adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dəyərlər daşıyıcısı idi - Bəxtiyar SADIQOV yazır

BƏXTİYAR SADIQOV
628 | 2022-09-30 10:16

Qayda budur, igid gedər ad qalar,

Yaxşıdan da, yamandan da ağızda bir dad qalar!..

Bəli, insanlar bu dünyanı tərk etdikdən sonra da doğmaları, dostları, ünsiyyətdə olduqları adamlar tərəfindən vaxtaşırı xatırlanırlar.

Nədənsə biz insanları itirdikdən sonra qədirlərini daha çox bilir, layiq olduqları qiyməti veririk.

Hərdən sağlıqlarında kifayət qədər dəyər verdiklərimizin də yerləri boş qaldıqdan sonra o yerin bir daha "dolmayacağını" ürək ağrısı ilə dərk edirik...

Söylədiklərimiz daha çox özlərində xalqımızın milli-mənəvi dəyərlərini, vətənpərvərlik, müdriklik, səbirlilik, səmimilik, xeyirxahlıq, uzaqgörənlik, ehtiyacı olana əl tutmaq kimi keyfiyyətlərin daşıyıcısı sayılan insanlara aiddir. 

Həm də ürək dostlarımıza...

Bütün bu keyfiyyətlərin daşıyıcılarını isə yığcam şəkildə Azərbaycan dilinin ən qiymətli kəlmələrindən sayılan "ağsaqqal", "yaxşı adam", "mərd insan" sözləri ilə ifadə edirik.

Bir məqamı da vurğulayaq:

Xalqımız heç zaman saqqalı ağ olana ağsaqqal deməyib!

Sınamadığını, yaxından tanımadığını, xeyirxah əməllərini görmədiklərini heç halda yaxşı adam adlandırmayıb!

"Tərəzi funksiyası" daşıyan el gözü isə heç zaman səhvə yol vermir.

***
Uzun illər Milli Məclisin deputatı olmuş, Respublika Ağsaqqallar Şurasına rəhbərlik etmiş Fəttah Heydərovla tanışlığımız elə Milli Məclisdə başlamışdı.

 Parlamentdə "köhnə deputatlar"ın qeyri-rəsmi şəkildə deputat İmamverdi İsmayılovun "sinifkom"luğu ilə təsis etdiyi "Ağsaqqal deputatlar klubu"nda isə yaxınlığımız yarandı.

 

Hamımız onu hörmətlə "Fəttah müəllim" deyə çağırar, o olmayan yerdə "Fəttah kişi" deyib xatırlayardıq.

Ona "Fəttah dayı" deyənlər də çox idi.

Adına qoşulan bu üç ifadənin hamısı ona yaraşardı.

Çünki həyatda bu hörmətli adları öz əməlləri ilə qazanmışdı.

Bizi yaxınlaşdıran ən mühüm amil isə hər ikimizin qəzetə olan sevgisi, isti münasibəti idi.

Fəttah Heydərov 1966-cı ildən 1995-ci ilədək Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, sonra iki rayonun birinci katibi, ən nəhayət, muxtar respublikanın mədəniyyət naziri vəzifəsində çalışarkən daim mətbuatla işləmiş, ideoloji işlə məşğul olmuşdu. Odur ki, qəzeti, qəzetçiliyi yaxşı bilirdi, uğur və nöqsanları dərhal görür, qiymətləndirir, dəyərli tövsiyə və fikirlərini söyləyirdi.

 O, gündəlik mətbuatı diqqətlə izləyir, vaxtaşırı özü də məqalələr yazır, açıqlamalar verir, siyasi həyatda fəal iştirak edirdi. Söhbətlərindən aydın görünürdü ki,

"Azərbaycan"da gedən əksər yazıları oxuyur. Uğurlu yazı görəndə dərhal qeyd edir, ruhlandırırdı. Nəzərimizdən qaçan bir nöqsan olanda isə diqqəti ona yönəldir, ustalıqla, ehmallıqla tənqidi fikirlərini söyləyirdi.

Beləcə, xeyirxahlıq müstəvisində qəzetçilik dostluğumuz yarandı, sonra Ağsaqqallar Şurasının tədbirlərində əməkdaşlığa çevrildi.

Fəttah müəllim geniş dünyagörüşünə, zəngin təcrübəyə malik insan idi. Bir gün belə mütaliədən qalmırdı. Ən çox oxuduğu da tariximizə dair bədii və sənədli əsərlər olardı.

Söhbət əsnasında yeni oxuduğu əsərlərdən misallar gətirər, müqayisələr aparar, maraqlı, ibrətamiz nəticələr çıxarmağı bacarardı.

Həm də oxuduqlarını bizimlə bölüşərək bizi də zənginləşdirərdi.

Fəttah müəllimin səbrinə və təmkininə həsəd aparmaq olardı. Hətta daxilən hirslənsə, hövsələdən çıxsa belə, üzdə hiss edilməzdi. İnsanları səbirlə sonadək dinləyər, məsələnin mahiyyətini aydınlaşdıran suallar verər, sonra öz qərarını bildirərdi.

Prinsipiallığına isə söz olmazdı. Uzun-uzadı mübahisə etməyi sevməzdi. Faktlarını, arqumentlərini söyləyər, dediklərini əsaslandırar, fikrində qəti olduğunu anladardı.

Məsələ uzadılanda isə, necə deyərlər, ucun tutub ucuzluğa getməzdi. Son sözünü söyləyib mövqeyini bir daha açıq göstərər, fikrində israrlılığını bildirərdi. Ya da son sözünü deyərək məsələnin bitdiyini anlatmaq mənasında otağı tərk edərdi.

***
Milli Məclisin hər bir üzvü təqribən 30-40 min seçicini təmsil edir. Öz deputatlarına parlamentə düşmək üçün səs verən insanlar pozulmuş hüquqlarının bərpası, yaxud hansısa problemlərinin həlli üçün vaxtaşırı millət vəkillərinə müraciətlər edir, məktub yazır, görüşürlər. Deputatların isə həmin xahiş və tələbləri ödəmək üçün bir imkanı var: şifahi, yaxud yazılı formada hansısa ünvana sorğu göndərmək, məsələnin müsbət həllinə nail olunması üçün kimdənsə xahiş etmək!

Təbii ki, sözükeçən deputatlar daha çox insanı razı salır (hərçənd ki, "yüz faizlik razılıq" mümkün deyil), daha çox müraciəti müsbət həll edir. Onlardan "razılıq faizi" də yüksək olur. Ən çox seçici müraciətini uğurla həll edən deputatlardan biri Fəttah müəllim sayılırdı.

Əvvəla, insanlara dayaq durmağı, kömək etməyi sevir, buna həmişə can atırdı.

İkincisi, böyük hörmət sahibi olduğundan müraciət etdiyi məmurlar, səlahiyyət sahibləri sorğularına isti yanaşar, həllinə çalışardılar.

Üstəlik, Respublika Ağsaqqallar Şurasının sədrinin sözünü kimsə diqqətdən kənarda saxlamazdı.

Bəzən biz deputatların da Fəttah müəllimdən xahişləri olurdu: Onun hörməti hesabına öz seçicimizin arzusunu gerçəkləşdirmək istəyirdik. 

Fəttah müəllim bu məqamda da ayrı-seçkilik salmaz, düzələn işə dəstək verərdi.

***

Fəttah Heydərov Respublika Ağsaqqallar Şurasının sədri seçildikdən sonra bu qurumun fəaliyyəti xeyli canlandı və genişləndi, nüfuzu yüksəldi. Respublikanın hörmətli insanları, ziyalıları, alimləri, tanınmış simaları qurumun işinə cəlb olundu, keçirilən tədbirlərin sayı və sanbalı daha da artdı. Özü də Ağsaqqallar Şurası öz fəaliyyətini təkcə paytaxt Bakı ilə məhdudlaşdırmır, regionlarda da intensiv tədbirlər keçirirdi.

Dövlətin siyasətinin izahına, görülən işlərin təbliğinə, qüvvələrin qarşıdakı vəzifələrin həllinə səfərbərliyə alınmasına xidmət edən tədbirlər üstünlük təşkil edərdi. Ağsaqqal sözündən, ağsaqqal nüfuzunun gücündən istifadəyə diqqət artırılardı. Fəttah müəllim hər rayonda, hər şəhərdə keçirilən tədbirlərə hökmən yerli gənclər təşkilatının nümayəndələrini, çoxsaylı gəncləri də dəvət edərdi.

"Qoy dövlətin gördüyü və görəcəyi işlərdən yaxından xəbərdar olsunlar, yaşlı nəsildən dövləti sevməyi və ona təmənnasız xidmət etməyi öyrənsinlər" - deyərdi.

Bir neçə il ardıcıl rəsmi dövlət qəzeti olaraq həmin tədbirlərin, görüş və müzakirələrin iştirakçısı olduq.

Hər bir tədbirin hazırlanması, həmin görüşdə hansı mövzunun müzakirəyə çıxarılması, yaxud hansı yeni kitabın təqdimatının keçirilməsi, eyni zamanda çıxışçıların müəyyənləşdirilməsi və digər məsələləri birlikdə müzakirə edib razılaşardıq. Fəttah müəllim heç zaman özünü yuxarı tutmaz, yalnız öz dediyini, istədiyini yeritməyə çalışmazdı.

Müsahibini eşidərdi, razılaşardı, mübahisəli məqamda ortaq məxrəcə gəlməyi bacarardı.

Fəttah müəllim həm də yumşaq ürək sahibi idi. İnsanlara "yox" deməkdə çətinlik çəkirdi.

