adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Çingiz Əlioğlununun əli - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
341 | 2022-09-08 11:49

Mən hər zaman o əldən ümidlə  tutmuşam

 

Son vaxtlar köhnə dostum, dəyərli qardaşım, həyatımda özəl yeri olan Çingiz Əlioğlunu tez-tez xatırlayıram. Onunla bərabər keçən günlərimizi, xüsusilə ilin müxtəlif fəsillərində doğma Füzulidə, bizim Tuğ kəndində və digər səfərlərimizdə yaddaşımıza köçən anları, şəxsən mənim ömrümə hopan məqamları gözümün önünə gətirirəm. Və Çingiz Əlioğlunun bir ağayana görkəmi, həm də bir qardaş ərki ilə mənə uzatdığı əl hər zaman özümün də, ailəmin də ürəyincə olub. Bizim ümid saydığımız ünvanlardan birinə çevrilibdi. İstər xeyir, istər şər məclislərimizin yuxarı başında, ağsaqqal yerində olan Çingiz müəllim «Alnından ay doğan adam» kitabını 1983-cü ildə mənə avtoqrafla bağışlayanda heç işarə də vurmadı ki, o kitabın 126-cı səhifəsində yazdığı «Tuğ» şeirini mənə ithaf edib.

Təsəvvür edin ki, gənc bir yazı adamı üçün Çingiz Əlioğlu  kimi imza sahibinin şeir hədiyyəsi hansı xoş anları insana yaşadır. Bax, mən həmin o xoş anların ömrümə hopmasına rəvac edən, məni dəyərləndirən Çingiz Əlioğlunu həmişə sözün gerçək mənasında başımın üstündə, yanımda görmüşəm. Bu gün də belədir. Mən kitab rəfimin önündə dayanıb növbəti layihə yazımı işləməyə hazırlaşanda içimdən qəribə bir hiss keçdi, məni utandıran hiss və gec də olsa günahımı yumaq üçün elə Çingiz müəllimin kitabını rəfdən götürdüm...

Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, öz imzası, öz sözü olan Çingiz Əlioğlu yaradıcılığı ölkə hüdudlarını aşıbdı. Onun kitabları neçə-neçə dillərə tərcümə olunub, yayılıb. Və mən onun poeziya bayramlarında, özü də müxtəlif ölkələrdə necə uğurla çıxış etdiyini, kitablarının ən böyük mükafatlara layiq görüldüyünün sevincini onunla bölüşmüşəm. Sözünün sanbalı hər zaman diqqət çəkən, şəxsiyyəti və həyat kredosu xüsusi önəm daşıyan Çingiz Əlioğlunun şeirləri fikir yükündən yoğrulub. Onu oxuyanda hər misra fərqli bir fikir kimi səni düşünməyə məcbur edir. Bax, elə indi sizə təqdim edəcəyim şeir də bu qəlbdəndir. İlk baxışdan hamının bildiyi, hətta bəzən hamının təkrarladığı adi bir həyat reallığı Çingiz Əlioğlu şeirində tamam başqa bir ölçüdə, biçidə, yükdədi:

 

Yerdə qalan nədir ki...

Yerdə qalan azdır, az, -

Beş-üç payız, beş-üç qış,

Bir də bəlkə, beş-üç yaz.

 

Doğurdan da, əgər ömrü beş gün hesab ediriksə, hətta zarafatla deyiriksə, şənbə-bazarın buna dəxli yoxdur. Onda niyə bu beş günün qədrini bilmirik, onu dəyərləndirmirik. Az və ya çox olduğunun fərqinə varmırıq. Mən də şair dostumun, ustadımın həmin fikrinə qoşularaq mözunun başqa bir səmtindən öz istəyimi, öz pıçıltımı misralayıram. Mən də yazıram ki:

 

Hər gün sənə zəngimi

Azaldıram...bir...iki...

Özüm də zəngim kimi –

Azalıram...bir...iki...

