Ən güclüsü 5,8 bal gücündə olan silsilə zəlzələlərdən sonra şənbə günü Efiopiyada təxliyələr başlayıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələlər aylarla davam edən intensiv seysmik fəaliyyətdən sonra əsasən Afar, Oromiya və Amharanın kənd yerlərində baş verib. Hələlik insan tələfatı barədə məlumat yoxdur.
Efiopiya hökumətinin rabitə idarəsi, təsirə məruz qalan ərazilərdə təxminən 80,000 insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü açıqlayıb.
“Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır”, - deyə məlumatda bildirilir. Dəymiş ziyanı qiymətləndirmək üçün ekspertlər göndərilib.
Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyasının yüksək vəzifəli rəsmisi hesab edir ki, ən azı 2000 nəfər artıq evlərini tərk etmək məcburiyyətində qalıb.