayacaq! Bu xalq o günü unutmayacaq!O faciə son insanımız bu dünyada qalana qədər bizimlədir!   

Faciənin ilk illərində  elə bilirdik ki, 10-15 ildən sonra Xocalı faciəsinin təsirindən qurtula biləcəyik. 31 il də keçdi... qurtulmadıq...100 il də keçəcək...Qurtula bilməyəcəyik!
Heç nə, heç kim 26 fevral gecəsinin ağırlığını bu xalqa unutdura bilmədi, unutmadıq, unuda bilmirik, unutmaq olmur...

TƏQVİM / ARXİV