adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yol polisi uşağı xilas etdi...

FAİQ QİSMƏTOĞLU
642 | 2022-07-06 12:54

Bakı-Quba avtomobil yolunda xidmət aparan birinci tağımın əməkdaşı, polis baş serjantı Şükür Telman oğlu İsgəndərovun bu nəcib hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən də alqışlanıb
 
Respublikanın avtomobil yollarında yay mövsümü ilə əlaqədar olaraq istirahətə gedənlərin sayı əvvəlki vaxtlarla müqayisədə xeyli artıb. Təbii ki, bu da nəqliyyat vasitələrinin intensiv hərəkətinə səbəb olub. Əlbəttə, sürücülər ilk növbədə hərəkətin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına birmənalı olaraq əməl etməlidilər. İlk növbədə sürət həddinə, ötmə əməliyyatına, manevr qaydalarına və avtomobilin texniki sazlığına diqqət yetirməlidirlər. Bununla yanaşı, onlar hərəkətdə olarkən ara məsafəsi saxlamalı və sükan arxasında spirtli içki qəbul edib əyləşməməlidilər.

Birmənalı olaraq Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları bütün qayda pozuntularına qarşı davamlı olaraq ciddi tədbirlər həyata keçirirlər. Əgər düşünsək ki, Bakı-Quba avtomobil yolunda çoxlu sayda istirahət mərkəzləri, məkanlar var, bax, onda hər bir sürücü həmin yerə gedib çatmaq üçün daha məsuliyyətli olmalı, bir an olsun belə səhlənkarlığa yol verməməlidilər.

Məsələnin ən yaxşı tərəflərindən biri ondan ibarətdir ki, adını çəkdiyimiz tağımın əməkdaşları sürücülərin və hərəkət iştirakçılarının maarifləndirilməsini həmişə diqqət mərkəzində saxlayırlar. Bir qayda olaraq sükan arxasında yuxulayan və sərnişindaşınması ilə məşğul olan sürücülərə qarşı yol polisinin tələbkarlığı daha da artıb. Çünki heç kimsə sirr deyil ki, isti havalarda kondisionersiz və hətta kondisionerli avtomobillərdə belə sürücülər bir anlıq yuxulayırlar. Bir anlıq yuxulama isə ağır qəzaya yol açır. Ona görə də birinci tağımın əməkdaşları bu cür halların qarşısını almaq üçün stasionar postda sürücülərlə və hərəkət iştirakçıları ilə davamlı olaraq maarifləndirici söhbətlər aparırlar. Təbii ki, bu cür təbliğat və izahat işlərinin müsbət nəticəsi olur, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.

Birinci tağımın əməkdaşları son vaxtlar normadan artıq yük daşıma qaydalarının pozulması hallarına qarşısının alınması istiqamətində də profilaktik tədbirlər gerçəkləşdirir. Hamıya gün kimi aydındır ki, yay vaxtında asfalt örtük daha tez deformasiya uğrayır və nəticədə normadan artıq yük daşıyan ağır tonnajlı maşınların ağırlığına bu yollar tab gətirmir. El dilində demiş olsaq, həmin yollar dağılır. Məhz buna görə də Bakı-Quba avtomobil yolunda normadan artıq yük daşıyan müxtəlif markalı maşınların sürücülərinə qarşı inzibati tədbirlər həyata keçirilir. Daha doğrusu, Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq normadan artıq yük daşıyan sürücülər 600 manat məbləğində cərimə olunurlar. Artıq onlarla bu cür qaydanı pozan sürücü barəsində inzibati protokol tərtib edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində artıq bu istiqamətdə normadan artıq yük daşıyan avtomobillərin sayı azalıb və onu idarə edən sürücülər məsuliyyət hissini artırıblar.

Bir faktı da qeyd edək ki, birinci tağımın xidmət apardığı avtomobil yolunda qeyd etdiyimiz kimi, hərəkət intensivləşib. Belə bir anda təbii ki, hər bir sürücü və hərəkət iştirakçısı mövcud qaydalara riayət etməlidir. Bu yaxınlarda avtomobillərin sürətlə hərəkət etdiyi dördzolaqlı bu yolda bir uşaq köməksiz vəziyyətdə yolun ortasında qalıb. Çox təəssüf ki, onu görən hərəkət iştirakçıları uşağa lazımi köməklik göstərə bilməyiblər. Təbii ki, uşaq özünü itirə bilərdi, çaşardı və sürətlə hərəkət edən avtomobillərin yoluna çıxardı və nəticədə bədbəxt hadisə baş verə bilərdi. Amma nə yaxşı ki, Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşı, polis baş serjantı Şükür Telman oğlu İsgəndərov həmin istiqamətdə xidmət apararkən o uşağın yolun ortasında qaldığını görüb, ona yerindən tərpənməməyi məsləhət bilib və uşağı götürərək təhlükəsiz yerə aparıb. Polis baş serjantı Şükür İsgəndərovun bu nəcib hərəkəti hamı tərəfindən böyük hörmətlə qarşılanıb və eyni zamanda sosial şəbəkə istifadəçiləri Şükürün bu nəcib hərəkətini alqışlayıb, yol polisinə öz təşəkkürünü bildiriblər.

Ümumiyyətlə, yol hərəkəti qaydasının qorunmasında və təhlükəsizliyin təmin edilməsində nəinki sürücülər, o cümlədən bütün hərəkət iştirakçıları böyük məsuliyyət daşıyırlar. Xüsusən də piyadalar Bakı-Quba yolunda gecə saatlarında yolu keçmək istəyərkən mütləq təyin olunmuş yerdən, yerüstü keçiddən istifadə etməlidilər. Çünki gecələr bəzən işıqlandırma normal olmur, sürətlə gələn avtomobilin sürücüsü təyin olunmamış yerdən keçən piyadanı vaxtında görə bilmir və nəticədə piyada vurma halları yaranır.
Ona görə də birinci tağımın əməkdaşları piyadaların maarifləndirilməsi istiqamətində də çox önəmli işlər görürlər. Bir sözlə, bu istiqamətdə hərəkətin təhlükəsizliyi yolu polisi tərəfindən yüksək səviyyədə təmin edilib. Deməli, sürücülər və hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməklə öz həyatlarını mövcud təhlükədən xilas etmiş olarlar.

TƏQVİM / ARXİV