GÖZ YAŞLARIMLA SULAYACAM SƏNİ, GİLAS AĞACI - Aqil ABBAS yazır

AQİL ABBAS
55578 | 2024-11-20 18:00

Şəhər işğaldan azad olunandan sonra, elə bu ay idi, Ağdama ilk səfərim. Pənah xanın İmarətdə məzarını və Ağdam məscidini ziyarət edəndən sonra gənc dostum Məmməd Əliyevə dedim:

- Qardaşoğlu, gedəkmi bizə?

Ətrafdakılar təəccüblə baxdılar. Heç bir istinad nöqtəsi olmayan, viran olmuş bu şəhərdə kimsə öz evini tapa bilərmi? Bunu televiziyada da demişəm, yenə də təkrar edirəm. Oğlanlarım soruşmuşdu ki, ata, Ağdamda evinizi tapa bilərsən?

Mən də gülüb:

- İt iyləyib yiyəsini tapan kimi, mən də it kimi iyləyib evimizi tapacam, narahat olmayın.

28 il Ağdamı yuxularımda görmüşəm. Dəfələrlə qəzetdə viran qalmış Ağdamın şəkillərini dərc etsəm də, yuxuda həmişə Ağdamı abad görmüşəm, gözəl görmüşəm, bağlı-bağatlı görmüşəm. İndi də yuxuma elə girir. Hərçənd ki dəfələrlə ermənilərin viran etdiyi Ağdamı küçə-küçə, kəndbəkənd, qəbiristanlıq-qəbiristanlıq gəzmişəm.

Məmmədlə tərpəndik evimizə. Bu şəhərin abadlaşdırılmasında, bu şəhərin tikintisində Məmmədin babası, vaxtilə Ağdam rayon Partiya Komitəsinin birinci katibi olmuş Məmməd Əliyevin və Məmmədin atası Nizami Əliyevin böyük xidmətləri olub. Dedim, yeri gəlmişkən, hamı bilsin.

Hə, tərpəndik bizə tərəf. Məhləmizə bir əlli metr qalmış uzaqdan görünən hündür bir gilas ağacını göstərib dedim, Məmməd, bizim həyət odu.

O gilas ağacını pöhrə vaxtı öz əllərimlə əkmişdim. 61-62-ci illərdə atam bu evi həmin vaxtı Ağdamın baş memarı işləmiş bir rusdan almışdı. Köpəyoğlu 8 sot həyətdə bir ağac da əkməmişdi. Sonradan öyrəndim ki, o vəzifəsindən istifadə edib belə evləri tikib satırmış. Nə isə..

Həyətdəki fındıq ağacından başqa, bütün ağacları mən əkmişdim, özü də 3-cü, 4-cü sinifdə oxuyurdum. Əsasən kəndimizdən gətirirdim. Amma bu gilas ağacının pöhrəsini Kənd Təsərrüfatı Texnikumunun həyətindən oğurlamışdım. Elə sürətlə böyüdü ki, qara bildirçin yumurtası boyda meyvəsi olurdu. Ağacın bir tərəfi hasarın çölünə düşürdü. O məhlə uşaqlarının payı idi. Yuxarı hissəsini isə çıxıb yığa bilmirdik. O da quşların payı idi.

Bu gilas ağacı ilə tanıdım həyətimizi. Həyətə girəndə də ilk dəfə bu ağacı qucaqladım. Çox qəribədir, həyətimizdəki bütün ağacları faşistlər kəsmişdilər. Yabanı nar ağacları bitmişdi, bir də əncir ağacları. Hətta dağılmış evimizin içində də əncir ağacı bitmişdi.

Amma 27 ildən çox sahibsiz və susuz qalan gilas qurumamışdı. Möcüzə idi.

Yenə səfərim Ağdamaydı. Xanımıma dedim ki, gedək Zəfər gününü Ağdamda qarşılayaq, Ağdamda qeyd edək.

Postda sənədlərimizi yoxlayanda bir cavan qız məni nənəsinə göstərib dedi:

- Nənə, bax, Aqil Abbasdı.

Nənəsi üstümə yüyürüb məni qucaqlayıb ağladı:

- Məni tanımadın, Aqil? Qonşunuz Məhərrəm kişinin qızıyam. Səidəyəm. Bir məktəbdə oxumuşuq.

Nəinki özünü, bütün nəslini tanıdım. O vaxt gözəl-göyçək bir qız idi. Amma Ağdamsızlıq onu necə qocaltmışdısa, bircə gözləri həmin gözlər idi – şirin və qəşəng.

Sonra deyir:

- Televiziyada sənin Ağdamda əl qaldırıb oynadığını görəndə iki gün özümə gələ bilmədim. Ağladım sevindiyimdən. Hərdən uşaqlara deyirəm tapıb qoyurlar baxıram, yenə ağlayıram. Allah bu günləri bizə qismət elədi. Tez-tez gəlib dururam burda, şəhərin havasını alıram. Şəhərə gedənlərdən də xahiş eləmişdim ki, mənə evimizdən bir daş, bir də cır nar gətirsinlər. Sağ olsunlar, gətirdilər.

Yenə xanımımla maşınla küçələri keçərək gedirik evimizə. Bir həyəti göstərib deyirəm ki, bu bayaq ağlayan xanımgilin həyətidi.

Amma bu dəfə gilas ağacımız əvvəlki görkəmində görünmür: balacalaşıb və bir az da əyilib. Giririk həyətə. Gilas ağacını yenə qucaqlayıram. Xanımıma deyirəm:

- Gilas quruyub.

Xanımım:

- Gözlədi sizi, sən gəldin tapdın onu, sonra qurudu… Səni gözləmişdi… Day gəlib ev-eşiyinizə sahib çıxmısan.

Ha fikirləşirəm, 27-28 il qurumayan ağac indi niyə qurudu, yazıçı təxəyyülümü də işə salıram, tapa bilmirəm. Bəlkə qaravul çəkirmiş mən gələnədək həyətimizə. Gördü gəlmişəm vəzifəsini bitmiş hesab elədi.

O evi tikəcəm, əvvəlkindən də gözəl. Həmişə deyirdim ki, Ağdamı əvvəlkindən də gözəl tikəcəyik. Çünki o daşların arasına sevinc göz yaşlarımızı da qoyacağıq, bütün Ağdam çiçəkləyəcək.

Həyətimizdə də bütün ağacları yenidən əkəcəm. Gilas ağacı da, amma qurumuş gilas ağacını kəsməyəcəm. Qoy dursun. Və inanıram ki, ətrafdakı ağacların gözəlliyini görüb o yenidən cana gələcək, çiçəkləyəcək.

Xanımımla şəhəri gəzirik. Təzə tikilən binaların şəkillərini çəkir, videoya çəkir. Elə sevnir ki, Ağdamın yenidən tikilməsinə.

Və mənə ürək-dirək verir:

- Darıxma, Ağdam əvvəlkindən də gözəl olacaq.

Deyirəm:

- Gərək gilas ağacının da şəklini çəkərdik.

- Gələn dəfə gələndə çəkərsən.

 

Yazarın arxivindən

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV