adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: «Vətən Kitabı»

ƏBÜLFƏT MƏDƏTOĞLU
723 | 2021-11-26 15:26

Hacı Əkbər Rüstəmovu Azərbaycanda hər kəs tanıyır. Qarabağda, Ağdamda təkcə özü yox, həm də tələbələri, eləcə də oğlu torpaqlarımızın işğalçılarına qarşı döyüş meydanında göstərdikləri şücaətlə onlar adlarını tariximizə yazıblar. Müəllimin öz yetirmələri ilə bir səngərdə olması ayrı bir mövzu, ayrı bir qəhrəmanlıqdı.

Bugünlərdə Hacı Əkbər Rüstəmovun növbəti kitabı işıq üzü görübdü. Kitab Birinci Qarabağ savaşının qəhrəmanları barəsindədir, onların döyüş yolundan bəhs edir. Özünün «Qapımı Vətən döydü» adlı ilk kitabının bir növü, davamı olan bu yeni kitabda da Hacı Əkbər Rüstəmov reallıqları, gerçəklikləri, yaşadığı və şahidi olduğu məqamı oxuculara bir ürək ağrısı ilə təqdim edib. Bu müəllifin keçdiyi döyüş yolunun sanki təkrar yaşamasıdı.

Düşünürük ki, əvvəlki kitabı kimi dəyərli qazimizin, müəllimimizin bu kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq.

 

***

«Canlı əfsanə»

Şahlar Baba Şuşalının müəllifi olduğu bu kitab da Qarabağdan, daha doğrusu, Birinci Qarabağ müharibəsinin artıq əfsanələşmiş qəhrəmanları olan Hacı Əkbər Rüstəmov və onun oğlu Sənan barəsindədir. Bu gün cənnətdə – Tanrı dərgahında olan Sənanın öz atası ilə birlikdə keçdiyi döyüş yolu bu iki hissədən ibarət olan əsərdə poetik şəkildə öz ifadəsini tapıbdı. Müəllif həm yaddaşlara köçmüş əfsanənin, həm də bu gün aramızda olan canlı əfsanənin, yəni Hacı Əkbər Rüstəmovun obrazını şair peşəkarlığı ilə qələmə alıb.

Müəllifin poeziyanın imkanlarından istifadə etməklə oxuculara təqdim etdiyi kitabda hər iki əfsanənin, yəni Sənanın və Hacı Əkbər Rüstəmovun, həmçinin onların döyüş dostlarının rəngli şəkilləri də yer alıbdı. Bu da onu göstərir ki, müəllif öz qəhrəmanlarının həyat yolunu mükəmməl öyrənib və öyrəndiklərini də böyük sevgi ilə, poetik bir dillə oxuculara çatdırıb. Hər iki məqam şəhidlərin və qazilərin bizim üçün nə qədər əziz olduğunun real göstəricisidir.

TƏQVİM / ARXİV