"Dəyirmi masa"larda adətən 8-12 nəfər çıxışçı nəzərdə tutardıq. Həm tədbir uzanmasın, həm də insanlar yorulmasın mülahizəsi ilə... Sonralar regionlarda keçirilən "dəyirmi masa"lara maraq o qədər artdı ki, onu nəzərə alaraq tədbirin keçirildiyi yerə yaxın rayonlardan da nümayəndələr çağırmağa başladıq. Hər rayondan bir ağsaqqala və bir nəfər gəncə söz veriləndə isə çıxışçıların sayı artır, tədbir uzun çəkirdi. Fəttah müəllimin səhhətində müəyyən problem olduğundan hərdən yorulduğunu hiss edərdim: "Bəlkə siyahıdan kənara çıxmayaq, digərlərinə söz verməyək" - deyərək təklif edəndə razılaşmazdı: "Durub ordan bura gəliblər, necə onlara danışmaq imkanı yaratmayaq" söyləyərək etiraz edərdi. Əslində, insanların istəyini ödəmək üçün narahatlığa dözər, xəstəliyinə əhəmiyyət verməzdi!

Belə insan idi Fəttah kişi!
***
Müstəqilliyimizin ilk illərində, xüsusən 90-cı illərin əvvəllərində Azərbaycanda ciddi proseslər və çalxalanmalar baş verdi, bəzi insanlarda mövqe müxtəlifliyi, əqidə dəyişkənliyi yarandı.

Yolundan azan, müxtəlif vədlərə uyan, yanlış mövqe tutanlar da az olmadı.

Müxtəlif təsirlərə düşərək yanılanlar, Azərbaycanın fəlakətə doğru getdiyini anlamayanlar da vardı.

Fəttah müəllim bu təlatümlü günlərdə, qanlı-qadalı illərdə bir dəfə də olsun əqidəsindən dönmədi, yalnış hərəkətə yol vermədi.

Ulu Öndər Heydər Əliyevə daim sadiq oldu, Azərbaycanın, müstəqilliyimizin xilasının yalnız bu dahi insandan asılı olduğunu bilirdi, bunu hamıya da çatdırmağa çalışırdı.

Ümummilli Liderimiz böyük siyasətdən müvəqqəti ayrılarkən, Naxçıvanda ömrünün ən çətin və sınaqlı günlərini yaşayarkən onun yanından ayrılmadı, tapşırıqlarını qətiyyətlə icra etdi. Həm insan kimi, həm də siyasi xadim kimi müstəqil Azərbaycanın qurtuluş və xilası yoluna sədaqətini dəfələrlə göstərdi. 

Zaman hər şeyi öz yerinə qoyandan, Ulu Öndərimiz yenidən ölkə rəhbərliyinə qayıdaraq hakimiyyət sükanı arxasına keçəndən sonra buna ən çox sevinənlərdən biri

Fəttah müəllim oldu. Lakin mübarizə hələ bitməmişdi. 1994-cü ilin 4 oktyabr və 1995-ci ilin 13-18 mart dövlət çevrilişi cəhdləri də xalqımız, ölkə vətəndaşlarının hər biri üçün əsl sınağa çevrildi. Bu dəfə də Xalq - Heydər birliyi qalib gəldi. 

Çətin quruculuq illəri, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədiliyə çevrilməsi dövrü başladı. Fəttah müəllim bu dövrdə də öncüllər sırasında idi. Nüfuzlu ağsaqqal sözündən istifadə edərək insanların səfərbərliyə alınmasında, doğru yola yönləndirilməsində köməyini əsirgəmirdi.

Altı dəfə Milli Məclisə deputat seçildi, "Şöhrət", "Şərəf" ordenlərinə layiq görüldü.

"İstiqlal" ordenini isə ona möhtərəm Prezidentimiz cənab İlham Əliyev təqdim etdi, haqqında dəyərli, xoş sözlər söylədi.

Son dövrlərdə bir neçə dəfə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləndə daxili Nizamnaməyə uyğun olaraq onu parlamentin ən yaşlı və ağsaqqal deputatı kimi Fəttah

Heydərov açırdı, prosedura uyğun məsələlərin həllində iclasa sədrlik edirdi...

VI çağırış Milli Məclisin payız sessiyasının budəfəki iclasını isə əziz dostumuz və ağsaqqal deputatımız Fəttah Heydərovsuz keçiririk...

Fəttah müəllim Fəxri xiyabanda uyuyaraq əbədi dünyasını yaşayır...

Əziz xatirəsi isə doğmalarının, dostlarının, əqidəli insanların qəlbindədir...

Bəli, nə vaxtsa insan işıqlı dünyadan köçür, xeyirxah əməlləri, qazandığı yaxşı ad, Vətənə sədaqətli xidmət örnəyi isə daim yaşayır...

 

"Azərbaycan" qəzeti

TƏQVİM / ARXİV