 

Doğurdan da, əgər maraq, istək, hətta sevgi azalmağa doğru gedirsə və biz də onu görüb məntiqi bir nəticə çıxarmırıqsa, burda günahkar axtarmağa daha lüzum yoxdur. Çünki günah da, günahkar da ortadadır. Və ortada olan həmin o günah da, günahkar da anlamalıdır ki, söhbət beş-üç gündən gedir. Bax, bunu anlamaq yolunu tam səmimi və özü də oynaq bir dillə Çingiz Əlioğlu şeirə gətirib. Əgər xatırlayırsınızsa, adamlar bəzən bir-birinin yaşını bayramlarla hesablayırdılar və deyirdilər ki, mən filankəsdən iki bayram böyüyəm. Təbii ki, söhbət burda iki ildən gedirdi. Elə Çingiz Əlioğlu da o xalq ruhundan qaynaqlanan fikiri bu cür ifadə edib:

 

Yerdə qalan nədir ki...

Beş-üç bayram, beş-üç toy.

Bir də... beş-üç dərd-qəmi

Sən bunların üstə say.

 

Bax, həqiqət budur və biz o beş-üçlərlə, bayramlarla, toylarla, dərdlə, qəmlə ömrü üyüdürük və bizə nə qalır. Çax-çaxın səsi, yoxsa yaşanmış normal bir ömür?! Bu sual hər gün, hər an o adamın qarşısını kəsir ki, həmin o adam ömrün gün batanına doğru üz tutub gedir. Özü də təəssüf edə-edə. Mən də həmin adamın toz qonmamış izi ilə addımlayarkən bu misraları pıçıldayıram:

 

Nəm daş kimi çopuram

Damla-damla qopuram...

Qopub yerə hopuram –

Sozalıram...bir...iki...

 

Xəyalım lələk salır

Gözündən ələk salır!

Ruhum da bələk salır –

Söz oluram...bir...iki...

 

Gördünüzmü, necə də sözə çevrilirəm, dilə-ağıza düşüb qınaq yeri oluram. Çünki nə ruhumun, nə ürəyimin səsinə zamanında səs verməmişəm. Gözüyumulu, dəliqanlı bir həyatın çaparı olmuşam. Nəticəsi də qazandığım həsrət, kədər, ağrılar və bir də bitməkdə olan limit. Təbii ki, ömür limiti. İndi anladığım bu gerçəkliyə Çingiz Əlioğlu misralarında mən 1983-cü ildə rastlamışdım. Çox təəssüf ki, yaşadığım tarixi zaman, baş verən hadisələr onu unutdurmuşdu mənə. Bu gün isə yenidən həmin şeiri oxuyub, həmin misraların fikir yükünü çözəndə, nə qədər böyük itkiyə məruz qaldığını anlayıram. Bu da gecikmiş anlamaqdır. Çingiz Əlioğlu isə onda da, indi də yazıb və deyir:

 

Yerdə qalan nədir ki...

Beş-üç görüş, ayrılıq.

Sonra...uzun bir yuxu...

Bir də gizli...bir ümid –

Bəlkə...bir də ayrıldıq...

 

Hə, bax elə o bəlkənin, yəni Çingiz Əlioğlununun işarə etdiyi azacıq ümid bəlkəsinin ətəyini əldən buraxmayım, yapışım ondan. Yolumu, izimi təzələmək üçün, böyük ümidə qovuşmaq üçün. Sənin kipriyini kölgəsində arzularımı çiçəkləndirmək üçün. Sənin yanında olmaq, səndə tamlanmaq üçün. Çox da ki, yolum əvvəldə dediyim kimi, ömür dağından aşıb. Amma hələ hər şey bitməyib, qurtarmayıb. Bunu təkcə mən demirəm, bunu böyük qardaşım, ustadım Çingiz Əlioğlu da deyir. O vurğulayıb, mən də ondan öz səviyyəmdə nəticə çıxarmışam və şeirini belə tamamlamışam:

 

Yolum haqqa-gorgaha...

Nə bax, nə də sor daha!

Külüm deyil, qor, daha –

Toz oluram...bir...iki...

 

Bəli, mən saya-saya, saymaq öyrənənlərdən fərqli olaraq Çingiz Əlioğlu şeirinin diktəsində hələ ümidin bitmədiyinə əminlik qazandım. Necə deyərlər, ustadım bu dəfə də əlini mənə uzatdı. Allah ona ömür versin. Sağ olun, Çingiz Əlioğlu, yaxşı ki, varsınız!

TƏQVİM / ARXİV